Oğuz rayonunun Padar kəndinin yolları uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb.
Bu barədə yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, bu, sakinlərin gediş-gəlişində böyük problemə çevrilib. Sakinlər indiyədək kənd yoluna yalnız bir dəfə - sovet dövründə asfalt örtüyünün döşəndiyini bildiriblər. Bu yol isə uzun illər istismar olunduğundan yararsız vəziyyətə düşüb. Qeyd olunub ki, daşlı-kəsəkli yolda yaranan çalalar avtomobillərin rahat hərəkətinə maneə yaradır. Yağış yağdıqda isə palçıqlı yolda piyadalar çətinliklə hərəkət edirlər. Bir sözlə, qış aylarında kəndə gəlib-getmək problemə çevrilir.
Padar kənd bələdiyyəsindən isə bildirilib ki, yolda mütəmadi olaraq təmir-bərpa işləri aparılıb: "Lakin havaların əlverişsiz keçməsi nəticəsində Padar kəndinin daxili küçələrində müəyyən çalalar yaranıb. Bu da nəqliyyat vasitələrinin hərəkətində çətinliklər törətməklə narahatlığa səbəb olur".
Bələdiyyə sədri onu da əlavə edib ki, yolda bu il təmir işlərinin aparılması nəzərdə tutulub. O, həmçinin kəndin əsas və daxili yollarının ümumi uzunluğunun 4 km olduğunu xatırladıb.
https://report.az/infrastruktur/oguzda-kend-yolu-berbad-veziyyete-dusub/