"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədrləriylə ultimativ danışıq tərzi bizə nə vəd edir?

--2023-03-13 / 05:56

Bu günlərdə respublikamızın mərkəzi aran zonasındakı rayon icra hakimiyyətlərinin birində keçirilən tədbirlə bağlı diqqətimi çəkən maraqlı bir məlumat aldım. icra hakimiyyətində keçirilən müşavirədə diqqət mərkəzində bələdiyyələrin fəaliyyəti olub. Olsun. Çox gözəl. əgər məqsəd bələdiyyələrin fəaliyyətinə dəstək verməkdirsə, onda alqışlayıram.

Ancaq məlumatı oxuduqca narahat olmaya bilmirsən. Çünki bir tədbirdə bələdiyyə sədrlərinə yönələn bu qədər hikkənin hansı səbəbdən baş verdiyini təxmin etmək belə mümkün deyildi. Sual olunur, RiH başçısının müavini niyə və hansı səbəbə bələdiyyə sədrləriylə ultimativ tonda danışmalıdır. Ona bu səlahiyyəti kim verib? Və yaxud başçının birinci müavini hansı səbəbə örüş sahələrinin icarəyə verilməsini qəti şəkildə qadağan etməsini dilə gətirməli, üstəlik bütün hallarda RiH başçısından “razılıq almağın” zəruriliyini açıq şəkildə deməlidir. Həqiqətən başa düşülən deyil. Bu cür prosedur qaydası hansı normativ aktda qeyd edilib.

Belə olan halda tutaq ki, bələdiyyə sədri siyasi rəhbərlə görüşmək istəyindədir. Qeyd edim ki, yeni təyinat alanlar arasında yeni qəbul qaydasının tətbiq edilməsi artıq dəb halını alıb. Yəni sədr siyasi rəhbərlə görüşlə bağlı fikrini əvvəlcə başçının koməkçisinə məruzə edir. Köməkçi də, ürəyi istəsə, öz növbəsində başçıya deyir. Başçı isə sifariş göndərir ki, “dərdini” müavinə desin, onlar mənə deyərlər. Bələdiyyə sədri “dərdini” müavinə danışır. Müavində, sözsüz ki, özunə uyğun formatda, çox güman ki öz “oranjemanında” siyasi rəhbərə vəziyyəti nəql edir. Beləliklə, beş dəqiqləlik həll edilməli olan məsələ aylarla davam edir. Nəticə də tək bələdiyyə sədrləri deyil, həm də sakinlər narazı qalır. Ancaq sakin məsələnin mahiyyətini bilmədiyi üçün daha çox bələdiyyə sədrinin “yarıtmaz fəaliyyətindən” narazı qalır.

Adıçəkilən müşavirədə diqqətimi başqa bir məqam da çəkib. Yəni 8 mart Beynəlxalq Qadınlar günü ərəfəsində keçirilən müşavirədə iştirak edən xanımlar arasında yalnız RiH-də çalışan xanım məmurlara gül buketi hədiyyə edilib. Gündəlik olaraq tapşırıq verdikləri, seçki vaxtı əl-ayağa düşüb “seçdikləri” xanım bələdiyyə sədrlərini niyə bu dəfə diqqətdən kənarda saxlanılıb? Ayıb deyilmi? Müşavirədə iştirak edən 10-a yaxın xanım bələdiyyə sədrini diqqətdə saxlayıb hörmət əlaməti olaraq ayrı-seçkilik etmədən təbrik etmək olmazdımı? Olardı. Niyə də olmasın. Ancaq onun üçün bu addımı atan məmur gərək vaxtında təlimlə yanaşı, həmdə ali tərbiyə almalı idi. Nə isə...

Bəzi RiH məmurlarının bu cür yersiz və məntiqə sığmayan addımları onların cəmiyyətdəki çəki və nüfuzuna xələl gətirdiyini, gəlin unutmayaq. Məhz bəzi məmurların bu cür addımları regional idarəetməyə keçidi sürətləndirdiyini də etiraf etməliyik.

Onu da etiraf edim ki, xalqın xidmətçisi olmaq üçün hər bir vəzifə sahibi, o cümlədən RiH-dəki məmurlar, həm də bələdiyyə üzvləri çalışmalı və onlara göstərilən etimadı doğrultmalıdırlar. Bu hər iki qurumun üzərinə düşən əsas vəzifədir. Belə həssas məqamda bu qurumların əməkdaşlığa maraq göstərməsi bilavasitə onların borcu olmalıdır.

Gəncə, Səbail, Nərimanov, Sabunçu, şamaxı və Hacıqabul şəhər-rayon icra hakimiyyətində çalışanlar bələdiyyələri tərəf kim qəbul edərək əməkdaşlığa üstünlük verdikləri halda, bu fikri niyə başqa rayonlar barədə danışmaqda çətinlik çəkirik.

Bütün bunlarla yanaşı, yeni tətbiq edilməsi gözlənilən idarəetmə sistemində, inanırıq ki, bu cür problemlər yaradan məmurlara yer olmayacaq. Konkret...

P.S. Bu dəfə rayonun adını çəkmədim. Və həmin müşavirədə baş vermiş digər məqamlara toxunmadım. Düşünürəm ki, bu yazıdan sonra belə hallara yol verilməz

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyin sədri

ŞƏRHLƏR