“Ceyranbatan bələdiyyəsi olaraq, iki orta məktəbin istilik sistemini təmir etmıəklə, eyni zamanda 1 saylı orta məktəbdə təmir işləri həyata keçirmişik”. Bu fikirləri belediyye.info saytına Abşeron rayonu Ceyranbatan bələdiyyəsinin sədri Cavanşir Zeynalov deyib. Onun sözlərinə görə, bələdiyyə büdcəsi hesabına yeni yaşayış massivində 6 otaqlı tibbi-ambulatoriya tikilərək təhvil verilib: “O cümlədən qəsəbə ərazisində asfaltlama işləri aparılıb, bəzi məhəllələrarası yollara çınqıl tökülərək təmir edilib. Bakı-Sumqayıt yolunun qəsəbədən keçən hissəsində abadlıq işləri görülüb. Uşaq bağçası tikirdik, lakin maliyyə olmaması səbəbindən işlər yarımçıq qalıb.”
C.Zeynalov deyib ki, əmlak və torpaq vergisinin toplanması ilə bağlı bələdiyyə tərəfindən maarifləndirmə işləri aparılır: “Amma əhali vergiləri ödəmək istəmir. Hətta onlara poçtda hesab açdığımızı və sərbəst şəkildə vergiləri ödəməyi xahiş edirik. Ancaq vətəndaşlar maddi imkanların olmamasını bildirərək vergiləri ödəməkdən imtina edir. Bu baxımdan vergilərin toplanması çox zəifdir. Bəzilərinin heç əmlakının sənədləri yoxdur. əmlakın sənədi olmayanda da qiymətləndirmə apara bilmirik. Çünki qaydalar buna imkan vermir və ancaq sənədli mənzillərin sahiblərini vergiyə cəlb edirik. Çox təəssüf ki, sənədsiz mənzillər çoxdur və vətəndaşlar öz evlərini özəlləşdirə bilmirlər.
Bələdiyyə əlavə gəlir mənbəyi cəlb etmək imkanı yoxdur. Bunun üçün böyük maliyyə imkanları lazımdır, əmlak və torpaq vergisi ilə hər hansı əlavə layihə icra etmək mümkün deyil.
Bəxtiyar Məmmədli