Prezident ilham əliyevin tapşırığına əsasən pambığın alış qiymətinin artırılması Cənub bölgəsində də fermerlərin bu sahəyə marağını artırıb.
AZəRTAC xəbər verir ki, bu il ilk dəfə olaraq Cəlilabadda pambıq əkininə başlanılıb. Rayonda pambıqçılığın inkişaf etdirilməsi məqsədilə uzun müddət istifadəsiz qalan bələdiyyə torpaqları fermerlərə icarəyə verilib.
Rayonda pambıq əkini üçün sınaq məqsədi ilə ilkin olaraq 400 hektar sahə ayrılıb. Bu ərazilər rayonun nisbətən aran hissəsində yerləşən Təzəkənd və Sabirabad kəndlərini əhatə edir. Artıq 200 hektar sahədə əkin başa çatıb, qalan sahələr isə səpinə hazır vəziyyətinə gətirilib.
“Aqrolizinq” ASC-nin Cəlilabad filialının mühəndisi Namiq Niftəliyev bildirib ki, məhsul istehsalçılarına dəstək məqsədilə Kənd Təsərrüfatı Nazirliyindən rayona traktor verilib, gələcəkdə başqa aqreqatlar da gətiriləcək. Pambıq əkini rayonda ilk dəfə həyata keçirildiyi üçün bu işə mütəxəssislər cəlb olunub.
Yetişdiriləcək məhsul pambıq zavodlarına satılacaq. Bunun üçün fermerlərlə zavodlar arasında müvafiq müqavilələr imzalanıb.
http://azertag.az/xeber/951416