"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə üzvlərinin sayı azaldılmalıdırmı?

--2016-02-16 / 21:09

Müsahiblərimizin fikrincə, əsas məsələ bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi və müəyyən standartlara cavab verməsidir

Fevralın 12-də Milli Məclisin növbəti plenar iclası keçirilib. iclasın gündəmində olan müzakirə mövzularından biri də bələdiyyələrin fəaliyyəti olub. iclas zamanı ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Azərbaycanda bələdiyyə üzvlərinin sayının azaldılmalı olduğunu bildirib. S. Novruzov deyib ki, bələdiyyə üzvlərinin sayı minimum 1, maksimum 9-dək azaldılmalıdır: “Türkiyədə bələdiyyə üzvlərinin sayı kifayət qədər azdır. Növbəti seçkilərədək bu məsələlər qanunda öz əksini tapmalıdır. Elə kəndlər var ki, bələdiyyə üzvü seçməyə adam tapa bilmir. Bəzən 200 nəfər əhalisi olan kənddə 5 bələdiyyə üzvü seçilir. Məsələ diqqətdə saxlanılmalıdır”.
Məsələ ilə bağlı biz də ekspertlərin rəyini öyrəndik. Onlar bələdiyyə üzvlərinin sayının qanunvericiliklə tənzimlənməsinin vacib olduğunu bildirdilər. 
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev “Kaspi” yə açıqlamasında bələdiyyə üzvlərinin sayının qanunvericiliyin əsasları ilə nizamlanmalı olduğunu bildirdi. Millət vəkili dedi ki, bələdiyyə üzvlərinin sayı əhalinin sayına uyğun olaraq müəyyənləşdirilməlidir: “Qanunvericiliyə bu barədə müəyyən dəyişiklik edilməlidir. Bəzi kiçik kəndlər var ki, orada əhalinin sayı azdır və həmin kəndlərdən 5 nəfər bələdiyyə üzvü seçilir. əhalisinin sayı çox olan kəndlərdə isə 11 nəfər bələdiyyə üzvü seçilir. Bəzi yerlərdə isə bu rəqəm hətta 15-17 ola bilir. Lakin bələdiyyə üzvlərinin hər birinin ayrıca vəzifəsi var. Bu məsələ iclasda həmkarlarım tərəfindən də müzakirə mövzusu kimi ortaya qoyuldu. Onlardan bəziləri 17 nəfər bələdiyyə üzvünün çox olduğunu vurğuladı. Orada vergilər, qadınlar və uşaqlar və digər məsələlərlə bağlı müəyyən komissiyalar var ki, bələdiyyə üzvləri o komissiyalarda təmsil olunurlar. əgər bu məsələ gündəmə gəlirsə, təbii ki, ona qanunvericilik əsasında baxılmalıdır”. 
T.Rzayev zamanla özünü doğrultmayan bir neçə kiçik bələdiyyənin birləşməsinin daha məqsədəuyğun olduğunu bildirdi: “Dünya praktikasında bələdiyyə üzvlərinin seçimi əhalinin ixtiyarına buraxılır. Qanunda göstərilir ki, vətəndaşlar hər bir yaşayış məntəqəsində öz bələdiyyələrini yarada bilərlər. 1999-cu ilin 12 dekabr seçkilərindən sonra respublikada 2757 bələdiyyə yaradıldı. Hətta elə yerlər var idi ki, orada 40 nəfər yaşamasına baxmayaraq, müstəqil bələdiyyə yaradılmışdı. Birinci beşillik ərzində bir çox bələdiyyələr təhlil olundu və göründü ki, onlar həqiqətən də özünü doğrulda bilmir. Həmin bələdiyyələrin əmlakı yox idi, vergiləri yığa bilmirdilər. Buna görə də həmin bələdiyyələr birləşdi. Təxminən mindən artıq bələdiyyə birləşdirildi. iki il bundan öncə də bələdiyyələrin birləşməsi prosesi baş verdi. Təxminən 200-ə yaxın bələdiyyə birləşdi. Təxminən 1607 bələdiyyə orqanı qaldı ki, bu da Azərbaycan kimi kiçik ölkə üçün böyük rəqəmdir”. 
Millət vəkili bildirdi ki, bələdiyyələrin sayının azaldılması təkcə Azərbaycanda deyil, dünya ölkələrində də gündəmdə olan bir mövzudur: “əhalisi Azərbaycanın əhalisi ilə eyni olan bəzi ölkələrdə, məsələn, Monqolustan, Danimarka, Bolqarıstan, Latviya kimi ölkələrdə bələdiyyələrin sayı 250-300, çox nadir hallarda 600 təşkil edir. Bizdə bələdiyyələrin içərisində elələri var ki, onların fəaliyyəti həqiqətən də nəzərə çarpmır. Belə olan təqdirdə əhali arasında haqlı olaraq bələdiyyənin bir saxta qurum olması haqda fikir formalaşır. Bələdiyyələrin birləşməsi dünyada gedən bir prosesdir. 200-300 illik bələdiyyə tarixi olan ölkələrdə də hazırda bu proses gedir. Bu birləşmələr ərazi birləşmələri, bələdiyyələrin ittifaqı, iri bələdiyyələr şəklində gedir. 2009-2013-cü illərdə Azərbaycanda baş verən bələdiyyə birləşmələri müəyyən dərəcədə öz effektini göstərdi. əgər bələdiyyə işləmirsə, normal fəaliyyət göstərmirsə, onun üçün dövlət tərəfindən müəyyən xərclər çəkilir ki, bu xərclər boşuna getmiş olur. Belə iri birləşmələr olduqda isə əhali arasında bələdiyyələrə müəyyən etimad yaranır”. 

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin sədri Vüqar Tofiqli qəzetimizə açıqlamasında bələdiyyə üzvlərinin sayının azaldılmasının bələdiyyələrin fəaliyyətinə ciddi təsir etməyəcəyini bildirdi: “Bələdiyyə üzvlərinin sayı hazırda təxminən 16 min nəfər təşkil edir. Onların sayının azaldılması onların ümumi fəaliyyətinə o qədər də ciddi təsir edən amillərdən deyil. Bələdiyyənin fəaliyyətinin gücləndirilməsi və müəyyən standartlara cavab verməsi ilk növbədə bələdiyyə qanunvericiliyi ilə bağlı qanunların icra mexanizminin düzgün şəkildə qurulmasından asılıdır. əgər icra mexanizmləri düzgün şəkildə qurularsa və səlahiyyətlərin tam icrası ilə bağlı müəyyən addımlar atılarsa, bu struktur cəmiyyətdə öz sözünü demiş olar. icra mexanizmində müəyyən boşluqlar var. Həmin boşluqlar müəyyən edilib aradan qalxarsa, daha məqsədəuyğun olar”.

V.Tofiqli vurğuladı ki, bələdiyyə üzvlərinin hər biri hökmən məvacib almalı deyil: “Qanunvericilikdə bələdiyyənin bütün üzvlərinin məvacib almasının vacibliyi göstərilmir. Bələdiyyə ictimai əsaslarla idarə olunan və seçkili bir qurumdur. Onlar vətəndaşların problemlərini həll edən şəxslərdir. Onların əmək haqqı alması vacib deyil. əsas məsələ yerli əhəmiyyətli məsələlərin müstəqil şəkildə həllinə nail olmaqdır. Bələdiyyələrin ümumi sayının azaldılması prosesi artıq başlayıb. 2736 bələdiyyə təxminən 1100-ə qədər azaldılıb. Perspektivdə bu birləşdirmə prosesi davam edə bilər. Təbii ki, bu da seçicilərin özündən asılıdır. Seçici bələdiyyənin səmərəli fəaliyyət göstərmədiyini gördükdə bununla bağlı etiraz edə bilər. Lakin yenə də qeyd edim ki, burada əsasən icra mexanizminə diqqət yetirilməlidir”. 

şəbnəm Mehdizadə 

http://www.kaspi.az/news.php?id=27083

ŞƏRHLƏR