Bələdiyyə məsələləri üzrə ekspertdən maraqlı araşdırma:
Bələdiyyə üzvünün statusuna onun səlahiyyət müddətində fəaliyyət sahəsi, məsuliyyəti, hüquq və vəzifələri daxildir.
Azərbaycanda yerli özünü idarəetmə orqanı olan bələdiyyə sistemi qanunla müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüquqları əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial (məclis və yaxud bələdiyyə yığıncağı) orqandır. Bələdiyyələrin idarə edilməsi və mühüm məsələlərin həlli bələdiyyə məclisi (Bələdiyyə iclası) tərəfindən qəbul edilmiş qərarlar vasitəsiylə təmin edilir. Bələdiyyə iclası bələdiyyə üzvlərinin yarıdan çoxunun iştirak etdiyi təqdirdə səlahiyyətlidir və bələdiyyə üzvləri 5 gün əvvəl iclas barədə məlumatlandırılır.
Bələdiyyə məclisi (iclası) Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyə üzvlərindən formalaşır. Bələdiyyə üzvü dedikdə bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxs nəzərdə tutulur. Bələdiyyə üzvünün statusu Azərbaycan Respublikasının Konstitusiyası Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanuna, Bələdiyyə üzvünün statusu haqqında Azərbaycan Respublikasının Qanuna və bələdiyyələrin nizamnamələrinə əsasən müəyyən edilir və tənzimlənir.
Bələdiyyə üzvlərinin sayı Azərbaycan Respublikasının seçki məcləsinə və Bələdiyyələrə seçkilərin qaydaları haqqında Azərbaycan Respublikasının qanuna əsasən ərazidə yaşayan sakinlərin sayına əsasən müəyyənləşdirilir. Üzvlərin səlahiyyət müddəti 5 il müddət ərzində onun səlahiyyətləri təsdiq edildiyi gündən başlanır və bələdiyyənin yeni tərkibinin işə başladığı gün bələdiyyə üzvünün səlahiyyətlərinə xitam verilir. Bələdiyyə üzvləri seçicilər tərəfindən şəxsən və gizli səsvermə yolu ilə seçilirlər.
Qanunvericiliyə əsasən seçki günü 21 yaşı tamam olan və yaşı 21-dən yuxarı olan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər. Seçki günü məhkumluğu bitməmiş şəxslər bələdiyyə üzvü seçilmək hüququndan məhrumdurlar. Eyni zamanda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada fəaliyyət qabiliyyətsizliyi təsdiq edilmiş şəxslər və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1 maddəsində nəzərdə tutulmuş ağır cinayət hadisəsi ilə məhkum edilmiş şəxslər hətta məhkumluğunun bitməsindən və ya üzərindən götürülməsindən aslı olmayaraq bələdiyyə üzvü seçilə bilməzlər.
Namizədliyini irəli sürməyə hüququ olan istənilən Azərbaycan Respublikası vətəndaşının mənşəyinə, siyasi baxışlarına, sosial və əmlak vəziyyətinə, irqi və milli mənsubiyyətinə, cinsinə, təhsilinə, dilinə, dinə münasibətinə, məşğuliyyət növünə və xarakterinə görə seçki hüquqlarının qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, birbaşa, dolayısı ilə və ya başqa şəkildə məhdudlaşdırılması qanunvericiliyə əsasən qadağan edilmişdir.
Qanuna görə bələdiyyə üzvlərinin sayı ərazidə yaşayan sakinlərin sayına və mojiritar seçki sisteminə uyğun aşağıdakı formada müəyyənləşdirilir:
500-dən az əhalisi olan ərazilərdə - 5 bələdiyyə üzvü;
500-dən 1000-dək əhalisi olan ərazilərdə - 7 bələdiyyə üzvü;
1000-dən 5000-dək əhalisi olan ərazilərdə - 9 bələdiyyə üzvü;
5000-dən 10000-dək əhalisi olan ərazilərdə - 11 bələdiyyə üzvü;
10000-dən 20000-dək əhalisi olan ərazilərdə - 13 bələdiyyə üzvü;
20000-dən 50000-dək əhalisi olan ərazilərdə 15 bələdiyyə üzvü;
50000-dən 100000-dək əhalisi olan ərazilərdə - 17 bələdiyyə üzvü;
100000-dən 300000-dək əhalisi olan ərazilərdə - 19 bələdiyyə üzvü.
Bələdiyyə üzvünün bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərməsi qanunverciliyə zidd haldır. Beləki bələdiyyə qulluqçusu bələdiyyə üzvü seçildiyi gündən etibarən növbəti 3 gün müddətində həmən bələdiyyəyə ərizə ilə müraciət edərək bələdiyyə qulluğundan azad edilməlidir. Bələdiyyə üzvləri fəaliyyət formalarına və statuslarına görə iki qrupa bölünür.
Bələdiyyələrə seçkilərin qaydaları haqqında Azərbaycan Respublikasının qanuna əsasən icra hakimiyyəti orqanlarında işləyən vəzifəli şəxslər, hakimlər, hüquq-mühafizə orqanlarının işçiləri, din xadimləri, hərbi qulluqçular bələdiyyə üzvü seçilə bilməzlər. icra hakimiyyəti orqanlarında işləyən vəzifəli şəxslərin, hakimlərin, hüquq-mühafizə orqanlarının işçilərinin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alındıqdan sonra 3 gün ərzində onlar tutduqları vəzifədən azad olunmalı və bu barədə müvafiq sənədi ərazi seçki komissiyasına təqdim etməlidirlər. Bu qaydaya riayət olunmadıqda həmin şəxslərin qeydiyyatı ləğv edilir.
Seçkilər bitdikdə Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilər günündən başlayaraq ən geci 20 gün müddətində Azərbaycan Respublikası üzrə bələdiyyələrə seçkilərin yekunlarını elan edildikdən sonra Dairə Seçki Komissiyası tərəfindən bələdiyyə üzvünə seçkilərin yekunları elan edilir və 5 gün müddətində Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş nümunədə hər bir seçilmiş şəxsə bələdiyyə üzvü olduğunu bildirən üzvlük vəsiqəsi(Mandat) təqdim edilir. Seçilmiş hər bir bələdiyyə üzvü 6 aydan gec olmayaraq seçiciləri qarşısında hesabat verməyə borclu olmaqla yanaşı mütamadi olaraq seçiciləri ilə əlaqə saxlamalı, görüşlər keçirməli, seçicilərinin təkliflərinə, müraciətlərinə və şikayətlərinə baxmalıdır. Bu görüşlərin keçirilməsində bələdiyyə müəssisə, idarə və təşkilatları bələdiyyə üzvünü seçicilərlə görüşmək üçün köməklik göstərməlidirlər.
Bələdiyyələrdə öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvlərinin (sədr və onun müavinləri daxil olmaqla) say həddi hər bir bələdiyyədə qanunvericiliklə müəyyən edilmiş üzvlərin sayından asılı olaraq statusu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı kimi müəyyənləşdirilir:
5 və ya 7 üzvü olan bələdiyyələrdə — 2 üzv;
9 və ya 11 üzvü olan bələdiyyələrdə — 3 üzv;
13 və ya 15 üzvü olan bələdiyyələrdə — 4 üzv;
17 və ya 19 üzvü olan bələdiyyələrdə — 5 üzv.
Yalnız daimi yaşadığı və qeydiyyatda olduğu müvafiq ərazi üzrə namizədliyini irəli sürmüş və bələdiyyə üzvü seçilmiş şəxslər daimi yaşamaq üçün bələdiyyənin hüdudlarından kənara köçdükdə və ya başqa səbəblərdən öz bələdiyyə ərazisində bələdiyyə üzvlüyü vəzifələrini yerinə yetirə bilmədikdə, bələdiyyə üzvlüyü səlahiyyətlərini öhdəsindən götürməsi haqqında bələdiyyəyə ərizə verir. Növbəti bələdiyyə iclasında bələdiyyə üzvünün ərizəsinə baxılaraq qərar qəbul edilir və qəbul edilmiş qərar barədə müvafiq dairənin ərazisisində yaşayan sakinlər məlumatlandırılır.
Bələdiyyə üzvü daxili nizam-intizama riayət etməzsə, bələdiyyənin və onun komissiyalarının iclaslarında insanın şərəf və ləyaqətinə xələl gətirən kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verdikdə, başqalarını bu cür hərəkətlər etməyə çağırdıqda və yaxud ciddi hüquq pozuntusuna yol verərsə bələdiyyələrin nizamnamələrinə əsasən xəbərdarlıq, söz kəsmə, iclas zalından çıxarma, töhmət, bələdiyyə üzvünün səlahiyyətlərinə xitam verilməsi kimi cəza növləri ilə cəzalandırıla bilər.
Bələdiyyə üzvü yerli əhəmiyyətli məsələlərin həllində mühüm rola malik olduğu üçün səlahiyyətlərinin maneəsiz və səmərəli həyata keçirilməsinə, onun hüquqlarının, şərəf və ləyaqətinin qorunmasına dövlət tərəfindən təminat verilir. Həmçini bələdiyyədə daimi əsasla iş yeri kimi çalışmayan bələdiyyə üzvü səlahiyyət müddətində bələdiyyənin, bələdiyyənin iclasları arasındakı dövrdə isə bələdiyyə sədrinin qabaqcadan razılığı olmadan əmək müqaviləsi ilə işlədiyi yerdə müdiriyyətinin təşəbbüsü ilə işdən çıxarıla, yaxud intizam tənbehi qaydasında azmaaşlı işə keçirilə bilməz.
Bələdiyyə üzvləri bələdiyyə iclaslarında müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək kimi mühüm səlahiyyətlərə malikdirlər.
əgər bələdiyyə üzvü 5 illik səlahiyyət müddətindən əvvəl hər hansı səbəbdən ərizəsi ilə bələdiyyə üzvlüyündən istefa etdikdə, vəfat etdikdə və ya onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə ərazi seçki komissiyasının təqdimatına əsasən Mərkəzi Seçki Komissiyasının qərarı ilə Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və Bələdiyyələrə seçkilərin qaydaları haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq 3 aydan gec olmayan müddətdə həmən bələdiyyənin ərazisində vakansiya bələdiyyə üzvü vəzifəsinə uyğun olaraq bələdiyyə seçkiləri keçirilə bilər.
Fərman Salmanlı
Abşeron rayon Hökməli bələdiyyəsinin sədr müavini,
hüquqşunas