Səbail bələdiyyəsi vergi və rüsumları ödəməyən bəzi mehmanxanalara qarşı məhkəmə iddiası qaldırıb.
Bu barədə məlmatı Belediyye.infoya Səbail bələdiyyəsinin işçisi Rizvan Həsənov verib. Bələdiyyə təmsilçisinin sözlərinə ğörə, “Yerli (bələdiyyə) vergilər və ödənişlər” haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.4-cü maddəsinə əsasən bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər xidmət göstərdikləri hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla bələdiyyənin hesabına ödəniş aparmalıdır. Lakin Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 48 ünvanında yerləşən Bakı şəhəri “Fixed” MMC-nin təsərrüfat subyekti olan “Gəncəli Plaza” oteli fəaliyyətə başladığı dövrdən heç bir səbəb göstərmədən qanunla müəyyən edilmiş yerli ödənişləri Səbail bələdiyyəsinə ödəməkdən imtina edir.
Səbail bələdiyyəsi tərəfindən “Gəncəli Plaza” otelinin rəhbərliyinə həmin ödənişin bələdiyyənin büdcəsinə ödənilməsinin təmin edilməsi ilə bağlı dəfələrlə müraciət olunmasına baxmayaraq otel rəhbərliyi müraciətlərə cavab verməyib.
R.Həsənovun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyasının 142-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Səbail Bələdiyyəsinin inzibati ərazisi (buraya bələdiyyə torpaqları ilə yanaşı digər ərazilər də daxildir) Badamdar və Bibiheybət qəsəbələrinin ərazisi çıxılmaqla Bakı şəhərinin Səbail rayonunun inzibati ərazisini, o cümlədən Ü.Hacıbəyov küçəsi 48 ünvanında yerləşən ərazini də əhatə edir.
“Yerli (bələdiyyə) vergilər və ödənişlər” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyənin inzibati ərazisində olan mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslər, o cümlədən “Gəncəli Plaza” oteli də fəaliyyətə başladığı dövrdən, yəni 01.01.2010-cu ildən başlayaraq xidmət göstərdikləri hər bir şəxs üçün sutkada 1,1 manat olmaqla bələdiyyənin hesabına ödəniş aparmalıdırlar.
Səbail bələdiyyəsi 1 saylı inzibati-iqtisad Məhkəməsinə iddia ərizəsiylə müraciət edərək, “Yerli (bələdiyyə) vergilər və ödənişlər” haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.4-cü maddəsinə əsasən Səbail Bələdiyyəsinin ərazisində fəailyyət göstərən “Gəncəli Plaza” otelinin Vergilər Nazirliyinə təqdim etdikləri hesabatlara uyğun olaraq 01.01.2010-cu il tarixdən başlayaraq xidmət göstərdikləri hər bir şəxs üçün sutkada 1,1 manat olmaqla bələdiyyəsinin hesabına ödəniş aparmasının qanunvericlik qaydasında təmin ediməsinin xahiş edib.
Belediyye.info