"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə vergilərini zamanında ödəyin ki.....

--2018-01-26 / 16:49

Bir zamanlar Ümummilli Lider Heydər əliyev  “Azərbaycan dünyaya günəş kimi doğacaq” – fikri bu gün bütün sahələrdə öz əksini tapmaqdadır. Mühüm siyasi-sosial institut kimi bələdiyyələr də bu inkişafdan bəhrəsini almaqdadır.

Ötən dövr ərzində bələdiyyələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi, yerli əhəmiyyətli sosial, iqtisadi inkişaf, ekoloji proqramların həyata keçirilməsində bələdiyyələrin fəaliyyətinə dövlət dəstəyinin göstərilməsi deyilənlərin məntiqi nəticəsidir.

Binəqədi Qəsəbə Bələdiyyəsi  də fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Milli Məclisin yerli özünüidarə ilə əlaqədar qəbul etdiyi qanunları, Bələdiyyələrlə iş Mərkəzinin təklifləri, həmçinin, Binəqədi Rayon icra Hakimyyəti başçısı cənab Xaləddin isgəndərovun tövsiyyələri çərçivəsində qurmuşdur.

Hesabat dövründə bələdiyyəmiz bir çox istiqamətlərdə - sosial, iqtisadi, humanitar, ekoloji və s. sahələrdə layihələr həyata keçirmiş, abadlıq, məişət tullantılarının daşınması kimi xidmətlər göstərmişdir. Xalqla təmasda bəzi hallarda formalaşmış mənfi steriotipi aradan  qaldırmağa çalışan Binəqədi qəsəbə Bələdiyyəsi ümumi işi sakin rifahı, onlara xidmət, vətəndaş-məmur münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində aparmışdır.

Cari dövr ərzində sakinlərin çoxsaylı müraciətləri əsasında bir sıra kommunal problemlər aradan qaldırılmış, həlli mümkün məsələlər yerində həll edilmiş, mümkün olmayanlar isə baxılması üçün aidiyyatı qurumlara göndərilmişdir. Qeyd edək ki, bələdiyyəmiz tərəfindən 2017-ci il ərzində müxtəlif ünvanlarda 109-dan çox görüş keçirilmişdir. 2017-ci ildə Binəqədi qəsəbə bələdiyyəsinə 588 vətəndaş müraciəti daxil olmuşdur.  Bunlardan 469-u ərizə, 119-u şikayət, 80 müraciət isə Rayon icra Hakimiyyəti Aparatından daxil olmuşdur ki, 28-nə nəzarət qaydasında baxılmışdır.  Vətəndaşların müraciətlərinin 108-i kommunal xidmət sahələri, 316-sı torpaq sahəsinin sənədləşdirilməsi, 148-i isə digər mövzularla əlaqədar olmuşdur. Binəqədi qəsəbə Bələdiyyəsində hər bir ərizəyə diqqətlə yanaşılmış və vətəndaşların tələbləri qanun çərçivəsində öz həllimi tapmışdır. Daxil olmuş 588  müraciətlərin 315-i müsbət, 114-ü qismən həll olunmuş, 67-nə  müvafiq izahat verilmişdir.  Bundan əlavə, 2017-ci ilin yekunlarında Məhkəmə orqanlarında Hüquqi və Fiziki şəxslərin ərizələrinin baxılması sahəsində 164 mülkü və 196 inzibati iş üzrə məhkəmə iclasında iştirak edilmiş və sakinlərin hüquqları müdafiə edilmişdir.

Binəqədi qəsəbə Bələdiyyəsi Təsərrüfat sahəsində hesabat ilində 6000 reysdən çox məişət tullantıları daşımış, 50-dən çox ünvanda məhəllə komitələri üzvlərinin iştirakı ilə iməcliklər keçirmiş, I və II mədən, Binəqədi–Biləcəri yolu, Binəqədi şossesi, Binəqədi –Mehdiabad, Binəqədi–Balaxanı və Binəqədi–Novxanı  ərazisində müxtəlif ünvanlarda konteynerləri təmir etmiş, bəzi hallarda yenisi ilə əvəzləmişdir. Qış mövsümü ilə əlaqədar öncədən 2 tona yaxın duz tədarükü görülmüşdür. Bundan əlavə, “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Binəqədi-Novxanı yolunun kənarlarına çəmən örtüyü, Gülüstan döngələri, Binəqədi-Mehdiabad yolu boyunca sarmaşıq və şam ağacları, çox sayda alyandr kolları əkilmişdir. əkilmiş ağaclar vaxtaşırı sulanmaqdadır. Qəsəbəmizin bir sıra daxili yollarına asfalt və daş qırıntısı verilmiş, cari təmir işləri aparılmışdır.

Heç kəsə sirr deyil ki, qəsəbə ərazisində uzun illər mövcud olan bir sıra kommunal problemlər son zamanlarda öz həllini tapmışdır.  Belə ki, ölkə Pezidenti cənab ilham əliyevin göstərişi ilə xüsusi dövlət proqramı çərçivəsində qəsəbəmizin I mədən və Binəqədi şossesində çirkab və  yağış sularının ərazidən axıdılması üçün nəzərdə tutulan kanalizasiya xətləri iri diametrli borularla əvəzlənmişdir. Beləliklə, sözügedən ünvanlarda mövcud problem aradan qaldırılmış, kanalizasiya xətləri ilə yanaşı, yağış sularının ötürülməsi üçün drinajlar da əlavə edilmişdir.

Lakin buna baxmayaraq, qəsəbəmizin I, II və III mədən ərazilərinin bəzi hissəsində,  Vulkan dağ massivində, Gülüstan və C.Cabbarlı küçələrinin bir hissəsində  bir sıra kommunal problemlər hələ də qalmaqdadır. Son illər qəsəbəmizdə məskunlaşma sayının çoxalması problemi qabartsa da, yaxın gələcəkdə məsələnin həlli istiqamətində müvafiq layihələrin icrası nəzərdə tutulur.

Bələdiyyəmizdə hesabat dövründə ictimai-humanitar sektor səmərəli və qarşıya qoyulmuş hədəfə uyğun fəaliyyət proqramı tərtib etmişdir. Belə ki, ötən il müxtəlif  bayramlarda sosial aksiyalar keçirilmiş, ərzaq bağlamaları hədiyyə edilmiş, bələdiyyə tərəfindən qeydiyyata alınan 3 ailəyə aylıq bələdiyyə müavinəti verilmişdir. Bundan əlavə, qəsəbə ərazisində yerləşən 179, 182 və 205 saylı tam orta məktəblərin şagirdləri tərəfindən  Beynəlxalq Ana Dili Günü, 8 mart – Beynəlxalq Qadınlar günü, 20 - 21 mart – Bahar Bayramı, 9 may – Qələbə günü, 28 may Respublika günü, 15 iyun – Qurtuluş Günü, 5 oktyabr – Müəllimlər günü, 9 noyabr – Bayraq günü kimi əlamətdar tarixlərdə müxtəlif maraqlı layihələr keçirilmişdir. Bundan əlavə, Binəqədi qəsəbə sakinləri olan Rəcəbovlar ailəsində üçəmlərin dünyaya gəlməsi münasibəti ilə maddi yardım və hədiyyələr təqdim olunmuş, qəsəbəmizin inanclı sakinləri üçün iftar süfrəsi verilmiş, 31 dekabr Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibət ilə aztəminatlı ailələrə bayram sovqatı hədiyyə edilmişdir.

Ümummilli Lider Heydər əliyevin əziz xatirəsi hər zaman olduğu kimi, 2017-ci ildə də yüksək ehtiramla anılmış, aidiyyatı sektorun təşkilatçılığı ilə Ulu Öndər Heydər əliyevin anım günü həftəsi çərçivəsində qəsəbə ərazisində yerləşən məktəblərin şagirdlərinin iştirakı ilə Heydər əliyev Mərkəzinə ekskursiya təşkil edilmişdir. 

Prezidenti cənab ilham əliyevin Nazirləri Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasında səsləndirdiyi kimi, “Azərbaycan xalqı  2017-ci ildə sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır. Azərbaycanda sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir.”  Məhz deyilən fikrə əsaslanaraq, qeyd etmək istəyirəm ki, bu sabitlik bələdiyyəmizin maliyyə imkanlarına da müsbət təsir göstərmiş, bələdiyyəmiz 2017-ci il üzrə illik ümumi proqnozun 87 faizi icra etmişdir. Belə ki, 2017-ci il ərzində Binəqədi qəsəbə Bələdiyyəsinin büdcəsinə 295516 manat vəsait mədaxil, 294383 manat isə məxaric edilmişdir. Xərclərimizdən 125103 manatı əmək haqqına, 77694 manatı məişət tullantılarının daşınmasına, 30565 manatı abadlıq və yaşıllaşdırma işlərinə, 6252 manatı maddi yardıma, 37944  manatı idarənin saxlanmasına, 16825 manatı isə digər xərclərə istidafə edilmişdir. 1 yanvar 2018-ci il tarixinə 1850 manat bələdiyyə büdcəsində qalıq olmuşdur.

Hazırda Binəqədi qəsəbə Bələdiyyəsinin 109227 manat debitor, 82856 manat isə kreditor borcu mövcuddur. Fürsətdən istifadə edib, bu gün bu zalda iştirak edən qəsəbə sakinlərindən, ziyalılardan bir daha xahiş edirəm ki, bələdiyyə vergilərini, rüsumlarını zamanında ödəniş etsinlər ki, təsərrüfat, sosial və humanitar istiqamətli layihələrin keçirilməsinda daha zəngin hesabatla çıxış edə bilək.

Diqqətinizə çatdırım ki, Bələdiyyə vergilərinin intensivliyinin təmin edilməsinə Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi də müsbət təsir göstərmişdir. Mövcud proqramın köməyi ilə bələdiyyəmizin vergi ödəyiciləri üzrə uçotu dəqiqləşdirilmiş, mədaxillərin həcmi artmışdır. Bu istiqamətdə bizə dəstək olan Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Asossiasiyasına, katibliyinə dərin minnətdarlığımızı çatdırırıq.

2018-ci il ölkəmizdə, özünün siyasi yükü baxımından olduqca mühüm və əhəmiyyətli bir il kimi yaddaşlarda qalacaq. Belə ki, bu il ölkəmizdə növbəti Prezident seçkiləri keçiriləcək ki, seçkilərdə, heç şübhəsiz, Yeni Azərbaycan Partiyasının vahid namizədinin qalib olacağına əminik. Bu il, eyni zamanda, Azərbaycan Xalq Cumhuriyyətinin qurulmasının 100 illik təntənəsi qeyd olunacaq. Bu 100 illik bizə Azərbaycan Parlamentinin, Azərbaycan ordusunun, Azərbaycan bayrağının, Azərbaycan dilinin 100 illiyini bayram etməyə imkan verəcək. Bu bayramlar ölkəmizin zəngin dövlətçilik ənənələrinin, kökə sahib çıxmanın bariz nümunəsidir. Prezident cənab ilham əliyevin də 2018-ci ili Azərbaycan Xalq Cumhuriyyəti ili elan etməsi deyilənlərin məntiqi nəticəsidir. əminəm ki, öz kökünə, dəyərlərinə, ağsaqqal-ağbirçeyinə sahib çıxan Bineyi-qədim Binəqədi qəsəbəsi də bu ili uğurla başa vuracaq, əldə edəcəyi nailiyyətlərlə rayonumuzdakı birincilik mövqeyini qoruyub saxlayacaqdır.

Aytac əliyeva

Binəqədir rayon Binəqədi qəsəbə bələdiyyəsinin sədri

 

 

ŞƏRHLƏR