"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələr bazar açacaq?

--2015-11-22 / 23:22

Bələdiyyə institutları Azərbaycanda yeni formalaşsa da, əvvəlki illərlə müqayisdə yerli özünü idarə orqanlarının nüfuzu getdikcə artmaqdadır. Artıq Bakının bir sıra rayonlarının bələdiyyələri sakinlərə müxtəlif xidmətlər göstərməyə başlayıb. Amma nədənsə hələki Azərbaycanda bələdiyyələr qardaş Türkiyə bələdiyyələrinin göstərdiyi xidmətlərin mindən birini təşkil edə bilmir. Məsələn, Türkiyədə bələdiyyələr sərnişindaşıma, səhiyyə, təhsil və sair sahələrdə artıq əhaliyə xidmət göstərsələr də, hələ də Azərbaycanda bələdiyyələrdən birinin adi bazarı, uşaq bağçası belə yoxdur. Hansı ki, həmin ərazilərdə yaşayan sakinlər bazarlıq üçün başqa rayonların ərazilərinə, uşaqlarını baxçaya qoymaq üçün böyük məsafə qət etmək məcburiyyətində qalırlar.  əhalinin tələbatının olduğu xidmət sahələrinin yaradılması vacib olsa da, bələdiyyələr nədənsə həmin xidmətlərin təşkilində gecikirlər.

Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, Binəqədi rayonundakı Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov  Movqe.az-a açıqlamasında bunun bir sıra səbəblərinin olduğunu söyləyib: "Azərbaycan bələdiyyələrinin yaşı azdır. Yəni Azərbaycanda bələdiyyələrin 16 illik təcrübəsi var. Türkiyədə isə bələdiyyələrin böyük inkişaf tarixi var. Zaman-zaman Türkiyədə bələdiyyələr təcrübə yığaraq püxtələşib. Azərbaycanda isə yerli özünü idarəetmə orqanları gənc sayılır. Amma bununla belə, paytaxtdakı bələdiyyələr çalışır ki, imkan daxilində xidmət sektorlarına nüfuz etsinlər. Amma bunun üçün bələdiyyələrin qarşısını kəsən əsas amil maliyədir”.

H. Hüseynovun sözlərinə görə, hal-hazırda bələdiyyələrin büdcəsi məktəb, səhiyyə ocağı, uşaq bağçası inşa etməyə imkan vermir. Həmsöhbətimiz deyir ki, qanun bunun üçün bələdiyyələrə qapı açsa da, bələdiyyələrin büdcəsində olan maliyə imkanı onların üzünə açılan bu qapını bağlayır.

Qeyd edək ki, hazırda uşaq bağçası, uşaq inkişaf mərkəzləri və sair bu kimi  obyektlərin fəaliyyətinə daha çox Bakıətrafı qəsəbələrdə ehtiyac duyulur. Bu gün Bakının ətraf kəndlərindən işləyən əhalinin çoxu uşağı Bakının müxtəlif rayonlarına bağçaya, uşaq inkişaf mərkəzlərinə aparır. Halbuki, bələdiyyə tərəfindən bu cür obyektlərin tikilib istifadəyə verilməsi həm sakinlərin işini rahatlaşdırar, həmçinin də bələdiyyənin büdcəsinə gəlir gətirər.

Binəqədi rayonunun eyni adlı qəsəbəsinin, Binəqədi qəsəbəsinin sədri Aytac əliyeva Movqe.az-a açıqlamasında deyib ki,  Azərbaycanda bələdiyyələrin yaradılmasının böyük tarixi olmadığından, hələ bu yerli özünü idarəetmə orqanlarının çoxu özünü cəmiyyətdə tam təsdiq edə bilməyib: "Bələdiyyə orqanları ötən il dördüncü seçkilərini keçirdilər. 16 il Türkiyədə bələdiyyələrin yaranış tarixi ilə müqayisədə çox kiçik rəqəmdir. Amma bununla belə bələdiyyələr çalışır ki, müəyyən sahələr üzrə sakinlərə xidmət göstərsinlər”.

A.       əliyeva deyir ki, bələdiyyələrin müxtəlif sahələrdə xidmət göstərməsini yubadan bir neçə amil var: "ilk amil bələdiyyələrin ərazi hüdudlarının hələ də naməlum olmasıdır. Hər hansı sahədə, istər təhsil, istərsə də səhiyyə və digər sahələrdə xidmət üçün bələdiyyənin torpağı olmalıdır. Bu gün bələdiyyələrin çoxunun məktəb, bağça inşa etmək, bazar açmaq üçün lazımı qədər torpaq sahəsi yoxdur. Binəqədi rayonu ərazisində torpaq sahəsinin çoxu saziş ərazisi sayılır. Bazar, məktəb, bağça tikmək üçün isə ilk olaraq bələdiyyənin balansında torpaq sahəsi olmalıdır”.

B.        Həmsöhbətimiz deyir ki, digər səbəblərdən biri isə, bələdiyyələrin büdcəsində maliyənin olmamasıdır: "Bu gün bələdiyyələrin çoxu torpaq vergisini toplaya bilmir. Binəqədinin 5 bələdiyyəsi tərəfindən tədbirlər planı hazırlansa da, bələdiyyələrin həmin plandan irəli gələn məsələləri reallığa çevirməyə maddi imkanı çatmır. Biz istəyirdik ki, ən azından bələdiyyə tərəfindən məhəllədaxili avtobuslar işə salaq. Amma bu lisenziyanı almaq üçün ilk növbədə bələdiyyənin müasir avtobus bazası olmalıdır. Çox təəssüf ki, belə bir bazanı yaratmaq bələdiyyənin büdcəsinin imkanı xaricindədir”.

Bununla belə A. əliyeva yaxın gələcəkdə Binəqəsi qəsəbə bələdiyyəsinin bəzi kiçik xidmət sahələrini işə salmağı planlaşdırdığını deyir: "Bu o demək deyil ki, biz iş görməməliyik. Büdcədə vəsaitin azlığını, torpaq sahəmizin olmamasını əsas gətirib fəaliyyətsiz dayanmalıyıq. imkan daxilində çalışırıq ki, sakinlərə xidmət göstərək. Bu günlərdə "təndir evi”ni açmağı planlaşdırırıq. Çalışırıq ki, bu cür kiçik xidmət sahələrini istifadəyə verməklə həm öz büdcəmizə vəsait cəlb edək, həmçinin də sakinlərin rahatlığını təmin edək. Gələcəkdə imkan olarsa hətta bələdiyyə bazarı açaq. Çünki, qanunvericiliyə edilən dəyişikliklər bələdiyyələrə müxtəlif sahələrində xidmət göstərmək, gəlir əldə etmək üçün geniş imkan yaradır. Bələdiyyələrin balansında torpaq sahəsi olarsa, biz Sahibkarlığa Kömək Milli Fondundan uzunmüddətli kreditlər almaqla uşaq bağçası, bələdiyyə bazarı, məktəb və sair obyektlərin tikintisinə başlaya bilərik. Bu bələdiyyələrin cəmiyyətdə nüfuzunu da artırmış olar”.

Zülfiyyə Quluyeva

http://www.movqe.az/66327.html

ŞƏRHLƏR