Azərbaycanın milli inkişaf konsepsiyasının qətiyyətlə həyata keçirilməsi ölkəmizi qüdrətli dövlətə çevirmişdir. Respublikamızın iqtisadi potensialının güclənməsi sosial, hüquqi və digər sahələrlə yanaşı, yerli özünüidarənin də inkişafına müsbət təsir etmişdir. Belə ki, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” və digər qanunlar yerli özünüidarənin fəaliyyətin yaxşılaşdırmağa yönəlmiş, eyni zamanda insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində bir sıra zəruri dəyişiklik və əlavələr edilmişdir. Məhz insan hüquq və azadlıqlarının daha səmərəli təmini istiqamətində həyata keçirilən islahatların məntiqi davamı olaraq Azərbaycan Respublikasının Prezidenti ilham əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir. Çoxşaxəliliyi ilə fərqlənən və çox mühüm konseptual sənəd olan bu proqramın hazırlanması prosesində mütərəqqi beynəlxalq təcrübədən istifadə olunmuşdur. Milli fəaliyyət proqramının icrası məqsədilə bələdiyyələr ərizə və şikayətlərə baxılması işini təkmilləşdirməli, onların elektron qaydada qəbulu və rəsmi cavablandırılmasını təşkil etməli, öz fəaliyyətləri barədə ictimaiyyətə müntəzəm məlumat verməlidirlər.
***
Bələdiyyələrdə vətəndaşların qəbulu günün tələblərinə uyğun olaraq təşkil edilməsi, hər bir müraciətin qeydiyyata alınaraq ona diqqətlə yanaşılıb müsbət həll olunmasına maksimum səy göstərilməsi vacibdir və insan hüquqlarının təmini sahəsində mühüm rol oynayır. Bələdiyyələr vətəndaşların hüquqlarının təminatçısı olmaqla kifayətlənməyərək ərazisində yaşayan hər bir şəxsin hüquqlarının pozulmasının qarşısının alınmasına yönələn tədbirlər görməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2012-ci il tarixli fərmanı ilə “Bələdiyyələrin nümunəvi reqlamenti” təsdiq edilmişdir ki, həmin reqlament bələdiyyə iclaslarının çağırılması, əhali ilə görüşlərin təşkili qaydalarını tənzimləyir.
Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bələdiyyələr seçiciləri ilə əlaqə saxlamalı və 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabat verməlidirlər. Belə ki, Bələdiyyələr bələdiyyənin fəaliyyəti, qəbul edilmiş sənədlər və onların icrası ilə bağlı görülmüş işlər və digər məsələlər barədə əhaliyə hesabat verməlidirlər. Bunun üçün bələdiyyələrə müəyyən səlahiyyətlər verilmişdir. Onlar öz işlərini aşkarlıq və şəffaflıq şəraitində qurmalı və yerli əhalini ölkədə gedən proseslərə cəlb etməlidirlər.
Bundan əlavə bələdiyyələr gördükləri işləri təbliğ etməyi də bacarmalıdırlar. Çünki bu, aşkarlığın və şəffaflığın təmin edilməsinin mühüm bir formasıdır.
Həmçinin bələdiyyələr onlara verilmiş təklif, ərizə və şikayətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxmalı, qaldırılmış məsələlərin düzgün və vaxtında həlli üçün tədbirlər görməli, vətəndaşları qəbul edib, ictimai rəyi öyrənib və məsələlərin həlli üçün müvafiq təkliflər verməlidirlər.
Bələdiyyənin sədri və onun müavini tərəfindən vətəndaşların qəbulu təşkil olunmalı və Qanunvericilikdə nəzərdə tutulduğu kimi vətəndaşların qəbulu cədvəli bələdiyyənin iclasında təsdiq edilməli və bələdiyyə binasının qarşısındakı lövhədə yerləşdirilməlidir.
Azərbaycan Prezidentinin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda yerli özünüidarənin və demokratiyanın inkişafı məsələlərinə də önəm verilərək görüləcək işlərin dairəsi, o cümlədən yerli büdcənin tərtibinə və icrasına, sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna, habelə bələdiyyələrin maliyyə hesabatlarının vaxtında təsdiq olunmasına nəzarət mexanizmləri və prosedurları və s. kimi önəmli vəzifələr müəyyən edilmişdir. Eyni zamanda, Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsi bələdiyyələrə tövsiyə olunmuşdur.
əhalinin sağlamlığı, onların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmini və ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə əhali arasında mütəmadi olaraq maarifləndirmə işləri aparılmalı, eyni zamanda mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi və bu sahədə digər məsələlərin həlli üçün tədbirlər görülməlidir.
Ölkə Prezidentinin sərəncamları ilə bir sıra bələdiyyə sədrlərinin yüksək dövlət mükafatları ilə təltif olunması da ölkəmizdə yerli özünüidarənin inkişafının, yerli demokratiyanın daha da tərəqqi etməsinin, bələdiyyələrin fəaliyyətinin dövlətin daim diqqət mərkəzində olmasının göstəricisidir.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin təkmilləşdirilməsi, onun səmərəliyinin artırılması, bələdiyyələrdə qanunçuluğun möhkəmləndirilməsi məsələləri ədliyyə Nazirliyinin kollegiya iclaslarında da dəfələrlə müzakirə edilmiş, bu sahədə işin yaxşılaşdırılması məqsədi ilə müvafiq qərarlar qəbul edilmiş, həlli vacib olan məsələlər üzrə zəruri tapşırıqlar verilmiş və bir sıra başqa tədbirlər həyata keçirilmişdir.
Bələdiyyələrdə kənd təsərrüfatı torpaqlarının idarə olunmasında qanunçuluğun gücləndirilməsi də əsas amillərdən biridir.
***
Hamımıza məlumdur ki, Azərbaycan Respublikasında “Torpağın təyinatını yalnız Nazirlər Kabineti dəyişə bilər”
Bu gün torpaq sahələrindən istifadədə mövcud problemlərdən biri də odur ki, müəyyən hallarda torpaqlar təyinatı üzrə istifadə olunmur. Bəzən də olur ki, kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan torpaqdan mənzil və ya mənzil təyinatlı torpaqlardan isə kommersiya məqsədi ilə istifadə edilir.
Halbuki “Torpaq icarəsi haqqında” qanunda da torpaqların təyinatı üzrə istifadə edilməsi əsas şərtlərdən biri kimi qeyd olunur. icarəyə verilmiş torpaqların məqsədli təyinatının dəyişdirilməsi isə Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur və icarə müqaviləsində əks etdirilir. icarəyə verilmiş torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər.
Problem ondan ibarətdir ki, bələdiyyə torpaqlarına nəzarətetmə imkanları bu gün olduqca məhduddur. Yəni, torpaq sahələrinin təyinatı üzrə istifadə edilməməsinin səbəblərindən biri də bələdiyyələr tərəfindən nəzarətin zəif həyata keçirilməsidir.
Belə olan halda qanunvericiliyin tələbləri pozularaq qeyd olunan torpaqlar təyinatı üzrə istifadə edilmədən bir çox hallarda kommersiya və digər məqsədlər üçün istifadə olunur.
Kənd təsərrüfatı və digər kateqoriyalı torpaqların təyinatı üzrə istifadə edilməsi, bələdiyyələrin daim diqqət mərkəzində olmalıdır.
***
şəffaflığın artırılması, insan hüquq və azadlıqlarının qorunması və müdafiə olunması sahəsində, həmçinin yuxarıda qeyd olunan digər məsələlərin qanuna müvafiq qaydada icrası istiqamətində bələdiyyələr öz fəaliyyətlərini genişləndirməli və daha da inkişaf etdirməlidirlər.
Qədir Paşayev
Xaçmaz regional ədliyyə şöbəsinin aparıcı məsləhətçisi