1.Yerli büdcənin icrasına hansı orqan tərəfindən nəzarət olunur?
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir.
2. Bələdiyyələr il ərzində görülmüş işlər barədə seçicilərinə hansı qaydada hesabat verməlidirlər?
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 52-2-ci maddəsinin 3-cü bəndinə əsasən bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyələrin iclasında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır. Bələdiyyə seçicilərə verdiyi hesabatı təsdiq etdikdən sonra 10 gün müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir.
3. Torpaq sahəsinin ayrılması ilə bağlı hüquqi və fiziki şəxslərin müraciətlərinə hansı müddətdə baxılır?
“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnamənin 14-cü bəndinə əsasən hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 15 gün müddətində baxılır.
Hazırladı: Çingiz Cavadov
Lənkəran regional ədliyyə idarəsinin
baş məsləhətçisi kiçik ədliyyə müşaviri