“Bələdiyyə bir kənd yolunu tikib? Halbuki bu onun bilavasitə işidir. Bütün kənd yollarını dövlət büdcəsi hesabına, ya da Prezidentin Ehtiyat Fondunun hesabına biz tikirik. Bələdiyyə sadəcə olaraq, bir muzey idarəsidir. Buna son qoyulmalıdır”.
Bunu Azərbaycan Respublikasının prezidenti bələdiyyələrin fəaliyyəti ilə bağlı səsləndirib.
Narazılığını bildrən dövlət başçısı, bu məsələnin tezliklə həllini tapması üçün onlara xəbərdarlıq edib.
Məsələ ilə bağlı bələdiyyələr üzrə ekspert Vüqar Tofiqli ATV.az-a açıqlama verib:
Bu tənqiddən Azərbaycan bələdiyyələri nəticə çıxarmalıdır
“Prezident bu günlərdə bələdiyyələrin fəaliyyəti ilə bağlı ciddi iradlar bildirdi. Bu iradların kökündə onların fəaliyyətsizliyi dayanır. Haqlı olaraq irəli sürülmüş bu tənqiddən Azərbaycan bələdiyyələri nəticə çıxarmalıdırlar. Azərbaycan bələdiyyələri artlq 16 ildir ki, fəaliyyət göstərir. Bu günə qədər az-çox iş görə biliblər. Bu gün cəmiyyətdə Azərbaycan bələdiyyələrinin fəaliyyəti birmənalı qarşılanmır. Onların adları problemlərdə çəkilir. Bütün bunlardan da, söz yox ki, bu gün fəaliyyətdə olan 1605 bələdiyyə nəticə çıxarmalıdırlar”.
Azərbaycan bələdiyyələrinin fəaliyyətində çox ciddi problemlər mövcuddur
“Nəzərə alsaq ki, bu gün, bu istiqamətdə bələdiyyələrin fəaliyyətinin, istər onların təkmilləşdirilməsi, istərsə də onların qarşılaşdığı problemlərlə bağlı dövlət başçısı tərəfindən ötən il çox geniş qərarlar qəbul edilmiş, qanunlarda müəyyən düzəlişlər həyata keçirilmişdir. Yenə dövlət başçısı tərəfindən 2014-cü ildə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyə istiqamətinin artırılması ilə bağlı çox ciddi addımlar atılmışdır. Güman edirəm ki, bu cari ildə prezident tərəfindən imzalanmış qanunların icrası ilə bağlı müəyyən irəliləyişlər olacaq. Amma söhbət ondan gedir ki, bu günə qədər Azərbaycan bələdiyyələrinin fəaliyyətində çox ciddi problemlər mövcuddur. Bu problemlərin aradan qaldırılması tək bələdiyyələrin üzərinə düşmür. Onların timsalında, bu problemlərin aradan qaldırılması, həmin o bələdiyyənin az-çox gördüyü işin, fəaliyyətin təbliği ilə bağlıdır. Yəni biz, vətəndaş cəmiyyəti olaraq, bələdiyyə sistemində olan nümayəndələrin, təmsilçilərin gördükləri işi ictimayətə təqdim etməliyik. Onların problemlərini də üzə çıxarmalı, qarşılaşdıqları çətinlikləri də ictimayətə çatdırmalıyıq. Bu gün, söz yox ki müəyyən maliyə ilə, səlahiyyətlə bağlı ciddi problemlər var. Bu problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır. Amma bunların daha tez həyata keçirilməsi, ictimayətə təqdim edilməsi üçün həm vətəndaş cəmiyyəti, həm mətbuat öz sözünü deməlidir”.
Bələdiyyə üzvləri təcrübəsizdir
“Ötən ilki seçkilərlə bu ilki seçkilərdə təxminən 65 faizə qədəri yeni bələdiyyə üzvü seçilib. Nəzərə almaq lazımdır ki, bu üzvlərin bir o qədər təcrübəsi yoxdur. O təcrübəsizliyi də aradan qaldırmaq üçün köhnədən seçilmiş bələdiyyə üzvləri, o cümlədən də media və vətəndaş cəmiyyəti bu məsələdə öz sözünü deməlidir. Təbliğat və ideologiya işlərində bələdiyyələrə yardımçı olmalıdırlar ki, prezidentimizin də dediyi kimi, gələcəkdə bələdiyyələr möhür vuran təşkilata yox, faktiki olaraq vətəndaşların, sakinlərin, seçicilərin qarşılaşdığı problemlərin həlli ilə məşğul ola bilən qurucu, yaradıcı qruma çevrilsin”.
Natavan ÇAVUş
http://news.atv.az/news/social/28214-belediyyeler-niye-mohur-vurmaq-seviyyesinde-qalib