Yerli özünüidarə qurumlarına çatası vəsaiti icra orqanları mənimsəyir
Ötən ay ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin, Nəsimi Bələdiyyəsinin, "Bələdiyyə həyatı" qəzetinin və Almaniya Beynəlxalq əməkdaşlıq Təşkilatının (GiZ) təşkilatçılığı ilə keçirilən "əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları" mövzusunda seminarda bələdiyyə sədrləri avtodayanacaqlardan və mehmanxanalardan vergi toplaya bilmədiklərini dedilər.
"Avtodayanacaq xidmətindən istifadəyə görə Bakı şəhər icra Hakimiyyəti bələdiyyələrə rüsum ödəməlidir. Onlardan daxil olan ödənişlərin yerli büdcəyə aid edilməsi yəqin ki, heç bir dövlət orqanını və ya icra strukturunu narazı salmamalıdır. Qaydaya əsasən avtodayanacaqdan istifadə edən avtomobillərin hər birindən 10 qəpik bələdiyyənin hesabına rüsum ödənilməlidir. Avtomobil sahiblərindən Bakı şəhər icra Hakimiyyəti ödəniş toplasa da, bələdiyyənin hesabına bir qəpik də olsa ödəniş həyata keçirilməyib. Bir zamanlar bələdiyyələrin reklam fəaliyyəti ilə məşğul olmaq və vergi toplamaq hüququ vardı. Amma icra hakimiyyəti reklamdan gələn gəlirdən bələdiyyəyə rüsum ödəmirdi. Nəticədə sonradan bu qanuniləşdirildi, reklamdan gəlir ancaq icra hakimiyyətinə məxsus oldu. indi də Bakı şəhər icra Hakimiyyəti avtodayanacaq xidmətindən gələn gəlirdən bələdiyyəyə rüsum ödəmir. Ola bilsin ki, avtodayanacaqdan gələn gəlir də ancaq icra hakimiyyətinə çatsın. Elə bu proses ona dorğu gedir",-deyə Bakı şəhəri, Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirmişdi.
Digər bələdiyyə rəsmiləri ilə də əlaqə saxlayıb, avtodayanacaq xidmətindən istifadəyə görə, yerli büdcəyə rüsumun ödənilib-ödənilmədiyini soruşduq.
Suraxanı rayon əmircan bələdiyyəsinin sədri Rəfail Cəfərov bildirir ki, bu bələdiyyənin ərazisində avtodayanacaq və mehmanxanalar fəaliyyət göstərmir: "Odur ki, bizim büdcəyə bu istiqamətdən vergilər daxil olmur".
Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev isə bildirdi ki, "əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları" mövzusunda seminarda səsləndirilən tənqidlərdən sonra bu istiqamətdə cüzi də olsa dəyişikliklər var: "Avtodayanacaq xidmətindən istifadəyə görə Bakı şəhər icra Hakimiyyəti bələdiyyəyə cüzi də olsa vergi ödəyir. Həmçinin bələdiyyəmizin ərazisində yerləşən otellər də yerli büdcəyə ödənişlər həyata keçirirlər".
Sumqayıt şəhər bələdiyyəsinin mətbuat xidmətinin rəhbəri Rəhman Orxan bildirdi ki, Sumqayıtda olan mehmanxanalardan vergi toplamaq olmur: "Bələdiyyəmizin ərazisində iki mehmanxana var: "Dalğa" və "Sumqayıt". Məcburi köçkünlər "Sumqayıt" mehmanxanasında məskunlaşdığı üçün mehmanxana öz istiqaməti üzrə fəaliyyət göstərə bilmir. "Dalğa" mehmanxanasına isə gələn yoxdur.
Sumqayıtda 46 avtomobil dayanacağı var ki, onların yalnız 25-dən vergi toplamaq mümkündür".
Sorğuda iştirak edən digər bələdiyyə nümayəndələri də avtodayanacaq xidmətinə görə bələdiyyələrə verginin ödənilmədiyini bildirdilər. "Bələdiyyənin maliyyəsinin əsasları haqqında" və "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanunlardan irəli gələrək Vergilər Nazirliyinin 13 may 2015-ci il tarixli əmri ilə təsdiq edilmiş "Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı Metodiki Vəsait"də də açıq-aydın yazılır ki, bələdiyyə ərazilərində olan hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla ödənişlər yerli büdcəyə ödənilməlidir.
Bu gün real vəziyyət ondan ibarətdir ki, dayanacaq sahibləri olan hüquqi və fiziki şəxslər bələdiyyələrə qanunla aid edilən ödənişi həyata keçirmir.
Bakı bələdiyyələrinə vəsaitin köçürülməməsindən başqa, aidiyyəti icra strukturları tərəfindən bələdiyyələrə sərbəst şəkildə dayanacaq təşkilinə də imkan verilmir. Səbəb kimi onların torpaq mülkiyyətinə sahib olmaması göstərilir.
Bir çox bələdiyyələr məhəllədaxili gecə dayanacaqlarını təşkil etməyə çalışsalar da, hazırda onlar ciddi maneələrlə üzləşmək məcburiyyətində qalıb. Bu gün bələdiyyələr tərəfindən yığılan vəsait, ancaq avtobusların son dayanacaqlarından əldə edilir.
Bakı şəhər icra Hakimiyyətinin təsərrüfat hesablı Xüsusi Təyinatlı Avtonəqliyyat idarəsi, o cümlədən digər özəl strukturlar bu vəsaiti ödəməkdən yayınırlar.
Bələdiyyə rəsmiləri ilə söhbət zamanı o da məlum oldu ki, bələdiyyələr daxilində vergitutma obyektlərinin və vergi ödəyicilərinin uçotu ilə bağlı proqram hazırlanıb. Proqramda yeni vergi və ödənişlərin hesablanması, onunla bağlı müvafiq şəhadətnamələrin, tədiyyə bildirişlərinin avtomatik olaraq çatdırılması, eləcə də vergi və ödənişlər üzrə əldə olunan vəsaitin xərclənməsi üzrə hesabatların hazırlanması da nəzərdə tutulub.
Ramid iBRAHiMOV