"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələr protokolları qanuna uyğun səviyyədə yazmalıdırlar

--2015-06-19 / 21:39

Bələdiyyələr demokratik təsisat olmaqla öz adlarından inzibati akt tərtib edən müstəqil hüquqi şəxs hesab olunur. Bələdiyyələr tərəfindən inzibati aktlar qəbul edilərkən qanunvericiliyin tələblərinə riayət olunması əsas şərtlərdən biridir.

inzibati aktların tərtib olunması zamanı diqqət yetirilməli olan normalar Azərbaycan respublikasının  «Bələdiyyələrin statusu haqqında» və nisbətən yeni qəbul edilmiş inzibati icraat haqqında qanunda o cümlədən Kargüzarlıq qaydalarına dair qəbul edilmiş təlimatlarda öz əksini tapmışdır. 

Qanunvericiliyn bələdiyyə qurumlarına aid olan əsas müdəalarını oxucuların diqqətinə çatdırmaq istərdim.

Regional şöbə tərəfindən bələdiyyələr tərəfindən göndərilən protokollara baxış keçirən zaman qeyd etdiyim qanunların tələblərinin pozulduğu hallar müəyyən edilmişdir. Belə ki, həmin protokollarda iclasın sədrinin və katibin imzasının olmadığı, o cümlədən protokolun gündəlik hissəsində qeyd olunan məsələ ilə qərar hissəsinin uyğunsuzluq təşkil etdiyi, həmçinin kollegial orqan olan bələdiyyə üzvlərinin imzalamadığı aşkar edilmişdir.

“Bələdiyyələrin statusu haqqında” Qanunun 16-cı maddəsinin 6-cı hissəsinə uyğun olaraq, bələdiyyələrin bütün iclasları protokollaşdırılır. Protokollar iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. iclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınmalı, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunmalı və protokolların qeydiyyatının aparılması məsul şəxsə həvalə olunmalıdır.  

 Qeyd edilən müddəalar inzibati icraat haqqında qanunda da aydın şəkildə təsbit olunmuşdur. inzibati icraat haqqında qanunun aşağıda qeyd edilən maddələrində inzibati aktın tərtib edilməsi zamanı diqqət yetirilməli olan müddəalar öz əksini tapmışdır.

Maddə 56. Kollegial inzibati orqanın iclasının protokolu

56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur:

56.1.1. kollegial inzibati orqanın adı barədə;

56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə;

56.1.3. iclasın sədri və üzvləri haqqında;

56.1.4. müzakirənin predmeti barədə;

56.1.5. qəbul edilmiş qərar barədə.

56.2. iclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır.

VI fəsil. inzibati aktlar

Maddə 57. inzibati aktın forması

57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir.

57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. inzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır.

Maddə 58. inzibati akta dair ümumi tələblər

58.1. inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

58.2. inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır.

58.3. inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir.

Maddə 59. Yazılı inzibati aktın rekvizitləri

59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır:

59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı;

59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı;

59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi;

59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası;

Bundan başqa bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların inzibati nəzarət qaydasında baxılması üçün şöbəyə qanunla müəyyən edilmiş müddətdə göndərilməsində problemlər mövcuddur.

 “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.0.8-ci maddələrinə müvafiq olaraq, inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyənin iclaslarında müzakirəsi barədə qərarların bir surətini həmin aktların qəbul edildiyi andan 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.

Bildiyiniz kimi ölkə Prezidentinin sərəncamları ilə bir sıra bələdiyyə sədrlərinin yüksək dövlət mükafatları ilə təltif olunması da ölkəmizdə yerli özünüidarənin inkişafının, yerli demokratiyanın daha da tərəqqi etməsinin, bələdiyyələrin fəaliyyətinin dövlətin daim diqqət mərkəzində olmasının göstəricisidir.
 Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin təkmilləşdirilməsi, onun səmərəliyinin artırılması, bələdiyyələrdə qanunçuluğun möhkəmləndirilməsi məsələləri ədliyyə Nazirliyinin kollegiya iclaslarında dəfələrlə müzakirə edilmiş, bu sahədə işin yaxşılaşdırılması məqsədi ilə müvafiq qərarlar qəbul edilmiş və həlli vacib olan məsələlər üzrə zəruri tapşırıqlar verilmişdir.  
ədliyyə Nazirliyinin kollegiya qərarlarından irəli gələn məsələlər bu gün Xaçmaz regional ədliyyə şöbəsi tərəfindən vəzifələrinə uyğun olaraq icra olunmaqdadır.

 

***

 

Digər bir məqam kənd təsərrüfatı təyinatlı torpaqların təyinatı üzrə istifadəsi ilə bağlıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları 7 kateqoriyaya bölünür ki, onlardan biri də kənd təsərrüfatı təyinatlı torpaqlardır. Torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsiplərindən biridir. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı yəni, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Lakin bütün bunlara baxmayaraq qeyd olunan məsələlərlə bağlı bəzi nöqsanlar olur. Yeri gəlmişkən qeyd etmək istərdim ki, bəzən bələdiyyələr torpaqların alqı-satqısı və icarəyə verilməsi zamanı da qanunvericiliyin tələblərinə əməl etmir. Məsələn: 2014-cü il ərzində müvafiq bələdiyyələrə 32 təklif göndərilib ki, həmin təkliflər əsasında 6 şəxsə qanunsuz satılmış 0.50 ha torpaq sahəsinin satışı ilə bağlı alqı-satqı müqaviləsi ləğv edilmiş, 6 şəxsə qanunsuz icarəyə və istifadəyə verilən 7 ha. torpaq sahəsi üzrə müqavilə ləğv edilmiş, 20 şəxslə bağlı isə müvafiq torpaqayırma sənədləri regional şöbəyə təqdim edilmişdir.

Xaçmaz regional ədliyyə şöbəsi tərəfindən bəzi bələdiyyələrin inzibatı aktlarına baxış keçirən zaman bələdiyyələr tərəfindən torpaq sahələrinin satılması və ya icarəyə verilməsi barədə qərarlarında torpaq sahələrinin kateqoriyaları düzgün göstərilməməsi və ya ümumiyyətlə kateqoriyanın göstərilməməsi halları aşkar edilmişdir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 10-cu maddəsinin 5-ci hissəsində göstərilmişdir  ki, Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur.

Bu gün Respublikamızda aparılan hüquqi islahatlara uyğun olaraq yeni mütərəqqi qanunlar qəbul edilmiş və qanunların müassir hüquq sisteminə uyğunlaşdırlması istiqamətində əsaslı əlavə və dəyişikliklər edilmişdir. Bu əlavə və dəyişikliklər bələdiyyələr barədə mövcud olan qanunvericilikdə də öz təsdiqini tapmışdır.  Belə ki, Azərbaycan Respublikasının 16 dekabr 2014-cü il tarixli Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda dəyişikliklər edilmişdir.

Dəyişikliklərə görə Qanuna yeni məzmunda 9.8-ci maddə əlavə edilmişdir:

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisa olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətinə özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır.

Həmin əlavə və dəyişikliyə əsasən bələdiyyələr tərəfindən ən azı beş il müddətinə yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlara (hərrac və müsabiqədən kənar) fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə qərar qəbul edilərkən qanunvericiliyin bu tələbinin bələdiyyə qərarında və bağlanmalı olan müqavilədə birbaşa əks olunması daim diqqət mərkəzində saxlanılmalıdır.

Bu səbəbdən gələcək dövrlərdə icarəyə verilmiş və istifadə olunmayan və ya təyinatı üzrə istifadə olunmayan habelə qanunsuz satılan torpaq sahələri üzərində nəzarətin daha da gücləndirilməsi prioritet məsələlərdən hesab olunur.

 

***

Sonda onu da bildirmək istərdim ki, normativ hüquqi aktların, metodik göstərişlərin bələdiyyə üzvləri və qulluqçularının pratik fəaliyyətlərində tətbiq olunması qanunçuluğa əməl olunması istiqamətindəki səylərini artırmasında və yol verilmiş nöqsanların aradan  qaldırılmasında regional ədliyyə şöbəsi olaraq özəcəkdir.

 

Həmid Məmmədov

Xaçmaz regional ədliyyə şöbəsinin məsləhətçisi

 

ŞƏRHLƏR