2016-cı il sentyabr ayının 26-a təyin olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün Azərbaycan bələdiyyələri tərəfindən təşəbbüs qrupunun yaradılması məqsədi ilə bu gün təşəbbüsçülərin yığıncağı keçirilib.
Trend-in məlumatına görə, bununla bağlı keçirilən yığıncaqda respublikanın bütün regionlarını əhatə edən bələdiyyələrdən təşəbbüsçüləri təmsil edən 348 nümayəndə iştirak edib.
iclasda Konstitusiyaya təklif edilən dəyişikliklər yüksək qiymətləndirilib. Qeyd olunub ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı sonuncu referendum 2009-cu il martın 18-də keçirilib. Ötən illərdə Azərbaycan dinamik inkişaf edib, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əsaslı dəyişikliklər baş verib. Ölkəmizin müstəqillik illərində keçdiyi tarixi yol və əldə etdiyi təcrübə göstərir ki, dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, icra hakimiyyəti orqanlarının fəaliyyətinin yenidən təşkili, ictimai münasibətlərin tənzimlənməsi və digər bu kimi məsələlərin həlli ilə bağlı konstitusiya islahatlarının həyata keçirilməsi zamanın tələbinə uyğun olaraq zərurətə çevrilib. Bildirilib ki, Konstitusiyaya təklif edilən dəyişikliklər cəmiyyətimizin daha da demokratik inkişafına, dövlətçiliyin və milli təhlükəsizliyin daha da güclənməsinə xidmət edəcək.
Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin ali məqsəd və məramı nəzərə alınaraq təşəbbüs qrupunun “Bələdiyyə” təşəbbüs qrupu adlandırılması qərara alınıb.
Təşəbbüsçülərin yığıncağında Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşəbbüs qrupunun 27 nəfər səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub, habelə yaradılan təşəbbüs qrupunun qeydiyyatdan keçməsi məqsədilə Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim edilməsi haqqında qərar qəbul edilib.
Qeyd edək ki, iyulun 18-də Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsi rəhbər tutularaq, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi Konstitusiya Məhkəməsinə rəy verilməsi üçün təqdim edilmişdi.
Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezident postlarının yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.
http://az.trend.az/azerbaijan/politics/2566657.html
P.S. Fotolar Belediyye.infoya məxsusdur