"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrdə arxiv işinin təşkili

--2015-07-06 / 21:10

     Təcrübə göstərir ki, bir sıra bələdiyyələrdə arxiv işi günün tələbləri səviyyəsində qurulmamışdır. Belə ki, arxiv işinin bütövlükdə çox aşağı səviyyədə təşkili ilə yanaşı, bir çox hallarda bələdiyyələrın maliyyə sənədləri, protokolları, daxil olan və göndərilən sənədlərin qeydiyyatı kitabı, daxili yazışmalar kitabı, bələdiyyə aktlarının, bələdiyyə sədrinin sərəncamlarının, əmrlərinin qeydə alınması kitabları və başqa sənədlər dövlət arxivlərinə təhvil verilməyərək qanunsuz şəkildə məhv edilir.

         Azərbaycan Respublikasında arxiv işinin təşkili və tənzimlənməsi “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikası Qanunu, Respublika Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 â„–-li qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə qaydaları haqqında” əsasnamə, arxiv işinə aid digər qanunvericilik aktları və Milli Arxiv idarəsi tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlar əsasında həyata keçirilir. “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikası Qanunu ölkə ərazisində mülkiyyət formasından, tabeliyindən asılı olmayaraq fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərin, o cümlədən bələdyyələrin fəaliyyəti nəticəsində yaranmış elmi, siyasi, tarixi, texniki, iqtisadi və sosial-mədəni əhəmiyyət kəsb edən arxiv sənədlərinin Milli Arxiv Fonduna daxil edilməsinin hüqüqi mexanizmini müəyyən etmişdir.

          Milli arxiv fonduna aid edilən sənədlər dövlət mühafizəsinə verilənədək müvvəqqəti olaraq yarandığı idarələr, müəssisə və təşkilatlarda saxlanılır. Bu məqsədlə idarələrdə, o cümlədən bələdiyyələrdə arxiv sənədlərinin komplektləşdirilməsi, uçotu və mühafizəsini təmin etmək üçün arxiv yaradılır və bu sahəyə məsul şəxs təyin edilir. Arxivin fəaliyyəti bələdiyyələr tərəfindən qəbul edilmiş qaydalara, yaxud bələdiyyənin nizamnaməsinə əlavə edilmiş ayrıca bölmə ilə tənzimlənə bilər. Bələdiyyə arxivi müvafiq ərazidə yerləşən dövlət arxiv təşkilatı ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməlidir.

         Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixli 32 saylı qərarı ilə təsdiq edilmiş “Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxardılması və ya məhv edilməsi” Qaydalarının 4-cü bəndinə əsasən hər bir təşkilatda, o cümlədən bələdiyyələrdə sənədlərin ekspertizasını keçirmək, onlarin elmi-əməli əhəmiyyəti olanları daimi mühafizə üçün dövlət arxivlərinə təhvil vermək, elmi-əməli əhəmiyyəti olmayanları məhv etmək üçün seçib ayırmaq və bu işləri rəsmiləşdirmək məqsədilə daimi fəaliyyət göstərən Ekspert Komissiyaları yaradılır. Ekspert Komissiyalarının tərkibinə daha ixtisaslı və təcrübəli bələdiyyə işçiləri və müvafiq dövlət arxivinin nümayəndəsi daxil edilir. Komissiyaya bələdiyyənin rəhbər şəxslərdən biri sədrlik edir. Ekspert Komissiyası sənədlərin saxlanma müddətlərinin müəyyən edilməsində Milli Arxiv idarəsinin 24 noyabr 2004-cü il tarixli 28 saylı əmri ilə təsdiq edilmiş “icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”nı rəhbər tutmalıdır. Həmin Nümunəvi siyahının 1.1-ci və 4.2-ci bölməsinin müvafiq bəndlərinə əsasən bələdiyyə orqanlarının sərəncamları, iclas protokolları, qərarları və onlara əlavə olunan sənədlər, bələdiyyənin komissiyalarınin fəaliyyətinə dair sənədlər, əsas fəaliyyət üzrə əmrlər, bələdiyyə sədrinin sərəncam, qərar və əmrlərinin qeydiyyat kitabları daimi, şəxsi heyət üzrə əmrlər (işə qəbul, işdən azad etmək və s.), əmək haqqının hesablanma cədvəlləri və ya şəxsi hesablar 75 il müddətində saxlanılır. Eyni zamanda, bələdiyyənin ştat cədvəlləri, büdcənin gəlir və xərclər smetaları, onlara əlavələr daimi, bank, xəzinə və digər ilkin mühasibat sənədləri isə həmin Siyahının “Mühasibat uçotu və hesabat” bölməsində müəyyən edilmiş müddətlərə (3 ildən 10 ilədək) uyğun saxlanılır. Vətəndaşlardan daxil olan şəxsi xarakterli ərizə, təklif və şikayətlər, daxil olan və göndərilən sənədlərin qeydiyyatı kitabları 5 il, sərəncamın verilməsi üçün əsas olmayan müqavilələr (xidmət, icarə və s.) müqavilənin müddəti bitdikdən sonra 5 il saxlanılmalıdır. Daimi saxlama müddəti müəyyən edilmiş sənədlər “Milli arxiv fondu haqqında” Qanunun 10-cu maddəsinə uyğun olaraq kargüzarlığı başa catdığı ildən sonrakı ildən hesablamaqla 5 il bələdiyyə orqanında saxlandıqdan sonra, dövlət arxiv təşkilatının Ekspert Yoxlama Komissiyasının təsdiq etdiyi siyahılar əsasında dövlət arxivinə təhvil verilməlidir.

         “Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxardılması və ya məhv edilməsi” Qaydalarının 11-ci bəndinə əsasən saxlanma müddətləri başa çatmış elmi, tarixi və praktiki əhəmiyyətə malik olmayan sənədlər isə müvafiq qaydada tərtib edilmiş və dövlət arxiv təşkilatı ilə razılaşdırılmış akt əsasında məhv edilir.

                                                     

                                                       Qara  Muradov

şəmkir regional ədliyyə şöbəsinin

böyük  məsləhətçisi,

kiçik ədliyyə müşaviri

                                                        

ŞƏRHLƏR