"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrdə publik hüquqi şəxs yarada biləcəklər

--2016-02-04 / 14:08

Azərbaycanda “Publik hüquqi şəxslər haqqında” qanun qüvvəyə minib. Fevralın 3-də Prezident ilham əliyev adı çəkilən qanunun tətbiqi barədə fərman imzalayıb. Elə həmin gün dövlət başçısı ölkənin ilk publik hüquqi şəxsini (PHş) – Maliyyə Bazarlarına Nəzarət Palatasını da ötən gün yaradıb. Bu palata da daxil olmaqla ümumilikdə PHş-lərin necə işləyəcəyi maraq doğurur.

PHş-ləri hamı yarada bilməyəcək

“Publik hüquqi şəxslər haqqında” haqqında qanuna baxsaq görərik ki, publik hüquqi şəxsi (PHş) yalnız dövlət və bələdiyyə orqanları, eləcə də digər publik şəxslər yarada bilər. Onun əsas fəaliyyəti ümumdövlət və ictimai əhəmiyyət kəsb edən işlərdən ibarətdir. Amma PHş dövlət və bələdiyyə orqanı sayılmır.

Başqa sözlə, digər hüquqi şəxslərdən fərqli olaraq PHş fərdi vətəndaşlar tərəfindən yaradıla bilməz və onun yaradılmasında biznes marağı deyil, ictimai maraq əsas götürülür. Ümumilikdə PHş-in yaradılması ilə bağlı məsələlər Mülki Məcəllə ilə tənzimlənir.

Dövlət orqanlarının vəzifələri PHş-ə ötürülə bilməz

PHş-lər qeyri-kommersiya təşkilatı sayılır, amma sahibkarlıq fəaliyyəti ilə də məşğul ola bilər. Bir şərtlə ki, bu, onun nizamnaməsində nəzərdə tutulsun və qarşısına qoyduğu məqsədə çatmaq üçün lazım olsun. Yeri gəlmişkən, dövlət və bələdiyyə orqanları onlara həvalə edilmiş hüquq və vəzifələri publik hüquqi şəxslərə ötürə bilməzlər . Hər hansı dövlət qurumunun əvəzinə yaradılan PHş-lər isə dövlət dəstəyi və güzəştlərindən məhrum olmuş sayılır.

Xaricdə PHş-lər necə işləyir?

Beynəlxalq təcrübəyə görə, xarici ölkələrdə publik hüquqi şəxslər adətən təhsil, tibb və mədəniyyət müəssisələrinə aid olur. Amma istisnalar da az deyil.

Məsələn, Fransa, Almaniya və italiyada dövlət tərəfindən yaradılan elm, təhsil, mədəniyyət, tibb və təsərrüfat müəssisələri, həmçinin vilayətlərin idarəetmə orqanı və icmalar PHş statusuna malik olurlar.

Litva təcrübəsində isə yuxarıda göstərilənlərlə yanaşı, təbiətin mühafizəsi, idmanın inkişafı, sosial və hüquqi yardımın göstərilməsi ilə bağlı dövlət tərəfindən publik hüquqi şəxslər yaradılır.

Estoniyada isə bir sıra nəzarət, bəzi inzibati və yerli idarəetmə orqanlarının da statusu dəyişdirilərək publik hüquqi şəxsə çevrilib.

Universitet və xəstəxanalar da publik hüquqi şəxs olacaq

Azərbaycanda da təhsil və səhiyyə müəssisələri publik hüquqi şəxslərə çevrilə bilərlər. Adı çəkilən qanunun tətbiqi ilə bağlı prezidentin fərmanında Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsinin, uşaq evləri sosial xidmət müəssisəsinin, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin, məktəbəqədər təhsil müəssisəsinin, ümumtəhsil məktəbinin, ilk peşə-ixtisas təhsili müəssisəsinin, orta ixtisas təhsili müəssisəsinin, ali təhsil müəssisəsinin, xüsusi təhsil müəssisəsinin və ailə tipli kiçik qrup evinin nümunəvi nizamnamələri üç ay müddətində hazırlansın.

 http://fins.az/sosium/895062/Tehsil_ve_sehiyye_sistemi_yeni_qaydada_idare_olunacaq___PUBLIK_HUQUQI_SAXSLAR.html

ŞƏRHLƏR