"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrdə şəffaflığın təmin edilməsində auditin rolu və əhəmiyyəti: mərkəz bələdiyyələrə tövsiyə göndərib

--2021-08-13 / 15:04

Bələdiyyələrdə şəffaflığın təmin edilməsində auditin rolu və əhəmiyyəti

 

Ölkəmizdə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, vətəndaşlara göstərilən xidmətlərinin təkmilləşdirilməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, maliyyə şəffaflığının artırılması istiqamətində islahatlar uğurla davam etdirilir.

idarəçiliyin müasirləşdirilməsi, şəffaflıq, hesabatlılıq yeni mərhələdə dövlətimizin başçısı cənab ilham əliyevin qarşıya qoyduğu ciddi tələblərdəndir. 

şəffaflıq bələdiyyələrin fəaliyyətinin təkmilləşməsinə, onların fəaliyyətinin daha səmərəli surətdə təhlil edilməsinə və qiymətləndirilməsinə xidmət edir.  şəffaflıq təmin edildiyi təqdirdə ictimai etimad güclənir, bələdiyyələrin hesabatlılığı və məsuliyyəti daha da artır.

“Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının qanunlarında yerli özünüidarəetmədə hesabatlılığın təmini ilə bağlı bir sıra tənzimləyici normalar mövcuddur. Bu istiqamətdə yerli büdcə layihəsinin hazırlanmasında ictimaiyyətin iştirakının təmini, yerli büdcənin icrası, bələdiyyələrin ümumi fəaliyyəti ilə bağlı illik hesabatlarla, eləcə də auditin nəticələri ilə yerli əhalinin tanış edilməsi kimi məsələləri qeyd etmək olar.

Məlumdur ki, bələdiyyənin maliyyə vəsaitinin formalaşması və istifadəsi özünüidarəetmə, müstəqillik, habelə aşkarlıq prinsiplərinə əsaslanır. Aşkarlıq prinsipi bələdiyyə maliyyəsi ilə bağlı fəaliyyətin şəffaf həyata keçirilməsini, əhalinin bu məsələ ilə bağlı məlumatlandırılmasında ifadə olunur. Bu baxımdan yerli özünüidarəetmə orqanlarında büdcə intizamının təmini zəruri şərtlərdəndir.

Qanunvericiliyin tələblərinə əsasən yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə tərəfindən nəzarət edilməli və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorlar cəlb edilməlidir. Yerli əhalini tanış etmək məqsədi ilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilməlidir.

Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar prosesində maliyyə nəzarətinin təkmilləşdirilməsinə mühüm əhəmiyyət verilərək nəzarət mexanizmlərinin bazar iqtisadiyyatının xüsusiyyətlərinə uyğunlaşdırılmasına, o cümlədən müstəqil auditin yaradılması diqqət mərkəzində saxlanılmışdır.

“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən audit dedikdə əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. 

Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.

Auditor fəaliyyətinin əsas məqsədi təsərrüfat subyektinin mühasibat (maliyyə) hesabatlarının düzgünlüyü və onların apardıqları maliyyə və təsərrüfat əməliyyatlarının normativ aktlara uyğunluğunu müəyyən etməkdən ibarətdir.

Audit təkcə pozuntuların qeydə alınması və onların aradan qaldırılmasına nəzarətin həyata keçirilməsi ilə məhdudlaşmır. Eyni zamanda aşkara çıxarılmış kənarlaşmaların səbəb-nəticə əlaqələrini müəyyənləşdirməklə, yoxlanılan obyektdə işlərin yaxşılaşdırılmasına dair konkret təkliflərin və tövsiyələrin işlənib hazırlanmasına imkan verir.

“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təsərrüfat subyektləri auditor seçməkdə sərbəstdirlər. Auditor xidməti sərbəst auditor və ya auditor təşkilatı vasitəsilə həyata keçirilir. Yoxlamanın məzmunu, aparılması müddətləri, məsləhət xidmətlərinin həcmi, ödəniş məbləği və qaydası, eləcə də məsuliyyət məsələləri tərəflər arasında arasında bağlanmış müqavilə əsasında müəyyən edilir.

Sifarişçi öz növbəsində auditorun öz peşə vəzifələrini tam və keyfiyyətlə yerinə yetirməsinə bütün lazımi şəraitin yaradılması üçün məsuliyyət daşıyır. Eyni zamanda təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur.

Auditor və ya auditor təşkilatı tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməsi auditor rəyinin təhvil-qəbul aktı ilə müəyyən olunur. Auditor rəyi müəyyən olunmuş forma əsasında tərtib edilir.

Ümumilikdə audit yoxlamasının bələdiyyələr üçün aşağıdakı məsələlər üzrə əhəmiyyətini vurğulamaq olar:

ü  Maliyyə hesabatlarının düzgünlüyünün təsdiqi və ya onların qeyri – düzgün olmasının müəyyən olunmasında;

ü  Yoxlanılan dövrdə məsrəflərin, gəlirlərin və bələdiyyənin fəaliyyətinin maliyyə nəticələrinin uçotda və hesabatda dolğun, düzgün və dəqiq əks etdirilməsinin yoxlanılmasında;

ü  Uçot aparılması və hesabatların tərtibi qaydalarını tənzimləyən qanunvericiliyə və normativ sənədlərə əməl olunmasına nəzarətdə;

ü  Vəsaitlərdən, maliyyə ehtiyatlarından və borc mənbələrindən daha yaxşı istifadə imkanlarının üzə çıxarılmasında və s.

Təəssüf ki, 2020-ci il üzrə göstəricilərə əsasən auditdən keçməli olan bələdiyyələrin sayında kəskin azalma müşahidə edilərək 19% təşkil etmişdir (Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən Bələdiyyələrlə iş mərkəzinə ünvanlanmış məktuba əsasən).

Ölkəmizdə uğurla reallaşdırılan islahatların mühüm bir istiqaməti kimi bələdiyyələrdə şəffaflığın artırılması məqsədilə illik maliyyə hesabatlarının düzgünlüyünün təsdiq edilməsi üçün auditdən keçirilməsi zəruridir.

Məlumat üçün bildirilir ki, inzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət (vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) müəyyən edilmişdir.

Göstərilənlərin nəzərə alınması və qanunvericiliyin tələblərinə əməl edilməsi tövsiyə olunur.

 

                                                                                                    Bələdiyyələrlə iş mərkəzi

ŞƏRHLƏR