“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə yardımı ilə “Yerli orqanlara müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi xidmətlərin göstərilməsi” layihəsinin icrasıyla bağlı həyata keçirdiyi hüquqi dərslərdə Suraxanı və Ağdam bələdiyyələri bir sıra ciddi təkliflərlə çıxış edib.
Bir şərt olaraq irəli sürülən təkliflər sırasında mənzil alqı-satqısı zamanı satıcı tərəfindən notariuslara mənzilin borcunun olmaması haqqında arayış təqdim edərkən bələdiyyədən də əmlak verigisinin ödənişi haqqında sənədin verilməsi tələbinin qoyulmasıdır. şəhər bələdiyyələrinin ərazisində bu məqamları hər hansı formada tənzimləmək mümkün olmadığından prosesin hüquqi forma və məzmun verilməsi zəruri sayılmalıdır.
QHT-nin ekspert qrupunun apardığı təhlilə görə, belə bir şərtin qoyulması üçün ilk növbədə əhali arasında maarifləndirmə işinə diqqət yetirmək lazımdır. “Azərişıq” və “Azərsu” SC-nın qəbzlərində bələdiyyəyə əmlak vergisinin ödənilməsi haqqında bilgilərin olmasının müəyyən mənada dəstəyi ola bilər.
Suraxanı bələdiyyələrinin daha bir təklifi ərazilərindəki reklam löhvələri ilə bağlı olub. Belə ki, rayonda formalaşan bələdiyyələrin heç biri hər hansı formada reklam ödənişlərini yığa bilmir. Dəfələrlə müraciətlər edilsə də müvafiq qurumlar prosesə yardım etmək niyyətində deyillər. Bələdiyyə rəsmilərinin fikrincə, prosesə Bakı şəhər icra Hakimiyyətinin Reklam və informasiya idarəsinin diqqətinin çəkilməsi vacib sayılmalıdır.
Ağdam bələdiyyələrinin təkilifi isə subvensiyalarla bağlı olub. Bu günədək Maliyyə Nazirliyinə hər hansı layihə təqdim edilmədiyindən yerli orqanlar ərazilərində genişmiqyaslı layihə həyata keçirə bilməyib. Rayon bələdiyyələrinin əsas təklifi layihələrin hazırlanmasıyla bağlı metodik tövsiyyələrin hazırlanması olub.
“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi