Sual verin cavab verək- ÜÇ SUAL ÜÇ CAVAB:
Belediyye.infoya daxil olan sualları Lənkəran regional ədliyyə idarəsinin məsləhətçisi, III dərəcəli ədliyyə qulluqçusu Aqil Salmanov cavablandırır.
1. Bələdiyyələr qəbul etdikləri aktları inzibati nəzarəti həyata keçirən orqana neçə gün müddətində təqdim etməlidirlər. Bələdiyyə aktlarını vaxtında təqdim etməməyə görə hansı məsuliyyət nəzərdə tutulmuşdur ?
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aktların bir surətini həmin aktların qəbul edildiyi andan 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.
Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxsləri dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.
2. Bələdiyyə üzvlərinin səlahiyyətlərinə hansı əsaslara görə vaxtından əvvəl xitam verilə bilər?
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən bələdiyyə üzvlərinin səlahiyyətlərinə aşağıdakı əsaslara görə vaxtından əvvəl xitam verilə bilər:
1) bələdiyyə seçkiləri zamanı səslərin düzgün hesablanmadığı aşkar edildikdə;
2) öz arzusu ilə bələdiyyə üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
3) bələdiyyə üzvlüyünə namizədlər üçün qanunla müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;
4) qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında məsul vəzifə tutduqda və ya bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda;
5) altı aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə məhkəmə tərəfindən təşkil edilmiş xüsusi həkim komissiyasının rəyi olduqda;
6) ardıcıl olaraq üç dəfə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzrsüz səbəbdən iştirak etmədikdə.
3.Bələdiyyə torpaqları hansı qaydada ayrılır?
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.