"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrə tövsiyyə olunur: qərar qəbul edəndə diqqətli olun

--2017-02-01 / 01:49

 ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi ölkə bələdiyyələrinə “Yaşayış məntəqəsinin torpaqlarından istifadənin hüquqi əsasları” barəsində tövsiyə məktubu göndərib.

Bəs tövsiyə məktubunun göndərilməsi hansı zəruriətdən yaranıb?

Məsələyə ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin inzibati Nəzarət idarəsinin rəisi Ruslan Osmanlı aydınlıq gətirib.

Belediyye.infoya açıqlamasında mərkəz rəsmisi bildirb ki, bələdiyyə aktlarının ekspertizası zamanı torpaq sahələrinin xüsusi mülkiyyətə  ayrılması ilə bağlı bələdiyyə qərarlarında torpaqların yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunub-olunmaması, habelə kənd təsərrüfatına az yararlı və ya yararsız olması barədə məlumatların göstərilmədiyi müəyyən edilmişdir.

Nəticədə bələdiyyə aktlarında və digər torpaqayırma sənədlərində torpaqların kateqoriyası ilə bağlı dəqiq məlumatların  göstərilməməsi torpaqların qanunsuz ayrılmasına şərait yaradır.

Halbuki Torpaq Məcəlləsinin 10-cu maddəsinin 5-ci hissəsinə əsasən torpağın kateqoriyaları torpağın verilməsi barədə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur.

Bununla yanaşı Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 7.1-ci maddəsinə uyğun olaraq yalnız bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan və kənd təsərrüfatına az yararlı, yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Digər torpaq sahələri qanunla alqı-satqı predmeti olaraq müəyyən edilməmişdir: “Ona görə də, bələdiyyə qərarlarında xüsusi mülkiyyətə  ayrılan torpaq sahələrinin yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunub-olunmaması, habelə kənd təsərrüfatına az yararlı və ya yararsız olması barədə məlumat dəqiq qeyd olunmalıdır.”

R.Osmanlı bələdiyyə rəsmilərini bəzi qanunvericlik aktlarında qeyd olunan məqamlara da diqqət yetirməli olduqlarını xüsusilə vurğulayıb.

Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 18-ci maddəsinin 1-ci hissəsinə görə şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Həmin maddənin 2-ci hissəsində yaşayış məntəqələrinin torpaqlarının tərkibi aşağıdakı kimi müəyyən edilmişdir:

- ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri;

- ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri;

- sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri;

- nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri;

- təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri;

- yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları;

- kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri;

- hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri;

- şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri.

Digər bir məqam "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 13.2-ci maddəsində qeyd edilib. Bu maddəyə əsasən yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılmış bələdiyyə torpaqlarından şəhərlərin, qəsəbələrin və kəndlərin baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yer-təsərrüfat quruluşu planlarına uyğun istifadə edilir.

         Belediyye.info

ŞƏRHLƏR