"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin fəaliyyətinin təbliği vacib məsələdir

--2017-05-04 / 16:11

Bələdiyyələrin fəaliyyətinin təbliği vacib məsələdir. Seçicilər seçdikləri bələdiyyənin gördüyü işlərdən məlumatlı olmalıdırlar. əks təqdirdə, bələdiyyə üzvləri növbəti seçkidə «Siz nə etmisiniz ki?» sualı ilə qarşılaşacaqlar. Belə vəziyyətin yaranmaması üçün bələdiyyə tərəfindən həyata keçirilən layihələr və tədbirlər haqqında ictimaiyyətə operativ, dəqiq informasiya verilməli, bələdiyyənin fəaliyyətində şəffaflıq və hesabatlılıq gözlənilməlidir.

Bunun üçün ilk növbədə, bələdiyyənin nəzdində Mətbuat Mərkəzi və ya ictimaiyyətlə əlaqələr şöbəsi yaradılmalıdır. Həmin qurum reallaşdırılmış layihələrin hesabatını hazırlamalı, keçiriləcək və keçirilmiş tədbirlər barədə press-relizlər,  məqalələr yazaraq KiV-lərə göndərməli, mətbuatla, ictimai qurumlarla sıx əlaqələr qurmalıdır.

Görülmüş işlərin daha operativ yayımı üçün mütləq bələdiyyənin saytı olmalı və fəal işləməlidir. Buna bir bələdiyyə üzvü və ya qulluqçusu məsul olmalıdır. Həmin məsul şəxs saytda yerləşdirdiyi məlumatı, xəbəri anındaca digər saytlara (ilk olaraq «belediyye info.az»saytına), yerli və respublika qəzetlərinin elekron poçtlarına ötürməlidir.

Məlumdur ki, hər bir bələdiyyənin öz seçiciləri vardır. Bələdiyyələr öz seçiciləri qarşısında hesabat verməyə borcludurlar. Ona görə də birinci növbədə fəaliyyət barədə onlara məlumat verilməlidir. Bu işin operativliyini təmin etmək məqsədi ilə məhəllə komitələrinin fəalları ilə əlaqələri möhkəmləndirmək lazımdır.  Bunun bir neçə üsulu var:

-          Birbaşa məhəllə komitələrinin ərazisində sakinlərlə canlı ünsiyyət qurmaq;

-          Hazırlanmış xəbər və məlumatları fəallar vasitəsi ilə sakinlər arasında yaymaq;

-          Mətbuatda dərc olunmuş bələdiyyə xəbərlərindən hali olmaları üçün məhəllələrə qəzet nüsxələri göndərmək;

-          Komitə fəallarının tədbirlərdə, layihələrdə iştirakını təmin etmək;

-          internet istifadəçilərinə bələdiyyə saytları barədə məlumat vermək.

Qeyd edim ki, bələdiyyənin fəaliyyətinin təbliği üçün saydığım təkliflər Mingəçevir bələdiyyəsində həllini tapıb. Belə ki, «Yerli sosial məsələləri» daimi komissiyası eyni zamanda  Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr işini yerinə yetirir. «Mingechevir-belediyye.az» saytımız işləyir və daim yenilənir. Bu işə «Vətəndaşlarla və sənədlərlə iş» şöbəsi rəhbərlik edir. «Belediyye info.az» saytı ilə sıx əlaqələrimiz var. Yerli «Mingəçevir» qəzeti həftəlik bələdiyyənin bütün tədbir və layihələri haqqında yazı dərc edir. Qəzetə abunə yazılmaqla bələdiyyə qəzetin nüsxələrini sakinlərə pulsuz paylayır. Bələdiyyənin fəaliyyəti barədə hesabtaları vaxlı-vaxtında ictimaiyyətə açıqlanır.

Layihə və tədbirlərimizə KiV, QHT, məhəllə komitələrinın  nümayəndələrini dəvət edirik. şəhərdə həyata keçirilən   dövlət tədbirlərində bələdiyyə üzvləri və qulluqçularının iştirakı təmin olunur. şəhər icra Hakimiyyəti ilə sıx əlaqələr quraraq, müştərək layihələrin reallaşmasında fəalliq göstərir və müştərək informasiyalar hazırlayırıq.

Bələdiyyələrin Milli Assosiasiyalarının yığıncaqlarında bələdiyyələrə ictimaiyyətlə əlaqələrin qurulması sahəsində tutulan iradlar haqlıdır. Doğurdan da, nəyə görə bir sıra bələdiyyələr  görülmüş işləri, həyata keçirilmiş layihələri təbliğ etməyə maraq göstərmir? inanmaq mümkün deyil ki, bu, bilərəkdən edilir. Sadəcə olaraq, həmin bələdiyyələrin ictimaiyyətlə əlaqələri düzgün qurulmayıb və ya bu sahədə peşəkar işçilər yoxdur.

 Zahid QASIMLI,

Mingəçevir bələdiyyəsinin üzvü,  mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

ŞƏRHLƏR