"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin həlli vacib problemləri-CiDDi

--2018-07-17 / 18:45

Bu gün Azərbaycan bələdiyyələri sanki durğunluq dövrünü yaşayır. Son aylar bu istiqamətdə apardığımız müşahidələr, keçirdiyimiz sorğular və təhlillər bizə bu qənaətə gəlməyə bir növ əsas verir.

Sözsüz ki, aparılan islahatlar ölkəmizin iqtisadi inkişafına ciddi təsir etməklə mövcud problemlərin aradan qaldırılmasına müsbət mənada öz təsirini göstərməkdədir.

Belə olan halda niyə bələdiyyələrimiz mövcud inkişafla ayaqlaşa bilmir? Səbəb nədir?

Bununla bağlı bəzi məqamlara toxunmaq istərdim. Bizim məqsədimiz bələdiyyələrimizin bu inkişaf prosesinə daha ürəklə qoşulmasına yardımçı olmaqdır.

Ötən il Azərbaycan bələdiyyələri 36 milyon manat vəsait əldə ediblər. Bu rəqəmi 1607 bələdiyyə arasında bölsək ay ərzində onların hər birinə 1866 manat düşər.

Nəzərə alaq ki, əldə edilən vəsaitin 5 milyon manatı dövlət büdcəsindən ayrılan dotasiya təşkil edir. Və fəaliyyətləri dövründə bələdiyyələrin əldə etdiyi ən yüksək vəsait isə 2007-i ilə təsadüf edir. Həmin il bələdiyyələrin qazancı 50 milyon manatı keçmişdi.

Bəs orta hesabla 1866 manat maliyyə vəsaiti əldə edən bələdiyyə sakininin problemini həll etmək qüdrətindədirmi? Sözsüz ki, yox.

Belə demək olar ki, bələdiyyələrdə yaranmış süstlük və durğunluq ilk növbədə məhz bu maliyyəsizliklə bağlıdır.

Bu arada bir misal çəkmək yerinə düşərdi. Çexiya Respublikasının iyirmi min nəfərlik əhalisi olan Kutno Hora bələdiyyəsinin illlik qazancı 4 milyon avronu keçir. Bu hələ 2014-cü ilin rəqəmidir.

Bəs onda bizim bələdiyyələrimiz bu vəsaiti niyə qazana bilmir? Baxmayaraq ki, bu vəsaiti qazanmaq üçün həm qanunvericilik bazası mövcuddur, həm də münbit şərait vardır.

Beləliklə, ilk növbədə bələdiyyələrə icra strukturları tərəfindən istiqamətlənən qısqanclıq əlamətləri aradan qaldırmalıdır. Yəni, bəzi icra strukturlarının bələdiyyələrə ögey münasibət göstərməsi, hər məqamda ictimaiyyət arasında gözdən salmağa çalışmasının qarşısı alınmalıdır.

Maraqlıdır ki, tədbir keçirilir və bəzi RiH-lərin yaydığı məlumatda bələdiyyələrdən başqa bütün qurumların adları çəkilir. Məgər bu ayrı seçkilik deyilmi?

Bununla yanaşı yerlərdə icra nümayəndəliyinin fəaliyyətinə də yenidən baxılmasına ehtiyac var.

Bu günlərdə cənab Prezident ilham əliyevin maraqlı açıqlaması diqqətimi çəkdi: “Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar. Mən deyirəm, bunu hamı bilsin. Çünki bir çox hallarda bu işləri bir-birinin üstünə atırlar. şəhər icra hakimiyyəti bələdiyyələrin üstünə, bələdiyyələr şəhər icra hakimiyyətinin üstünə. Amma faktiki olaraq bələdiyyələr şəhər icra hakimiyyətinin icazəsi olmadan belə hərəkət edə bilməz.”

Prezidentin bu fikri belə qənaətə gəlməyə əsas verir ki, həqiqətən bələdiyyələrin fəaliyyətinə müdaxilələr vardır. Varsa, demək qarşısı da alınmalıdır.

ikinci məqam ondadır ki, bələdiyyələrə lazımi lobbiçilik edilmir. istər vətəndaş cəmiyyətləri tərəfindən, o cümlədən milli bələdiyyə assosiasiyaları tərəfindən, istərsə də Bələdiyyələrlə iş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən.

Hər iki orqanın hesabatlarına diqqət yetirsək konkret işlərin görüldüyünün şahidi olarıq. Bəs çatışmayan nədir?

Bu gün bələdiyyələrin konkret olaraq vergi yığımında bir sıra problemləri vardır. Misal olaraq Nəsimi bələdiyyəsi ərazisində olan mehmanxanalardan bələdiyyəyə ödənilməli olan vergi köçürtdürə bilmir. Bu gün bələdiyyənin hesablamalarına görə, ərazidə 13 mehmanxananın üst-üstə bələdiyyəyə 880 min manat verəcəyi vardır. Bələdiyyə isə bu məbləği nə dürüstləşdirə bilir, nə də ki, ala bilir. Bu prosesin qarşısnın alınması üçün və qanunvericiliklə mehmanxanalarla bağlı hər hansı təyziq və ya sanksiya üsulu yoxdur.

Bəs bu problemin həlli üçün ilk addımı kim atmalıdır? Bununla bağlı hansı orqan təklif verməli, arxasınca getməli və qəbul edilməsinə nail olmalıdır?

Sözsüz ki, yuxarıda adını çəkdiyim qurumlar.

Maraqlıdır ki, bələdiyyələrdəki durğunluq sanki bu qurumlara da siyarət edib.

Düşünürəm ki, bələdiyyə sisteminin inkişafı dövlətimizin marağında olduğu kimi, digər orqanların da marağında olmalıdır. Biz vətəndaş cəmiyyətinin təmsilçiləri də bu inkişafa öz dəstəyimizi əsirgəməməliyik.

Biz bu yazıda xırda, lakin ciddi görünən bir məsələyə qısa şəkildə toxunduq.

Qalır məsələnin həlli istiqamətində addımların atılması.

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri

ŞƏRHLƏR