1. Bələdiyyələr il ərzində görülmüş işlər barədə seçicilərinə hansı qaydada hesabat verməlidirlər ?
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 52-2-ci maddəsinin 3-cü bəndinə əsasən bələdiyyə hər ilin yanvar ayının üçüncü həftəsinin bazar ertəsi görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında seçicilərinə hesabat verir. Hesabat yazılı formada tərtib edilir və bələdiyyənin iclaslarında təsdiq edilir. Yerli əhalini tanış etmək məqsədi ilə hesabat bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir, habelə elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və digər vasitələrlə əhaliyə çatdırılır. Bələdiyyə seçicilərə verdiyi hesabatı təsdiq etdikdən sonra 10 gün müddətində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir.
2. Bələdiyyələrin iclas protokolları hansı qaydada tərtib edilməlidir?
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 6-cı bəndinə əsasən bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. iclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur.
2.Yerli vergi və ödənişlər hansı qaydada ödənilir?
“Yerli vergi və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunun 11.4-cü maddəsinə görə yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.
Aqil Salmanov
Lənkəran regional ədliyyə şöbəsinin
məsləhətçisi III dərəcəli ədliyyə qulluqçusu