ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi bələdiyələrə “Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi barədə” metodik tövsiyyə məktubu göndərib. Məktubda qeyd edilir:
“Azərbaycan Respublikasının 13 fevral 2014-cü il tarixli Qanunu ilə “Bələdiyyə qulluğu haqqında” Qanuna bir sıra dəyişikliklər edilmişdir. Yeni dəyişikliyə görə yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyənin qərarına əsasən, digər işçiləri isə bələdiyyənin müsabiqə komissiyasının qiymətləndirməsinin nəticəsinə uyğun olaraq bələdiyyənin sədri təyin edir.
Qanuna əlavə edilmiş 5-1-ci maddəyə əsasən bələdiyyə qulluğuna vətəndaşlar müsabiqə əsasında qəbul edilirlər. Müsabiqənin keçirilməsi üçün 5 nəfər bələdiyyə üzvü və qulluqçusundan ibarət bələdiyyənin müsabiqə komissiyası yaradılır. Müsabiqə komissiyasının tərkibi, sədri və sədrinin müavini bələdiyyənin qərarı ilə təsdiq edilir. Müsabiqə komissiyası öz fəaliyyətini iclaslar vasitəsilə həyata keçirir və iclas komissiya üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Sədr olmadıqda iclaslara sədrin müavini sədrlik edir.
Müsabiqə komissiyasının işinə müdaxilə yolverilməzdir. Müsabiqə komissiyası namizədlərin müvafiq vəzifəyə uyğunluğunu onların bilik səviyyəsinə, peşə hazırlığına, ümumi dünyagörüşünə və müvafiq vəzifə üçün tələb olunan keyfiyyətlərə əsasən qiymətləndirir. Komissiyanın işinə müvafiq sahələr üzrə ekspertlər cəlb edilə bilər.
Qanuna əlavə edilmiş 5-2-ci maddəyə görə müsabiqə komissiyası üzvlərinin müsabiqə komissiyasının səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək, təkliflər vermək, habelə bu komissiyanın qərar, protokol və digər sənədləri ilə tanış olmaq, onlarla razılaşmadıqda xüsusi rəy vermək hüququ vardır.
Müsabiqə komissiyasının üzvləri müsabiqə zamanı namizədin şəxsiyyətinə və fikirlərinə hörmətlə yanaşmalı, namizədə müvafiq vəzifəyə yararlı olub-olmaması barədə fikir bildirməməli, müsabiqənin keçirildiyi otağı tərk etməməli, rabitə vasitələrindən istifadə etməməlidirlər.
Müsabiqə komissiyasının üzvü namizədlərdən hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq, asılılıq münasibətində olduqda, yaxud obyektiv qiymətləndirməyə mənfi təsir edə bilən hallar mövcud olduqda, özü-özünə etiraz etməlidir. Eyni qaydada namizəd belə əsaslar olduqda, müsabiqə başlamazdan əvvəl müsabiqə komissiyasının hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər. Bu maddənin dördüncü hissəsinə uyğun olaraq əsaslandırılmış etiraz verildikdə, barəsində etiraz verilmiş müsabiqə komissiyası üzvü həmin etirazın verilməsinə səbəb olmuş namizədə münasibətdə müsabiqə komissiyasının qiymətləndirməsində iştirak edə bilməz. əgər etiraz nəticəsində müsabiqə komissiyasının fəaliyyətini həyata keçirməsi mümkün olmazsa, həmin namizədə münasibətdə müsabiqə komissiyası yenidən təşkil olunur.Müsabiqə komissiyasının iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, sədrlik edənin səsi həlledicidir. Müsabiqə komissiyasının iclası protokollaşdırılır, protokol iclasda iştirak edən bütün müsabiqə komissiyası üzvləri tərəfindən imzalanır. Müsabiqə komissiyası üzvünün xüsusi rəyi olduqda, protokolda bununla bağlı qeyd aparılır və xüsusi rəy protokola əlavə olunur.Müsabiqə zamanı namizədin arzusu ilə video çəkilişdən istifadə edilə bilər. Bu halda videoçəkiliş müsabiqə komissiyasının normal fəaliyyətinə maneçilik törətməməlidir.
Müsabiqənin nəticəsi ilə razı olmayan namizədlər həmin nəticələr elan olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada bələdiyyəyə və ya məhkəməyə şikayət verə bilərlər.
Qanuna əlavə edilmiş 5-3-cü maddəyə uyğun olaraq bələdiyyə qulluğuna qəbulla bağlı məhdudiyyətlər müəyyən edilmişdir. Belə ki, namizəd fəaliyyət qabiliyyətinə malik deyilsə və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə, məhkumluğu ödənilməmiş və ya götürülməmişsə, bələdiyyənin sədri, bələdiyyə sədrinin müavinləri və bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi bələdiyyə qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa, bu hallarda bələdiyyə qulluğuna qəbul edilə bilməz.
Qanunun 5-1-ci maddəsinin sonuncu hissəsinə görə müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, keçirilməsi və nəticələrinin qiymətləndirilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həmin qayda təsdiq edildikdən sonra əlavə məlumat veriləcəkdir