"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrin səlahiyyətləri tədricən artırılacaq

--2015-05-20 / 23:07
  Azərbaycanda bələdiyyə fəaliyyətinin müasir dövrün tələbləri səviyyəsində qurulması məsələsi illərdir problem olaraq qalmaqdadır. Yerli özünüidarəetmə orqanlarının işinin təşkili üçün hökumət tərəfindən onlara bir sıra imtiyazlar verilsə də, hələlik bu imkanlar maksimum səviyyədə gerçəkləşdirilmir. 

 Vergilər Nazirliyi bələdiyyələrə yerli vergilərin toplanması ilə bağlı metodiki

köməyi davam etdirir. Öz büdcələrini formalaşdırmaq üçün bələdiyyələrə bir sıra vergilərin toplanması səlahiyyətləri verilmişdir. Bu gün bələdiyyələrin Vergi Məcəlləsi ilə müəyyən edilmiş və bələdiyyə büdcəsinə ödənilən aşağıdakı vergiləri yığmaq səlahiyyətləri vardır:

i           Fiziki şəxslərin

            torpaq vergisi;

i           Fiziki şəxslərin

            əmlak vergisi;

i           Yerli əhəmiyyətli tikinti

            materialları üzrə

            mədən vergisi;

i           Bələdiyyə mülkiyyətində

            olan müəssisə və

            təşkilatların mənfəət

            vergisi.

Bələdiyyə vergilərinin dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcələrini azaltmaq barədə qərar qəbul edə bilərlər.

Ancaq təəssüflər olsun ki, bələdiyyələr bu vergilərin toplanmasında uğur əldə edə bilmirlər.

Xatırladaq ki «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2002-ci il tarixli fərmanına əsasən qeyd olunan məsələ ilə bağlı metodiki rəhbərlik Vergilər Nazirliyinə həvalə edilmişdir.

Fərmana uyğun olaraq həyata keçirilən tədbirlərin başlıça məqsədi yerli vergilər və ödənişlər haqqında qanunvericiliyin tətbiqində ortaya cıxan çətinliklərin və anlaşılmazlıqların aradan qaldırılmasıdır. Bu məqsədlə bələdiyyə üzvləri, bələdiyyələrin vergi orqanı əməkdaşları ilə mütəmadi görüşlər təşkil edilir, yerli vergilərin toplanmasında mövcud problemlərin müzakirəsi aparılır, onların həllinin metodiki aspektləri nəzərdən keçirilir. Bələdiyyələrə yerli vergilərin və ödənişlərin düzgün hesablanmasında, tam və vaxtında ödənilməsində, eləcə də vergi qanunvericiliyinə dəqiq riayət olunmasında kömək göstərilməsi məqsədilə müvafiq izahatlar və təlimatlar verilir.

 

Bəzi vergilərin və ya xidmət haqlarının bələdiyyələr tərəfindən toplanması təklif olunur

 

Son vaxtlar bələdiyyələrə verilən səlahiyyətlərin artırılması təklifləri səslənməkdədir. Məsələn, Milli Məclisin deputatı Azay Quliyevin fikrincə,  mənzil-kommunal təsərrüfatları təşkilatları həyata keçirməli olduğu öhdəliklərin öhdəsindən gələ bilmir. Bu təşkilatlar ləğv edilməli və onların həyata keçirdiyi işlər bələdiyyələrə həvalə olunmalıdır: «Bələdiyyələr müəyyən kommunal ödənişləri yığa və kommunal təsərrüfatların bəzi xidmətlərini həyata keçirə bilərlər. Bu da özlüyündə bələdiyyələrin səlahiyyətlərinin və gəlir mənbələrinin artmasına səbəb olar».

Bir cox ekspertlər isə yerli vergilərin yığımını təşkil edə bilməyən bələdiyyələrin qeyd olunan işin öhdəsindən gələ biləcəyinə şübhə ilə yanaşırlar.

ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin sədri Mehdi Səlimzadə  isə yerli özünüidarəetmə orqanlarına hüquqi şəxslərdən bəzi vergi növlərinin toplanılması səlahiyyətinin verilməsi ilə bağlı təkliflərin irəli sürüldüyünü bildirib: «Bələdiyyələrin fəaliyyəti ilə bağlı illik məruzə təqdim olunanda inzibati nəzarətin təkmilləşdirilməsi, bələdiyyələrin işinin səmərəli təşkili ilə bağlı müvafiq təkliflər hazırlayırıq. Təkliflər sırasında bələdiyyələrə ödənilən vergilərin sayının artırılması, hüquqi şəxslərdən müxtəlif vergilərin tutulması, audutin təşkili ilə bağlı təkliflər və s. var idi».  M.Səlimzadə onu da bildirib ki, yeni xidmət sahələrinin yaradılması ilə bağlı təcrübəsi olan bələdiyyələrin sayı çox azdır: «Bələdiyyələr büdcələrindən səmərəli istifadə edib əldə olunan gəlirdən yeni xidmət sahələri yaratmalıdırlar və əlavə gəlirlər əldə etməlidirlər. Təəssüf ki, bu təcrübəni tətbiq edən bələdiyyələrimiz azdır».

Mərkəz rəhbəri gələcəkdə ölkənin sosial-iqtisadi inkişafı fonunda kommunikasiya, infrastrukturla bağlı sahələrdə bəzi səlahiyyətlərin mərhələlərlə bələdiyyələrə verilməsini zəruri sayır: «Ancaq bu səlahiyyətlər o bələdiyyələrə verilməlidir ki, onlar bu işləri görmək iqtidarında olsunlar. əgər bələdiyyələr bu işlərin öhdəsindən gələ bilməyəcəklərsə, onlara yeni səlahiyyətlərin verilməsi də əhəmiyyətsiz olacaq. Bələdiyyələrin səlahiyyətlərini kütləvi şəkildə artırmaqla istənilən nəticəni əldə etmək mümkün olmayacaq».

 

Böyük şəhər bələdiyyələri yaratmaq üçün təcrübəyə ehtiyac var

 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bələdiyyələrə birdən-birə daha geniş səlahiyyətin verilməsinin doğru olmadığını bildirib: «Bir çox ölkələrdə, o cümlədən Türkiyədə böyük şəhər bələdiyyələri yaradılıb. Artıq Azərbaycanda da bir neçə ildir ki, bununla bağlı müxtəlif fikirlər səslənir. Ancaq böyük bələdiyyələrin yaranması üçün müəyyən vaxt lazımdır. əvvəla, bunun üçün bələdiyyələrin maddi-texniki bazası, kadr potensialı olmadır. Bu bələdiyyələr idarəetmə və müəyyən iş təcrübəsinə malik olmalıdırlar. ilk bələdiyyə seçkilərindən sonra mütəxəssislər və xarici ekspertlər bələdiyyələrin çox olması ilə bağlı açıqlama vermişdilər. Hətta uzun müddət bələdiyyələrin birləşməsi ilə bağlı məsələ də müzakirə olunmuşdu. Ancaq bu məsələ müəyyən vaxtdan, demək olar ki, 8-9 ildən sonra öz həllini tapdı. Bu proses hələ də davam edir. Hazırda xırda və maliyyə cəhətdən çox zəif, mülkiyyəti olmayan bələdiyyələr fəaliyyət göstərirlər. Bələdiyyələr formalaşdıqdan və təkmilləşdikdən sonra qaldırılan məsələlərə baxmaq olar».

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, millət vəkili Arif Rəhimzadə bildirib ki, «Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında» qanun layihəsi Milli Məclisin regional komitəsində, parlamentin plenar iclasında müzakirə olunub.  Mövcud zərurətdən yaranmış yerli özünüidarəetmə institutunun səlahiyyətlərinin artırılması prosesində xarici ekspertlər də iştirak edirlər. Qanun layihəsində bələdiyyələrin işinin, eləcə də bələdiyyələrin fəaliyyətinə nəzarətin effektivliyinin təşkili məqsədilə vergi sisteminin təkmilləşdirilməsi, bələdiyyələrə ödənilən vergilərin sayının artırılması, audit araşdırmasında xidmət haqqı və digər məsələlərin əksini tapması təklif olunur. Ancaq bu işlərin mərhələli şəkildə həyata keçirilməsi daha məqsədəuyğun olardı. Bələdiyyə institutunun həmin səlahiyyətləri və məsuliyyəti üzərinə götürməsi üçün hazırlıqlı olması vacibdir». 

Rəşad SADIQOV
ŞƏRHLƏR