Fürsətdən istifadə edərək bələdiyyələrin daha effektiv fəaliyyətinə dəstək ola biləcək bir neçə mühüm məsələyə toxunmaq, onların aradan qaldırılmasına köməklik göstərilməsinin vacibliyini aidiyyəti dövlət orqanlarının diqqətinə çatdırmaq istəyirəm.
Keçən dövr ərzində görülən işlərə və həyata keçirilən ardıcıl islahatlara, əldə edilən nailiyyətlərə baxmayaraq yerli özünüidarəetmə orqanlarının təkmilləşdirilməsinə hələ də ciddi ehtiyac olduğu faktını qeyd etmək lazımdır. Bu ehtiyac gələcək fəaliyyətin konturlarını müəyyənləşdirməyi tələb edir. Heç kimə sirr deyil ki, bu sahədə hələ də bir sıra ciddi nöqsanlar mövcuddur. Bu nöqsanları yaradan müxtəlif səbəblər var. Bunlar bəzən bələdiyyə sistemində idarəetmədə rəhbər şəxslərin səriştəsizliyi ilə, bir çox hallarda isə bələdiyyələrin səmərəli fəaliyyətinə maneə olan maliyyə resurslarının çatışmazlığı ilə bağlıdır.
Bu gün Azərbaycanda 1606 bələdiyyə mövcuddur. Bu qədər bələdiyyənin olması ölkəmiz üçün kifayət qədər çoxdur. O cümlədən, 15 mindən artıq bələdiyyə üzvü və 6 minə yaxın bələdiyyə qulluqçusu var. Hesab edirəm ki, daha səmərəli fəaliyyət üçün mövcud bələdiyyələrin sayı azadılmalı, kiçik və maliyyə resursları məhdud bələdiyyələr birləşdirilməli, onların səlahiyyətləri də, məsuliyyətləri də artırılmalıdır. Eyni zamanda bələdiyyə-əmlak məsələləri öz həllini tapmalıdır.
Bugün hələ də mülkiyyəti təsdiqlənməyən bələdiyyələr var ki, onlar sakinlərin, ərazisində sahibkarlıqla məşğul olmaq istəyən şəxslərin torpaq sahəsi ilə bağlı müraciətlərini müsbət həll edə bilmir. Hətta, bir sıra hallarda bələdiyyələr öz büdcəsinə əlavə maliyyə vəsaitlərinin daxil olmasına xidmət edə biləcək layihələrin həyata keçirilməsinə də bu səbəbdən nail ola bilmirlər.
Günümüzdə bir sıra bələdiyyələrin ən mühüm problemlərindən olan mülkiyyət sənədləri və xəritələr ilə bağlı problemin həlli istiqamətində işlərin daha da sürətləndirilməsi qeyri-qanuni tikintilərin qarşısının alınmasına imkan yaradacaqdır. Çünki bugün qeyri-qanuni tikililərə görə sənədsiz evlərin sayı çox böyük rəqəmlərlə ifadə edilir. Bələdiyyələr qanuna uyğun olaraq sənədsiz evlərdən bələdiyyə vergilərini tələb edə bilmir. Beləliklə, bələdiyyələrin maliyyə resurslarının ən mühüm hissələrindən birini təşkil edən vergilərin yığıla bilməməsinə görə bələdiyyələr sakinlərin problemlərini həll etmək istiqamətində ciddi fəaliyyət göstərə bilmirlər. Bu isə o deməkdir ki, problemin kökü ciddidir. Bu məsələnin həlli sürətlənməli və ən qısa zamanda müsbət həllini tapmalıdır. Çünki demokratik cəmiyyətlərin dayaq nöqtələrindən biri olan yerli özünüidarəetmənin səmərəli fəaliyyətini təmin etmək sakinlərin rifah səviyyəsinin yüksəlməsinə xidmət edir.
Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında Azərbaycan Respublikasinin Qanununda digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya əsasən dövlət mülkiyyətində olan və bələdiyyələrin səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri mənzil-kommunal, sosial və mədəniyyət obyektləri, əhalinin ümumi istifadəsində olan obyektlər və digər dövlət əmlakı onların mülkiyyətinə verilir. ilk növbədə bələdiyyələrin mülkiyyətinə onların fəaliyyətini təmin etmək üçün lazımi inzibati binalar, otaqlar və avadanlıqlar verilməlidir. Lakin çox təəssülər olsun ki, bələdiyyələrin inzibati binalarının böyük əksəriyyətinin sənədləşdirilməsi prosesi hələ də öz həllini tapmayıb.
Mövcud vəziyyətdə, bələdiyyələrin mülkiyyət sənədləri və xəritələri məsələləri həll edilənə qədər bələdiyyənin ərazisi olan qanunsuz zəbt edilən torpaqlardan və həmin torpaqlarda tikilən əmlakdan vergi almaq üçün vətəndaşlarla müvəqqəti müqavilə bağlanmasına icazə verilməsinə nail olmaqla, müvafiq qanunlara müvəqqəti əlavələr edilməsilə bələdiyyələrin maliyyə durumunu xeyli yaxşılaşdırmaq olar.
Sonuncu təklifim isə sənədsiz evlərlə əlaqədardır. Bu gün digər rayonlarda olduğu kimi təmsil etdiyim seçki dairəsinə daxil olan Qaradağ, Binəqədi və Yasamal rayonlarında da minlərlə fərdi ev sənədsizdir. Sənədsiz evlər probleminin həllinin tezləşdirilməsi üçün müvafiq qeydiyyat aparılıb. On minlərlə şəxsin yaşadığı fərdi evlərin mövcudluğu sosial problem olaraq həllini gözləyir. Bu məsələdə də müvafiq addımların atilması məqsədəuyğun olardı və ölkədə yüz minlərlə insanın səbirsizliklə həllini gözlədiyi problemə son qoyulardı.
Səbinə Xasayeva
Milli Məclisin deputatı
https://www.youtube.com/watch?v=3wGwhd18CU4&t=22s