ədliyyə nazirliyi Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədovun imzasıyla bələdiyyələrlə tövsiyə məktub göndərib. Məktubda əsasən bələdiyyələrin ərazisindəki qəbirstanlıqlar barədə məlumatların Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə təqdim edilməsi tövsiyə olunur. Məktubda qeyd edilir:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən Qaydalardan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə qəbiristanlıqların müvafiq bələdiyyələrə təhvil verilməsinin təmin olunması və Azərbaycan Respublikasının ərazisində mövcud olan, habelə bu Qaydalar qüvvəyə mindikdən sonra yaradılan qəbiristanlıqların və onların ətrafındakı sanitariya mühafizə zonası ərazilərinin qəbiristanlığın yerləşdiyi ərazi vahidi üzrə bələdiyyənin müraciətinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi nəzərdə tutulmuşdur.
Bildiririk ki, “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq qəbiristanlıqların reyestri Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən aparılır. Bununla əlaqədar Komitə tərəfindən ədliyyə Nazirliyinə ünvanlanmış 19.11.2021-ci il tarixli, DK-493g saylı məktubda bələdiyyələrin ərazilərində mövcud olan qəbiristanlıqlar barədə məlumatların çoxsaylı müraciətlərə baxmayaraq Komitəyə təqdim edilmədiyi bildirilmişdir.
Xatırladılır ki, Komitənin ötən il daxil olmuş eyniməzmunlu müraciəti əsasında da tərəfimizdən məktubla müraciət edilərək məlumatların təqdim olunması xahiş edilmişdir.
Göstərilənlərə əsasən bələdiyyələrin ərazisindəki qəbiristanlıqlar barədə məlumatların Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə təqdim edilməsi tövsiyə olunur.”
Belediyye.info