ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzində nazir müavini Vilayət Zahirovun sədrliyi ilə mərkəzin altı aylıq fəaliyyəti müzakirə edilib. Tədbirdə çıxış edən Bələdiyyələrlə iş Mərkəzinin rəis müavini Fazil Məmmədov ötən yarım ildə mərkəzin fəaliyyəti barədə məlumat verib. Müraciətlərin baxılmasına toxunan rəis müavini 6 ay ərzində mərkəzə 1028 müraciətin daxil olduğunu bildirib. Onlardan 934 vətəndaşlardan, 94 dövlət orqanları, bələdiyyələr və digər təşkilatlardandır. Müqayisə üçün qeyd edək ki, 2014-cü ilin birinci yarımilində mərkəzin icraatına 917 müraciət daxil olmuşdur. Müraciətlərə baxılmış, əksər hissəsinə əsaslandırlımış cavab verilmişdir.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili və həyata keçirilməsi ilə bağlı çıxış edən Mərkəzin inzibati nəzarət idarəsinin rəisi Həbib Yusifov hesabat dövründə icraatda bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayət xarakterli 858 müraciət daxil olduğunu qeyd edib. Hesabat dövründə 43 bələdiyyənin fəaliyyəti inzibati nəzarət icraatı qaydasında araşdırılmış, onlardan 23-də daha ciddi hüquq pozuntularına yol verildiyinə görə toplanan materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. 8 müraciət Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Fərmanına uyğun olaraq araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. 6 ay ərzində mərkəzin fəaliyyəti nəticəsində ümumilikdə 372 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb.
Bələdiyyələrin maarifləndirilməsi və mərkəzin beyəlxalq əlaqələrinə toxunan Mərkəzin baş mələhətçisi Qədir Xəlilov məruzəsində “Azərbaycanda bələdiyyələrin elektron portalı”nın təkmilləşdirilməsi məqsədilə bələdiyyələrin milli assosiasiyaları ilə birgə ayrı-ayrı bələdiyyələrdə internet saytlarının yaradılması ilə bağlı bir sıra işlər görüldüyün qeyd edib. Onun sözlərinə görə, Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyətinin (GiZ) “Cənubi Qafqazda yerli özünüidarəetmə” proqramı çərçivəsində “Yerli özünüidarə ilə bağlı hüquqi aktlar toplusu” hazırlanmışdır. Topluya yerli özünüidarə ilə bağlı beynəlxalq sənədlər, Azərbaycan Respublikasının Konstitusiyası və Məcəllələrindən çıxarışlar, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlar, Respublika Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, həmçinin bir sıra normativ hüquqi aktlar və s. salınmışdır. Qədir Xəlilovun sözlərinə görə, bələdiyyələrə hüquqi və metodoloji yardım göstərilməsi mərkəzin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə bələdiyyələrin maarifləndirilməsinə yönəlmiş bir çox tədris kursları, seminar, təlimlər və s. tədbirlər təşkil olunmuş, kütləvi informasiya vasitələrində çıxışlar edilmişdir.
Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi Hafiz əliyev əmək və icra intizamına əməl edilməsi sahəsində mərkəzin əməkdaşlarının bundan sonra da öz üzərilərinə düşən vəzifələrin layiqincə yerinə yetirəcəklərinə dair fikirlərini bildirmişdir.
Tədbirə yekun vuran Vilayət Zahirov mərkəzin fəaliyyətini qənaətbəxş hesab etmişdir. Nazir müavini bələdiyyələrin cəmiyyətdə daha fəal orqan olması üçün mərkəzində üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Belediyye.info