"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrlə iş mərkəzi "Yerli (bələdiyyə) vergilərin uçotu, hesablanması, ödənilməsi işində səmərəliliyin artırılması barədə"

--2021-05-05 / 12:22

 

Yerli (bələdiyyə) vergilərin uçotu, hesablanması, ödənilməsi işində səmərəliliyin artırılması barədə        

Dövlət başçısı cənab ilham əliyevin rəhbərliyi ilə ölkəmizdə mütərəqqi islahatlar, o cümlədən əhalinin demək olar ki, bütün təbəqələrini əhatə edən, onların rifahının yaxşılaşmasına yönəlmiş geniş sosial islahatlar həyata keçirilir.

Müasir dövrdə yerli sosial-iqtisadi məsələlərin həllində bələdiyyələrin də üzərinə çox mühüm vəzifələr düşür. Bu baxımdan bələdiyyələrin öz səlahiyyətlərini effektiv həyata keçirməsinin ən zəruri şərtlərindən biri həmin qurumların yetərli maliyyə potensialına malik olmasıdır.

Bələdiyyənin statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, bələdiyyələrin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş səlahiyyətlərini həyata keçirmək üçün yerli büdcənin gəlir mənbələrinin artırılması, eləcə də büdcə vəsaitlərindən səmərəli istifadə olunması zəruridir. Yerli büdcənin başlıca məqsədi də bələdiyyə ərazisində yaşayanların həyat səviyyəsinin yüksəldilməsini, bələdiyyənin sosial-iqtisadi inkişaf proqramları ilə maliyyə və digər resursların əlaqələndirilməsini, büdcənin gəlir potensialından maksimum istifadə olunmasını, vergi və ödənişlər üzrə gəlirlərin daha çox cəlb edilməsini və büdcə vəsaitinin səmərəli istifadəsini təmin etməkdir.

Qanunvericilikdə bələdiyyələr üçün bir sıra maliyyə mənbələri nəzərdə tutulmasına baxmayaraq, hazırda yerli büdcə əsas etibarilə yerli vergi və ödənişlər hesabına formalaşır. Bələdiyyələrin maliyyə imkanlarının yaxşılaşdırılması, yerli vergi və ödənişlərin yerli büdcələrə ödənilməsinin təmin olunması istiqamətində bələdiyyələrə zəruri köməyin göstərilməsi ədliyyə Nazirliyinin daim diqqət mərkəzində olmuş, bu sahədə bir sıra maarifləndirmə tədbirləri keçirilmiş, tövsiyələr hazırlanaraq göndərilmişdir.

Lakin aparılmış təhlillər göstərir ki, hələ də bu sahədə müəyyən problemlər mövcuddur. Yerli vergi və ödəniş ödəyicilərinin uçotu, onların qeydiyyata alınması, vergilərin xüsusən torpaq və əmlak vergilərinin düzgün hesablanması, bildirişlərin vaxtında göndərilməsi, vergi və ödənişləri ödəməkdən yayınanlara qarşı qanunvericiliklə müəyyənləşdirilmiş tədbirlərin görülməsi sahəsində çox saylı pozuntulara yol verilir.

Təcrübə göstərir ki, bələdiyyələr onlara verilmiş maliyyə mənbələrindən lazımınca yararlana bilmirlər, yerli vergi və ödənişlərin aşağı yığım səviyyəsi isə planlaşdırılan işlərin həyata keçirilməsinə tam imkan vermir və sosial sığorta ödənişləri, əmək haqqı və s. üzrə kreditor borcların yaranmasına səbəb olur.

Xarakterik pozuntular demək olar ki, bütün bələdiyyələrdə mövcuddur. Bu işin düzgün təşkil edilməməsinin səbəbləri məqsədli şəkildə və ya səhlənkarlıqdan yerli vergilərin (ödənişlərin) uçotunun düzgün aparılmaması, obyektlərin uçotdan yayındırılması, ərazidə yerləşən vergi ödəyiciləri barədə məlumatların tam toplanmaması, məlumatların əldə edilməsində qanunun verdiyi imkanlardan və lazımi vasitələrdən düzgün istifadə olunmaması, yerli vergilərin (ödənişlərin) ödənilməsindən yayınan şəxslər barəsində qanunvericliklə müəyyən edilmiş tədbirlərin görülməməsi (və ya tam görülməməsi) ilə bağlıdır. Bələdiyyələrin aidiyyəti vəzifəli şəxsləri isə bir çox hallarda yerli vergi və ödənişlərin ödənilməməsi hallarında üzərlərinə düşən vəzifələri yerinə yetirmirlər.

Halbuki, “inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa görə inzibati orqan sayılan bələdiyyələrin pul tələblərinə dair inzibati aktları icrası məcburi sənəd sayılır və “icra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə icra məmurları tərəfindən məcburi icra etdirilməlidir.

 

Yerli vergilərin (ödənişlərin) yığılması işinin yerli özünüidarəetmə fəaliyyətinin təşkilində böyük əhəmiyyətini nəzərə alaraq Bələdiyyələrlə iş mərkəzi bu sahədə fəallığın artırılmasını təşviq edir və lazımi imkanlardan istifadə etməklə bu işdə bələdiyyələrə metodik köməkliyi davam etdirir.

Belə ki, ədliyyə Nazirliyi Kollegiyasının 21.11.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım haqqında Təlimat”a uyğun olaraq bələdiyyə fəaliyyətinin ayrı-ayrı sahələri üzrə müsbət təcrübənin formalaşdırılması məqsədilə pilot bələdiyyələrin müəyyənləşdirilməsi, onlarla müvafiq işin aparılması, belə təcrübələrin digər bələdiyyələrdə təşviqi həyata keçirilir. ilk növbədə bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə diqqət artırılmışdır.

Yerli vergi və ödəniş ödəyicilərinin və obyektlərinin dəqiq uçotunun aparılması, kənarda qalan vergi obyektlərinin vergiyə cəlb edilməsi və bu sahədə işin səmərəliliyin artırılması ilə bağlı pilot bələdiyyə kimi Nəsimi bələdiyyəsində praktiki tədbirlər tətbiq olunmuş, nəticədə kənarda qalan vergi və ödəniş obyektlərinin uçota götürülməsi hesabına uçotda olan vergi və ödəniş ödəyicilərin sayında və yerli büdcə gəlirlərində əsaslı artıma nail olunmuşdur. əldə olunan müsbət iş təcrübəsinin digər bələdiyyələrdə də təbliğ və təşviq olunması işinə başlanılaraq cari ilin birinci rübündə ilkin mərhələdə Bakı şəhərində 34 bələdiyyədə vəzifəli şəxslər üçün Bələdiyyələrlə iş mərkəzinin əməkdaşları tərəfindən seminar-müşavirə keçirilmişdir.

Eyni zamanda Bakı şəhəri bələdiyyələrinin vergi siyasətinin həyata keçirilməsi istiqamətində görülmüş işlərinin müqayisəli təhlili aparılmış, bələdiyyələr arasında yaxşı təcrübənin bölüşülməsi, əməkdaşlıq və təcrübə mübadiləsinin təmin edilməsi, bələdiyyələr tərəfindən vergi xidməti orqanlarının işinə nəzarətin artırılması, həmçinin debitor borcların yığılması məqsədilə icrası məcburi aktların qəbul edilməsi və aidiyyəti icra qurumlarına göndərilməsi ilə bağlı işlər görülmüşdür.

Görülmüş tədbirlər nəticəsində müvafiq iş aparılmış bələdiyyələrdə uçota götürülən torpaq vergisi obyektlərinin sayında 6%, əmlak vergisi obyektlərinin sayında 21%, sanatoriya-kurort, mehmanxana, turizm obyektlərinin sayında 33% artım müşahidə olunmuş, o cümlədən torpaq və əmlak vergisindən daxil olmalar 48% artmışdır. Belə ki, 2021-ci ilin ilk 3 ayı ərzində 9200-dən çox torpaq vergisi, 64 minə yaxın əmlak vergisi obyekti, 82 mehmanxana və turizm obyekti müəyyənləşdirilərək uçota götürülmüşdür. Bu müddət ərzində 21 bələdiyyə üzrə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 493 min manatdan çox torpaq və əmlak vergisi toplanmışdır.

Həmçinin cari ilin yalnız birinci rübündə pul tələblərinə dair inzibati aktların qəbul edilərək məcburi icraya yönəldilməsi halları 4 dəfə artmışdır.

Təcrübədə sınanmış üsullardan bütün bələdiyyələrin istifadə etmələri üçün vergitutma obyektlərinin dəqiqləşdirilməsi məqsədilə görülən tədbirləri əhatə edən “Yaddaş kitabçası” tərtib edilmişdir və bu üsulların tətbiqi vergi işinin yaxşılaşdırılmasına köməklik göstərəcəkdir (bütün bələdiyyələrə göndərilmişdir).

Göstərilənləri nəzərə alaraq, yerli vergi və ödənişlərin uçotu, hesablanması və ödənilməsi ilə bağlı işin düzgün təşkil edilməsi məqsədilə qeyd edilənlərin nəzərə alınması və kitabçada göstərilənlərin bütün bələdiyyələrdə tətbiqi və vergi işinin səmərəliliyin artırılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi tövsiyə olunur.

                                                                                                                        Bələdiyyələrlə iş mərkəzi

 

ŞƏRHLƏR