ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyətinin Qiymətləndirmə missiyasının üzvləri ilə görüş keçirilmişdir. Görüşdə “Cənubi Qafqazda Yaxşı Yerli Özünüidarəetmə Proqramı” çərçivəsində Bələdiyyələrlə iş mərkəzinin Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti ilə uzun müddət davam edən əməkdaşlığının səmərəli nəticələri, bu sahədə həyata keçirilmiş tədbirlər qeyd olunaraq 2020-ci ildə proqramın müddətinin bitməsi ilə əlaqədar yeni proqram üzrə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir. Missiya üzvləri “Publik Maliyyələşmə”, “Yaxşı yerli idarəetmə”, “Hüquqi islahatlar” proqramlarını özündə birləşdirən “Yeni Yaxşı idarəçilik” modulu haqqında məlumat verərək bu modulun 2020-ci ilin aprel ayından 2023-cü ilin mart ayına qədər davam edəcəyini bildirmişlər.
Görüşdə ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə ədliyyə Nazirliyinin əsas icraçısı olduğu “Bələdiyyələrin kəndin sosial-iqtisadi inkişafı ilə bağlı öhdəliklərinin artırılması” tədbiri ilə bağlı müzakirələr aparılmış, bu istiqamətdə görülmüş işlər, seçilmiş pilot bələdiyyələrdə kəndin inkişaf modelinin yaradılması ilə bağlı məsələlər haqqında məlumat verilmişdir. Qarşı tərəf “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin öyrəniləcəyini və bu sahədə gələcək əməkdaşlıq məsələsinə baxılacağını bildirmişdir.
Missiya üzvlərinə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş yerli özünüidarəetmə sahəsində bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici ölkələrin yerli özünüidarəetmə orqanları ilə beynəlxalq təcrübə mübadiləsinin təşkil edilməsi və başqa tapşırıqlar barədə məlumat verilmiş, qeyd edilən məsələlər üzrə Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlığa dair ilkin razılıq əldə edilmişdir.
Bələdiyyələrlə iş mərkəzi