Bələdiyyələrlə iş mərkəzində bələdiyyələrin milli assosiasiyalarının sədrləri ilə görüş keçirilmişdir. Görüşdə bələdiyyələrin işinin daha çevik əlaqələndirilməsi, onların fəaliyyətində qanunçuluğun və şəffaflığın təmin edilməsi, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və başqa aktual məsələlər müzakirə edilmişdir.
Müzakirə zamanı Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində mütərəqqi islahatların həyata keçirildiyi, o cümlədən dövlət idarəçiliyinin səmərəliliyinin daha da artırılmasına yönəlmiş əhatəli islahatların yeni mərhələsinə start verildiyi qeyd olunaraq bələdiyyələrin də öz işlərini təkmilləşdirilmələrinin zəruri olduğu vurğulanmışdır.
Yerli sosial-iqtisadi məsələlərin həllində bələdiyyələrin fəallığının artırılması, yerli özünüidarəetmə sahəsində informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən geniş istifadə olunması, o cümlədən elektron sənəd dövriyyəsinin, ayrı-ayrı elektron xidmətlərin tətbiqinin zərurəti barədə fikir mübadiləsi aparılmışdır.
Ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında nəzərdə tutulan “Bələdiyyələrin kəndin sosial-iqtisadi inkişafı ilə bağlı öhdəliklərinin artırılması”na dair tədbirin icrası, habelə qəbiristanlıqların idarə edilməsinin bələdiyyələrin səlahiyyətlərinə aid edilməsi ilə bağlı qarşıda duran vəzifələrin yerinə yetirilməsində, yerli vergi və ödənişlərin yığılmasında və yerli əhalinin məşğulluğunun artırılmasına nail olunmasında bələdiyyələrə hərtərəfli kömək göstərilməsi, bu məqsədlə milli assosiasiyaların da öz fəallıqlarını artırmasının vacibliyi qeyd olunmuşdur.
Görüşdə bələdiyyələrin beynəlxalq əlaqələrinin, o cümlədən milli assosiasiyaların Türk Dünyası Bələdiyyələr Birliyi ilə əməkdaşlığının daha da genişləndirilməsi, yerli özünüidarəetmədə qadın və gənclərin daha fəal iştirakı və s. istiqamətlərdə də birgə səylərin artırılması barədə yekdil mövqe ifadə olunmuşdur.
Bələdiyyələrlə iş mərkəzi