"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrlə iş mərkəzinin əməkdaşları Estoniyada olublar

--2018-12-25 / 10:06

Estoniya Respublikasının paytaxtı Tallin şəhərində Çexiya Xarici işlər Nazirliyi və Estoniyanın şərq Tərəfdaşlığı Mərkəzi tərəfindən birgə təşkil olunmuş “Yerli səviyyədə şəffaf idarəetmə” mövzusu üzrə keçirilmiş seminar ərazi islahatları və desentralizasiya prosesləri sahəsində qazanılmış təcrübə, eləcə də vətəndaş iştirakı, korrupsiyaya qarşı mübarizə və elektron hökumətin praktiki faydası daxil olmaqla yerli səviyyədə şəffaf idarəetmə məsələlərinə həsr olunmuşdur.

Seminarda ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin aparıcı məsləhətçisi Bahadur Kərimovun və mərkəzin inzibati nəzarət idarəsinin aparıcı məsləhətçisi Səfa Cəfərov iştirak etmişlər.

Tədbirdə Estoniya və Çexiyada aparılmış regional islahatlar, o cümlədən Estoniyada 2017-ci ildə yekunlaşmış bələdiyyələrin birləşməsi prosesi barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, Çexiyada yerli idarəetmə sisteminin mövcüd vəziyyəti təhlil edilərək, əksmərkəzləşdirmə prosesi ilə bağlı ölkədə qazanılmış təcrübə öyrənilmişdir.

Seminarın proqramı çərçivəsində e-Estoniya sərgi zalına, Tallin və Tartu şəhər administrasiyalarına səfərlər təşkil edilmiş, “Elektron hökumət şəffaf idarəetmənin tərkib hissəsi kimi” və “Ağıllı şəhər” layihələri və korrupsiya ilə mübarizə sahəsində əldə olunmuş uğurlar barədə geniş məlumat verilmiş, Avropa ittifaqı şərq Tərəfdaşlığına aid ölkələrin təcrübələri müzakirə edilmişdir.

Sonda tədbirin əhəmiyyəti qeyd olunaraq, 2019-cu ildə belə bir tədbirin Çexiya Respublikasının paytaxtı Praqa şəhərində keçirilməsinin nəzərdə tutulduğu bildirilmişdir.

Belediyye.info

ŞƏRHLƏR