Bəzi yollarda avtomobillər üçün ayrılmış parklanma yerlərindən əldə olunan vəsait bələdiyyələr tərəfindən toplanacaq. APA-nın məlumatına görə, bununla bağlı "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunun 7-ci (yerli büdcənin gəlirləri) maddəsinə əlavələr edilir.
Layihəyə görə, maddədə yerli büdcənin gəlirləri sırasına "Bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait” də əlavə olunur. Buna uyğun olaraq "Avtomobil yolları haqqında” qanuna dəyişikliklər edilməlidir. Layihənin Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir.
"Digesta” Hüquq Firmasının direktoru, yol-nəqliyyat məsələləri üzrə ekspert ərşad Hüseynov "şərq”ə açıqlamasında bu məsələnin ötən ilin dekabrında Milli Məclisdə müzakirəyə çıxarıldığını dedi:
- Məsələ yeni deyil. Ötən il Milli Məclis bunu müzakirə edib. Parklanma yerlərindən əldə olunan vəsaitin bələdiyyələr tərəfindən toplanması üçün gərək əvvəlcə hansı yolların bələdiyyənin balansında olduğu müəyyənləşsin. Bunun üçün də dövlət, özəl, bələdiyyə yolları dəqiq müəyyənləşməlidir. Hazırda Bakıətrafı qəsəbələrdə bələdiyyə yolları var. Amma hansı yolların bələdiyyəyə aid olduğu balansla təsdiqlənməlidir. Bilinməlidir ki, tutalım, Mərdəkanda, ya Novxanıda hansı küçələr, hansı yollar bələdiyyənindi. Bunlar təsdiqlənsə, parklanma yerlərindən vəsaitlərin toplanması da, vəsaitlərin bələdiyyənin hesabına köçürülməsində artıq heç bir əngəl qalmayacaq.
ə.Hüseynov bələdiyyə yollarındakı parklanma qiymətinin aşağı ola biləcəyini də xatırlatdı:
- Bələdiyyə yolları adətən daxili - qəsəbədaxili yollar olur. Belə yerlərdə əlbəttə, ödəniş də aşağı olmalıdır. Yəqin ki, bələdiyyə yolları və buna müvafiq də parklanma yerləri müəyyənləşdikdən sonra ödəniş məsələsinə də baxılacaq.
Bələdiyyələrin Fəaliyyətinin Təbliği ictimai Birliyinin sədri Vüqar Tofiqli də hesab edir ki, parklanma yerlərindən əldə olunan gəlirlərin bələdiyyələrin hesabına keçəcəyi xəbəri müsbətdir:
- Bələdiyyələrin büdcəsi nə qədər çox genişlənsə, büdcəyə daxilolmalar nə qədər çoxalsa, bir o qədər işin xeyrinədir. Bələdiyyələrin büdcəsi onsuz da çox cüzidir. əgər yerli özünü idarəetmə orqanı olan bələdiyyələrin güclənməsini, struktur kimi möhkəm formalaşmasını istəyiriksə, birinci növbədə büdcə gəlirlərinin artırılması təşkil olunmalıdır. Bələdiyyənin icra edə biləcəyi işlər çoxdur. Bələdiyyələr geniş bir müstəvidə fəaliyyət göstərə bilən qurumdur.
Baxın, qonşu dövlətlərdə - Türkiyədə, Gürcüstanda bələdiyyələr əhalinin sosial problemlərinin həllində nə qədər fəal iştirak edir. Çünki büdcələri, gəlirləri buna imkan verir. Məişət problemlərinin əksəriyyəti bələdiyyələr tərəfindən həll edilə bilər və belə də olmalıdır. Avtomobillərin parklanma yerlərindən əldə olunan vəsaitlərin bələdiyyələr tərəfindən toplanacağı, məhz bu baxımdan müsbət addımdır. Perspektiv üçün çox əladır. Amma bunun üçün gərək əvvəlcə bələdiyyə yolları olsun ki, o yollarda da parklanma yerləri quraşdırılsın və ödəniş də bələdiyyənin büdcəsinə toplansın.
Avropa ölkələrində dövlətin balansında olan yollar çox azdır. Yalnız otobanlar, magistral yollara dövlət nəzarət edir. Yerdə qalan yollar, ya özəldir, ya da bələdiyyənin balansındadır. Yolların abadlaşdırılması, yolun mühafizəsi, təmiri və sairə bələdiyyənin öhdəsindədir. Gəliri də bələdiyyənindi. Bələdiyyənin büdcəsi nə qədər böyükdürsə, həyata keçirdiyi sosial layihələrin miqyası da bir o qədər geniş olur. Bizdə də gərək bu məsələ qısa zamanda həllini tapsın. Hansı yolların bələdiyyənin balansına verildiyi təsdiqlənsin, bundan sonrası artıq asandır.
Məlahət Rzayeva