Biləcəri qəsəbəsində yerləşən 284 saylı məktəbin akt zalında Binəqədi Rayon icra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Biləcəri bələdiyyəsinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Hesabat tədbirində Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Vüsar ismayılov, Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Aparatının şöbə müdirləri və məsul işçiləri, rayonun kommunal xidmət müəssisələrinin qəsəbə üzrə nümayəndələri, kütləvi informasiya vasitələrinin nümayəndələri, qəsəbə ziyalıları və sakinləri iştirak ediblər.
Hesabat tədbirini giriş nitqi ilə açan Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Vüsar ismayılov tədbirin mahiyyəti barədə məlumat verərək, müzakirə olunacaq məsələlərin gündəliyini elan edib. RiH başçısının müavini Vüsar ismayılov Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda və Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərovun sədrliyi ilə 12 yanvar 2017-ci il tarixdə Binəqədi Rayon icra Hakimiyyətində keçirilmiş müşavirədə səsləndirilən fikirlərə toxunaraq qeyd etdi ki, ölkədə gedən sosial-iqtisadi inkişaf 2016-cı ildə də uğurla davam etmiş və ölkə Prezidenti cənab ilham əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 6 dekabr 2016-cı il tarixli Fərmanının və digər strateji əhəmiyyətli sənədlərin imzalanması və icrası 2017-ci ildə də Respublikamızın iqtisadiyyatının inkişafında mühüm rol oynayacaqdır.
Binəqədi Rayon icra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi ibad ibrahimov və Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev 2016-cı il ərzində qəsəbədə görülən işlər barəsində geniş məruzə ilə çıxış ediblər.
Hesabat yığıncağında məruzə ətrafında qəsəbə sakinləri Nizami Novruzov, Elçin Məmmədov və Kamal Rəhimov çıxış edərək, hesabata öz münasibətlərini bildirməklə 2017-ci ildə qarşıda duran vəzifələrin icrası ilə əlaqədər öz təklif və tövsiyələrini səsləndiriblər.
Müzakirələrdə çıxış edənlər əhalini narahat edən məsələlərə, xüsusilə qəsəbə ərazisində yeni yaşayış məhəllərində kanalizasiya şəbəkəsinin qurulması, qəsəbənin qaz təchizatının yaxşılaşdırılması, məhəllədaxili yolların asfaltlanması və s. kimi məsələlərə toxunaraq, qaldırılan məsələlərin həlli yolları barədə fikir mübadiləsi və müzakirələr aparıblar.
Tədbirin yekununda çıxış edən Rayon icra Hakimiyyəti başçısının müavini Vüsar ismayılov mövcud olan nöqsan və çatışmazlıqlara toxunaraq qeyd edib ki, ərazidə torpaqlardan istifadənin vəziyyəti və qanunsuz tikinti işlərinin qarşısının alınması üçün görülən tədbirlər qənaətbəxş deyildir.
Yerlərdə vətəndaşların müraciətlərlə əlaqədar qarşılanması və yönləndirilməsi, onların qəbulunun təşkili, müraciətlərinə baxılması və qanunamüvafiq cavablandırılması istiqamətində işin yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə ciddi ehtiyac vardır.
əhali ilə səyyar görüşlərin keçirilməsi daha da yaxşılaşdırılmalı, daim əhali arasında olmalı, onların problemlərinə qayğı ilə yanaşılmalı və aradan qaldırılması üçün tədbirlər görülməlidir.
Məişət tullantılarının yığışdırılması və daşınması, əhaliyə digər kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində ciddi tədbirlər görülməlidir.
Sonda müzakirə olunan məsələ barədə müvafiq qərar qəbul edildi və qeyd edildi ki, 2016-cı ilin yekunları ilə bağlı Rayon icra Hakimiyyəti başçısının hesabat məruzəsində bu nöqsan və çatışmazlıqlara xüsusi yer ayrılmalı, ciddi müzakirələr aparılmalı, konkret tədbirlər müəyyənləşdirilməlidir.
Belediyye.info
|
|
|
|
|
|
|