A.Badamov “Bakıətrafı qəsəbələrə ayrıca status verilməsinə ehtiyac olduğunu düşünmürəm.”
***
N.Bəydəmirli: “Vəziyyətdən çıxış yolu kimi Bakıda və digər şəhərlərdə Böyük şəhər Bələdiyyəsi yaratmaqla yerli idarəetməni təkmilləşdirmək olar”
*********************************************************
Bu gün Bakıətrafı yaşayış məntəqələri var ki, onların əhalisi 100 min nəfəri keçir. Bu gün Binə, Qaraçuxur, Maştağa, Bakıxanov, Binəqədi qəsəbə, Biləcəri qəsəbələrindəki əhalinin sayı 100 min nəfərə ya yaxınlaşır. Binə qəsəbəsində isə əhalinin sayı 130 min nəfərə çatıb.
əhaslinin say həddi bu qəsəbələrə şəhər statusu verilməsinə imkan verirmi? Və ya bunun üçün hansı addımlar atıla bilər?
Sualımızı iqtisadçı ekspert Nazim Bəydəmirli və Milli Məclisin üzvü Azər Badamov cavablandırır.
Nazim Bəybəydəmirlinin sözlərinə görə, Azərbaycan Respublikasının ərazi bölgüsü rayonlar üzrə aparıldığından bu problem yaranıb. Qanunvericiliklə şəhər statusun necə verilməsi dəqiq yazılmayıb, adətən rayon mərkəzləri şəhər statusu alıblar. Bir neçə il əvvəl Abşeron rayonunun mərkəzi Xırdalan şəhər statusu alıb. Bu prosesə Tovuz rayonunda Qovlar qəsəbəsinə, Xaçmazın Xudat qəsəbəsinə və Göranboyun Dəliməmmədli qəsəbəsinə şəhər statusu verilməklə başlanılıb.
Ekspertin fikrincə, bu ənənə davam etdirilə bilər, ancaq adıçəkilən qəsəbələr Bakı şəhərinə aid edildiyindən şəhərin içərisində şəhər kimi adlandırılması məntiqə uyğun deyil. vəziyyətdən çıxış yolu kimi Bakıda və digər şəhərlərdə Böyük şəhər Bələdiyyəsi yaratmaqla yerli idarəetməni təkminləşdirmək olar. O zaman Bakı Böyük şəhər meqapolisində həmin qəsəbələrin statusu da dəyişdirilə bilər.
Milli Məclisin Regional Məslələr Komitəsinin üzvü Azər Badamov məsələyə başqa kontekstdən yanaşır. A.Badamovun sözlərinə görə, qeyd etdiyiniz kimi Bakı şəhərinin rayonlarının əhalisi sürətlə artaraq 100 min ətrafına yaxınlaşır. Həm də şəhər böyüyür, şəhər ətrafı yaşayış məntəqələri ayrı-ayrı inzibati ərazi adlarında olsa da faktiki olaraq şəhərə birləşmişdir.
Belə olan halda faktiki Bakı şəhərinə birləşmiş Bakı ətrafı və şəhərin rayonlarına daxil inzibati ərazi vahidlərinə ayrıca status verilməyinə bir ehtiyac olduğunu düşünmürəm.
Dünya praktikasında da əhalisi 10 milyonlarla olan şəhərlər çoxdur. Amma o şəhərlərin tərkibində olan inzibati ərazi vahidlərinin statuslarını əhalisinin sayına görə dəyişmirlər. Sadəcə şəhər böyüyür və şəhərə mənsub infrastruktur genişlənir. Düşünürəm ki, qeyd etdiyiniz qəsəbələrə ayrıca şəhər status verilməkdənsə Bakının mərkəzi ilə birləşdirəcək metro xətlərinin və başqa vacib kommunukasiyaların tikilməsinə daha çox ehtiyac var.
Həm də Bakı şəhərinin mərkəzi çoxlu hündür binalar tikilməklə sıxlıq yaranır. Bunun qarşısı alınmalı və şəhərin sıxlığını şəhər ətrafına çıxarmalıdır. Bunun üçün əlavə mikrorayonların salınmasına daha çox ehtiyac var. Bu da gözəl şəhərimizdə gələcəkdə tıxacların yaranmasının qarşısını alar.
Belediyye.info