"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bir daha bələdiyyə qulluqçularının etik davranış Qaydaları barəsində

--2017-01-21 / 05:51

   Bələdiyyə qulluqçusu deyəndə seçki yolu ilə seçilmiş bələdiyyə üzvləri deyil yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən şəxs hesab edilir. Yerli özünü idarəetmə orqanı olan bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində mühüm rol oynayan və sakinlərlə mütamadi olaraq ünsiyyətdə olan qurum olduqları səbəbindən bələdiyyə sistemində çalışan bələdiyyə qulluqçularının qanunun aliliyinə, insan hüquqlarına, demokratik prinsiplərə və  etik davranış qaydalarına əməl etmələri olduqca vacibdir. Nəzərə alınmalıdır ki, yerli özünüidarə orqanlarının nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə qulluqçularına etimadın yüksəldilməsi prosesində bələdiyyə qulluçularının peşəkarlıq səviyyəsi, xidməti davranış qaydalarına əməl etməsi və sakinlərlə münasibət qura bilmə bacarığı mühüm rol oynayır.

      Bu dəyərlərə əməl edilməsi hər bir bələdiyyə qulluqçusu üçün mənəvi və vicdani məsələdir. Çünki bələdiyyə qulluqçuları sakinlərə xidmət göstərmək və insanların rahat həyatının təmin olunmasında iştirak etmək kimi ali və eyni zamanda məsuliyyətli bir vəzifənin daşıyıcılarıdır. Bələdiyyə qulluqçularının etik davranış qaydaları Azərbaycan Respublikasının Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında Qanunu ilə tənzimlənir.

  Qanunla müəyyənləşdirilmiş bələdiyyə qulluqçularının etik davranış qaydaları əsasən aşağıdakı 13 prinsipdən ibarətdir.

  1. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması:

     Peşəkarlıq işçinin öz işini və yaxud sənətini mükəmməl formada həyata keçirməsidir.Hər bir bələdiyyə qulluqçusu öz xidməti vəzifəsinin məsuliyyətini dərk edərək şəxsin, cəmiyyətin, bələdiyyənin və dövlətin maraqları naminə işini qanunla müəyyən edilmiş səlahiyyətlər çərçivəsində səmərəli və peşəkarcasına yerinə yetirməlidir. Unutmamalıdır ki, sakinlərin bələdiyyə orqanına güvəni və inamı məhz bələdiyyə qulluqçularının peşəkarcasına xidməti sayəsində möhkəmlənir.

  1. Loyallıq:

     Loyallıq prinsipinə əsasən bələdiyyə qulluqçuları xidməti vəzifələrinə aid olmayan hallarda, elmi yazılar və pedaqoji fəaliyyətləri zamanı çıxışları istisna olmaqla yerli özünüidarə orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidirlər. Bələdiyyə qulluqçusunun  adına xələl gətirəcək, bələdiyyə orqanın nüfuzunun itirilməsinə səbəb ola biləcək hərəkət və hərəkətsizliklərdən çəkinməklə qanunda nəzərdə tutulmuş müddəlara əməl etmək hər bir bələdiyyə qulluqçusunun vəzifə borcudur.

  1. insanların hüquq və azadlıqlarına, qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət:

   Bələdiyyə orqanının məqsədi və fəaliyəti sırf insanlara xidmət üzərində qurulduğuna görə bələdiyyə  qulluqçuları fəaliyyətləri müddətində insanların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək həmçini  hüquq və azadlıqlarına xələl gətirə biləcək hərəkət və hərəkətsizliklərdən çəkinməlidirlər. Bələdiyyə qulluqçuları xidməti vəzifələrini həyata keçirərkən fiziki və hüquqi şəxslərin sirrlərini qorumalı və onların işgüzar nüfuzlarına hörmətlə yanaşmalıdır. Eyni zamanda bələdiyyə qulluqçusu digər bələdiyyə qulluqçusunun şəxsi həyatı, şərəf və ləyaqətinə xələl gətirə biləcək məlumatlara sahibdirsə bu məlumatların məxfi qalması prinsipinə (Konfidensiallığına) əməl etməlidir.

  1. Mədəni davranış:

    Mədəni davranış bələdiyyə qulluqçusunun etik davranışının əsası olmaqla bələdiyyə qulluqçusu tərəfindən bələdiyyənin sakini, yuxarı rəhbəri və yaxud tabeçiliyində olan şəxs ayrı-seçkiliyi edilmədən hər kəslə ünsiyyət zamanı diqqətli, nəzakətli, qayğıkeş və səbirli olmağı əsas tutan davranış qaydasıdır. Bələdiyyə qulluqçuları sakinlərlə ünsiyyət zamanı mədəni davranış nümayiş etdirməlidir. Bələdiyyə qulluqçusu qarşı tərəfin aqressiv və əsassız ittihamları ilə qarşılaşdığı təqdirdə belə səbrli olmağa və nəzakət qaydalarına əməl etməyə  çalışmalıdır.

  1. əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi:

   Qanuna görə bələdiyyə qulluqçuları birbaşa və ya yuxarı rəhbərinin qanunlara uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. Təbii ki, rəhbərlik tərəfindən verilən əmr, sərəncam və ya tapşırıq qanuna və ya digər normativ hüquqi aktlara zidd olmamalıdır. əks halda bələdiyyə qulluqçusu əmr və tapşırıqdan imtina etmək hüququna malikdir. əgər belə bir ziddiyətlə rastlaşarsa bu barədə rəhbərliyə yazılı və yaxud şifahi olaraq əsaslandırmasını çatdırmalıdır. Bələdiyyə qulluqçusu rəhbərlik tərəfindən verilmiş əmr və tapşırıqların yazılı formada təqdim edilməsini tələb etmək hüququna malikdir.  

  1. Qərəzsizlik:

    Sakinlərə xidmət göstərərkən və ya qərar qəbul edərkən bələdiyyə qulluqçusu sakinlər arasında fərq qoymadan qərəzsiz, yəni heç bir gizli niyyəti və pis məqsədi olmadan davranmalıdır. Bələdiyyə qulluqçusu tərəfindən kimsənin irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə yada belə üstünlüyün əldə edilməsi üçün şərait yaradılmasına yol verilməməsi onun vəzifə borcu sayılır. 

  1. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi:

   Hər bir bələdiyyə qulluqçusu xidməti vəzifəsini icra edərkən özünün və ya maraqlı şəxslərin maddi və ya qeyri maddi mənafelərinin təsiri altına düşməməli və belə təsir üçün şərait yaratmaqdan çəkinməlidir.istənilən şəraitdə bələdiyyə qulluqçusu tərəfindən qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar, güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər yaxud da hərəkətsizlik etməsi və ya qərarların qəbul edilməsi yol verilməzdir. Bu cür hallar bələdiyyə qulluqçusuna yaraşmayan hal kimi qəbul edilir.

  1. Korrupsiyanın qarşısının alınması:

     Korrupsiyanın qarşısının alınması və cəmiyyətdə şəffaflığın artırılması məqsədiylə bələdiyyə qulluqçusu ona qanunsuz olaraq təklif edilən maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlərdən imtina etməlidir.əgər özündən aslı olmayan səbəblərdən maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlərdən hər-hansınısa  qəbul edərsə, dərhal bu barədə rəhbərinə məlumat verməli və əldə edilənlər akt əsasında qulluqçu kimi çalışdığı bələdiyyə orqanına təhvil verilməlidir. Korrupsiyanın qarşısının alnması məqsədiylə bağlanan əqd zamanı tərəflərdən biri bələdiyyə qulluqçusunun çalışdığı bələdiyyə orqanı olarsa bələdiyyə qulluqçusunun əqdlərdə digər tərəf kimi iştirakı qanunla qadağan edilir.

  1. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər:

    Obyektiv qərarlar qəbul etməsi, qərəzsiz və şəffaf fəaliyyət göstərə bilməsi üçün bələdiyyə qulluqçusu dəyəri "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olan hədiyyələri özü və digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. istisna hal kimi qonaqpərvərlik və digər hallarda hədiyyənin alınması qaçınılmaz xarakter alarsa bələdiyyə qulluqçusu məsələ ilə əlaqədar birbaşa olaraq rəhbərinə məlumat verib onun rəyini öyrənməldir.

10. Maraqların toqquşmasının qarşısının alınması:

     Bələdiyyə qulluqçusunun peşəkarlığına və səmərəli fəaliyyətinə kölgə salan amillərdən biridə şəxsi maraqlarının xidməti vəzifədən irəli gələn maraqları üstələməsi və səlahiyyətlərindən şəxsi maraqları naminə istifadə etməsidir. Bu problemin qarşısını almaq və ziddiyyətlərin bələdiyyənin işinə zərər verməməsinə nail olmaq üçün bələdiyyə orqanlarında çalışdığı müddətdə xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi təqdirdə bələdiyyə qulluqçusunun  həmin maraqların xarakteri və mahiyyəti barədə rəhbərinə məlumat verməyə borclu olduğu qanunvericilikdə öz əksini tapmışdır.

      Bələdiyyə orqanlarında çalışmağa başladığı zamandan bələdiyyə qulluqçusu  etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə əlaqədar normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalı və müvafiq hüquq normaları haqqında suallar yaranarsa bələdiyyə rəhbərinə müraciət etməlidir.

11.əmlakdan istifadə:

     Bələdiyyənin əmlakından yalnız bələdiyyənin ehtiyacları və fəaliyyəti istiqamətində qənaətlə və səmərəli istifadə edilməlidir. Bələdiyyə qulluqçusu tərəfindən  bələdiyyə əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlığından şəxsi maraqları naminə, habelə  xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etmək yol verilməzdir və bu cür hallar qanun pozunutusu sayılır.

12. Məlumatlardan istifadə:

     Heç bir halda bələdiyyə qulluqçusu fəaliyyəti müddətində əldə etdiyi məlumatlardan şəxsi maraqları naminə istifadə etməməlidir. Bələdiyyə qulluqçusu tərəfindən çalışdığı bələdiyyə orqanına məxsus xidməti informasiyanın verilməsi və yayılması  yalnız qanunla müəyyən edilmiş  qaydalar əsasında mümkün ola bilər.

13. ictimai və siyasi fəaliyyət:

     Bələdiyyə qulluqçusunun xidməti vəzifəsini həyata keçirdiyi müddətdə həmkarlar ittifaqı istisna olmaqla bələdiyyə orqanlarında ictimai və ya siyasi birliklərin yaxud dini təşkilatların struktur bölmələrini yaratmaq və ya həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına  yardım etmək kimi fəaliyyəti qanuna ziddir.

    Keçirilən seçkilər zamanı bələdiyyə qulluqçusunun səlahiyyətlərindən və mövqeyindən istifadə edərək siyasi partiya və ya siyasi partiya blokunun lehinə hər hansı fəaliyyətlə məşğul olması qanunla qadağan edilir.

     Bələdiyyə qulluqçusunun təkcə özü deyil xidməti vəzifəsindən istifadə edərək, digər bələdiyyə qulluqçularını ictimai və ya siyasi birliklərin, yaxud dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməsi qanun pozuntusu kimi qiymətləndirilir.

Bələdiyyə qulluçuları tərəfindən yuxarıda sadalanan etik davranış qaydalarının pozulması zamanı bələdiyyələrin struktur bölmələrinin rəhbərlərinə, bələdiyyə sədrinə və ya məhkəməyə şikayət verilə bilər.

  Yuxarıda sadalanan prinsiplərin təkcə bələdiyyə qulluqçusunun fəaliyyətini obyektiv və qərəzsiz həyata keçirilməsini tənzim etməklə məhdudlaşmır, bu prinsiplər eyni zamanda cəmiyyətdə bələdiyyə orqanına olan güvən və inamın möhkəmləndirilməsinə xidmət edir.

    

Fərman Salmanlı

Abşeron rayon Hökməli bələdiyyəsinin sədr müavini,

Hüquqşunas, 

ŞƏRHLƏR