"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bir məlumatın yaratdığı suallar

--2022-02-12 / 06:05

əmlak məsələləri Dövlət Xidməti vətəndaş məmnunluğunu nə vaxt təmin edəcək?

 

əmlak məsələləri Dövlət Xidməti dünən maraqlı bir məlumat paylaşıb. Məlumat diqqətimizi çəkdiyindən biz də paylaşdıq. Lakin məlumatı təkrar oxuyanda xidmət rəsmilərinə ünvanlanan çoxsaylı suallar meydana gəldi.

Yazıda bəh-bəhlə qeyd edilir ki, bu sahədə, yəni əmlakın sənədləşdirilməsi zamanı,   tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə imkan yaradıb. 2022-ci ilin yanvar ayı ərzində 24 101 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.   iqtisadiyyat Nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidmətindən Modern.az-a verilən məlumata əsasən, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 19,3 faiz çoxdur.

Üstəlik aylıq göstəricinin 4 101-i (17,02 faizi) ilkin, 20 000-i (82,98 faizi) isə təkrar qeydiyyatın payına düşüb. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3 798-i fərdi yaşayış və bağ evi, 6 835-i mənzil, 12 534-ü torpaq sahəsi, 293-ü qeyri-yaşayış binası, 576-sı qeyri-yaşayış sahəsi, 61-i əmlak kompleksi, 4-ü isə çoxmərtəbəli yaşayış binasıdır”

Bəli, çox maraqlı və diqqətiçəkən məlumatdır. Prosesdən xəbəri olmayan oxucunun sözsüz ki, xidmətə “alovlu bir afərin” söyləməsi də mümkündür. Ancaq təəssüf edirəm ki, xidmətin yaydığı bu məlumatı tam və əhatəli hesab etmək olmaz. Sual olunur niyə? Axı xidmət ay ərzində 4101 nəfəri ilk dəfə, 20.000 nəfəri təkrar “sevindirib”.

Dostlar, gəlin gözə kül üfürməyi yığışdıraq. Bəs deyilmi. Vətəndaş məmnunluğunu real şəkildə təmin etməyə çalışaq. Axı ölkə başçısı da bunu sizlərdən daim tələb edir. Keçək, mətləbə.

Birincisi, sual edirəm,   bu sahədə, yəni əmlakın sənədləşdirilməsi zamanı, tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi dedikdə nə başa düşülür? Saysız-hesabsız sənədlərin tələb edilməsi, aylarla uzanan proses yenilk hesab edilirmi? Hansı məqsədlə ilkin sənədləşmə prosesi xidmətdə saxlanılır, məgər ilkin sənədləşməni ASAN Xidmətə vermək olmazdımı? Və yaxud pilot layihəyə düşən, iyirmi ilə yaxın müddətdə bələdiyyənin istifadəsində olan dövlət əmlakına söküntü prosesindən sonra çıxarış verilməsi nə vaxtdan yenlik sayılır? Bu kreativ ideyanı yalnız xidmət tətbiq edə bilərdi. Xahiş edirəm buna aydınlıq gətirilsin. Biz illərdir informasiyanın içərisindəyik bu yeniliklərin tətbiqindən xəbərimiz yoxdur. Xəbərimiz yoxdursa, demək o yenilik də yoxdur.

ikincisi, sual edirəm, ay ərzində ilk dəfə sənəd alan 4.101 nəfər sizlərə nə vaxtdan müraciət edib, bəlkə buna aydınlıq gətirəsiniz? Bilirsinizmi ki, ilk dəfə müraciət edənlərin neçə dəfə sizə rəsmən müraciət edib, neçə dəfə   şəxsən gəlib və narazılığını bildirib? Qəti əminəm ki, həmin 4101 nəfər il ərzində müraciət edənlərdir, bəlkə də onların arasında elələri var ki, iki ildir gəlib gedir və hər dəfə də müxtəlif səbəblər və bəhanələr gətirilib. Dəqiq deyə bilərəm ki, 4101 nəfərin xeyli bir hissəsi həmçinin qazı və şəhid ailələrinə aid olan sənədlərdir ki, onlardanda “ummaq” ən azı ........

Üçüncüsü, sual edirəm, əgər xidmət ay ərzində 4101 nəfəri ilk dəfə sevindirə bilibsə, xidmət niyə Bakı və Bakıətrafı ərazilərdəki sayı 600 minə çatan sənədsiz mənzillərin sənədləşdirilməsinə başlamır? Bu sürətlə getsə demək sənədsiz mənzil sahibləri hələ neçə belə illəri yola verməli olacaqlar. Təsəvvür edin ki, sənədsiz mənzil sahibi bu gün xidmətə müraciət edərsə ona hansı cavab veriləcək? Get arxivdən sənəd gətir, icra hakimiyyətinin sərəncamını gətir və saysız-hesabsız siyahı və hardasa Nazirlər Kabinetində təsdiq edilmiş hansısa siyahıya uyğun sənədlər paketi. Sual edəndə isə günah dərhal Nazirlər Kabnetinin üstünə atılır və soruşanda yoxdur ki, Nazirlər Kabinetinə təsdiq üçün bu əsasnaməni kim hazırlayıb göndərib. Bəli, sualları davam etdirmək olar. Amma hələlik üç suala cavab verilsə kifayətdir.

Sonda deməliyəm ki, bu gün bələdiyyələri hədsiz dərəcədə bezdirən, hərracdan bələdiyyə büdcəsinə daxil olan vəsaitin ən azı 70 faizini rəsmi şəkildə və rüsum formasında bələdiyyənin əlindən alan qurumun adı əmlak məsələləri Dövlət Xidmətidir.

Bizim məqsədimiz çox sadədir. Hər bir orqanın təmsilçisi vətəndaşın gözünə kül üfürməyi yox, sadəcə vətəndaşa real dəstək göstərməyə çalışmalıdır. indiki həssas məqamda vətəndaşı dövlətdən narazı salmaq heç bir orqanın, xüsusən də əmlak məsələləri Dövlət Xidmətinin təmsilçilərinə yaraşmaz.

Xidmət əməkdaşları heç olmasa düşünsünlər ki, cənab Prezidentin sərəncamıyla bu orqanın statusu son on ildə neçə dəfə dəyişib.

Hə halda fikirləşin və tənqiddən nəticə çıxarın ki, vətəndaş məmnunluğunu da təmin edə biləsiniz.

Vüqar Vofiqli

ŞƏRHLƏR