"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bizə səs verən sakinlərimizin etimadını gördüyümüz işlərlə doğruldacağıq-BəLəDiYYə SəDRi YAZIR

--2017-07-24 / 06:34

22 iyul - Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illərdə Binəqədi rayon icra Hakimiyyətinin rəhbərliyi ilə Binəqədi rayonu ərazisində abadlıq-quruculuq istiqamətində görülən işlər rayon sakinləri tərəfindən rəğbətlə qarşılanmış, sakinlərin kommunal sahədə, həmçinin digər sosial sahələrdə mövcud olan bir sıra problemləri öz müsbət həllini tapmışdır. Belə ki, rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində rayonun magistral və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmış və bu istiqamətdə işlər bu gün də uğurla davam etdirilməkdədir.

Binəqədi rayonunda günü-gündən inkişaf edən abadlıq-quruculuq işləri Biləcəri qəsəbəsində də uğurla davam etdirilir. Biləcəri qəsəbəsi Binəqədi rayonunun inzibati ərazisinə daxil olan, rayon mərkəzindən 4,5 km aralıda, Abşeron yarımadasının qərbində yerləşən qədim yaşayış məntəqəsidir.  Yaxın keçmişə nəzər salsaq görərik ki, paytaxtın şimaldan giriş qapısı hesab olunan Biləcəri qəsəbəsində Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələri, Binəqədi rayon icra Hakimiyyəti başçısının dəstəyi ilə sürətlə aparılan sosial-iqtisadi inkişafın nəticəsidir ki, bu gün Biləcəri qəsəbəsi hər ötən ilə nisbətən daha da inkişaf etmiş, abadlaşmış və müasirləşmişdir.

Bakı-Sumqayıt yolunun Biləcəri qəsəbəsinə düşən hissəsində geniş abadlıq-quruculuq işləri aparılaraq Biləcəri yamacı yaşıllığa qərq edilmiş, ağaclar qaydaya salınaraq ətrafına gül-çiçəklər əkilmiş, böyük və geniş göz oxşayan mənzərə yaradılmışdır. Yol kənarları işıqlandırılaraq, divarlara gül dibçəkləri bərkidilmişdir.

ərazinin təmizliyinin təmin edilməsinin əsasını ilk növbədə tullantıların ərazidən kənarlaşdırılması təşkil edir. Bildiyimiz kimi 2012-ci ildən etibarən Binəqədi rayon bələdiyyələri məişət tullantılarının yığılıb-daşınmasını “Pilot”Layihə olaraq öz üzərinə götürmüş və bu gün də uğurla davam etdirirlər. Bu məqsədlə Biləcəri bələdiyyəsi tərəfindən qəsəbə ərazisində 187 tullantı meydançası tikilmiş, ətrafda xoş görüntü yaratmaq məqsədilə meydançalardan bir çoxunun ətrafında gül kolları əkilmişdir. Tikilmiş meydançalarda ümumilikdə 430 konteyner quraşdırılmışdır ki, onların da rənglənməsinə, mütəmadi olaraq dezenfeksiya edilməsinə, təmir-bərpa işlərinə tərəfimizdən ciddi nəzarət edilir. O cümlədən qeyd edim ki, Biləcəri bələdiyyəsinin nəzdində fəaliyyət göstərən Təsərrüfat şöbəsi istifadəsində olan maşın mexanizmi və canlı qüvvə vasitəsilə gündəlik bir neçə reys olmaqla məişət tullantılarının yığılaraq ərazidən kənarlaşdırılması  və zərərsiləşdirilməsi işini həyata keçirir.

Görülmüş işlər çərçivəsində Biləcəri qəsəbəsi, R.ismayılov küçəsi və Motodrom ərazisində Atıcılıq kompleksinə gedən yolun kənarlarında yeni hasar inşa edilmiş, yol kənarı obyektlərin fasadı Betopan materialdan ibarət müasir tipli odadavamlı fasad örtüyü ilə üzlənmiş, metal konstruksiyadan ibarət dekorativ arka quraşdırılmış, piyada səki yolu salınmış, yeni küçə işıqları dirəkləri quraşdırılmış, Biləcəri enişindən Avtovoğzala qədər olan hissədə yol kənarlarındakı dekorativ hasara fasad işıqlandırma sistemləri quraşdırılmışdır. Eyni zamanda, aparılan abadlıq-quruculuq işləri çərçivəsində Biləcəri qəsəbəsi ərazisində yollara ümumilikdə 36000 m2 yeni asfalt örtüyü salınmış, avtomobil dairəsi yenidən qurularaq, işıq dirəyi quraşdırılmışdır. Avtovağzal istiqamətinə gedən iki ədəd körpünün alt hissəsi təmir edilərək yenidən boyanmış, ərazidə yaşıllaşdırma işləri həyata keçirilmişdir.

           Bundan əlavə qeyd edim ki, Binəqədi rayon bələdiyyələri ilə yanaşı Biləcəri bələdiyyəsi də ictimai-humanitar sahəyə də xüsusi diqqət göstərir və təsadüfi deyildir ki, artıq 10 ildir “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində bələdiyyələrimizdə ay ərzində 1 deyil ən azı 3 tədbir olmaqla 10-a yaxın müxtəlif mövzularda tədbirlər həyata keçirilir. Bələdiyyəmiz qəsəbə gənclərinin eləcə də yaşlı nəslin nümayəndələrinin iştirakı ilə “Kitab tutan əllər”, “Vergi nədir?Vergi hara xərclənir”, “Sağlamlıq günü”, "Ümumdünya Sağlamlıq Günü", “Beynəlxalq abidələr və tarixi yerlər günü”, “Tarixi abidələr günü”,”Uşaqların beynəlxalq müdafiəsi günü”, “Narkomaniyaya yox deyək!” və bir çox bu kimi mövzuları əhatə edən tədbirləri həyata  keçirilmişdir.

Biləcəri bələdiyyəsi qəsəbənin ictimai-humanitar sahəsində eləcə də sosial həyatında fəal iştirak edir, yaranmış problemlərin aradan qaldırılmasına səylə çalışır.

Qəsəbə ərazisində görülmüş işlər, keçirilmiş tədbirlər Binəqədi rayon bələdiyyələrinin facebook səhifəsi vasitəsilə işıqlandırılaraq sakinlərə təqdim olunur.

Bələdiyyənin nəzdində yaranmış “Məhəllə komitələri” vasitəsilə bələdiyyə vətəndaş”həmrəyliyi çərçivəsində bələdiyyə ərazisində yaşayan sakinlərlə mütəmadi görüşlər keçirilir, onların təklif və təşəbbüsləri nəzərə alınaraq icrası təmin edilir.

Bundan əlavə bələdiyyə aparatının işçiləri mütəmadi olaraq qəsəbə ərazisində yaşayan şəhid ailələri, aztəminatlı ailələr, müharibə veteranları və əlilləri ilə görüşlər keçirir, onların problemləri öyrənilir və həlli istiqamətində tədbirlər həyata keçirilir.

 “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü ilə həyata keçirilmiş layihələrdən biri olan “Abad məhəllə” layihəsi çərçivəsində qəsəbənin X.Natavan, A.Zeynallı, Y.Hüseynov küçələrində və məhəllə 5057/68 ünvanlarındakı məhəllələr abadlaşdırılmış, orada söhbətgahlar quraşdırılmış, oturacaqlar qoyulmuş, yaşıllıqlar salınmış, ağac və gül kolları əkilmişdir. Qəsəbənin mərkəzi küçələrindən olan X.Natavan küçəsində fasad örtüyü yararsız vəziyyətdə olan bir çox yaşayış binalarının örtükləri əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir.  

 Bu kimi bir çox layihələr və eləcə də gündəlik işimizdə qəsəbəmizin abadlaşdırılması, yaşıllaşdırılması, məişət tullantılarından təmizlənməsi istiqamətində tərəfimizdən əsaslı işlər həyata keçirilir.

Qəsəbə bələdiyyəsi bu və digər təsərrüfat işlərini həyata keçirmək məqsədilə rayonun bir sıra təsərrüfat idarələri və qurumları ilə sıx əməkdaşlıq əlaqələri quraraq hər zaman onlarla birgə mövcud problemlərin aradan qaldırılması istiqamətində addımlar atır.                                  

  “20 Yanvar” və “Milli Qəhrəmanlar”  abidə kompleksləri ətrafında müasir tələblərə cavab verən park salınaraq sakinlərin asudə vaxtlarını səmərəli şəkildə keçirmələri məqsədilə yaşıllıqlar salınmış, gül kolları əkilmiş, çox sayda oturacaqlar qoyulmuş və işıqlandırılmışdır. Bütün bunların qorunub saxlanmasına, təmizliyinə bələdiyyə tərəfindən mütəmadi nəzarət edilir və ehtiyac olduqda təmir-bərpa işləri aparılır.

Uzun illərdir təmirə ehtiyacı olan və haqlı olaraq ətrafda yaşayan sakinlərin ciddi narazılığına səbəb olan Xırdalan-Biləcəri-Binəqədi avtomobil yolu əsaslı olaraq yeraltı kommunikasiya xətləri ilə birlikdə təmir edilmiş və vətəndaşlarımızın istifadəsinə verilmişdir.

Qeyd edim ki, qəsəbənin abadlaşdırılmış, yaşıllıqlar salınmış digər əraziləri də hər zaman diqət mərkəzindədir.

Eyni zamanda qəsəbənin parklarında, avtomobil yolları və məhəllədaxili yollarında işıqlandırma sisteminə daim nəzarət edilir və yaranmış problemlər aidiyyatı qurumlar tərəfindən operativ şəkildə aradan qaldırılır.

Son olaraq bildirirəm ki, bələdiyyənin səlahiyyətləri daxilində üzərimizə düşən vəzifələrin həllinə çalışacaq və bizə etimad göstərən sakinlərimizin etimadını gördüyümüz işlərlə doğruldacağıq.

Hikmət  Quliyev

Binəqədi Rayon Biləcəri bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR