Xatırlatma:
Bu gün yerli büdcənin təsdiqinin sonuncu günüdür. Bununla bağlı ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin tövsiyyə məktubu var.
Məktubu bir daha diqqətinizə çatdırırıq.
*****
Yerli büdcənin icrasının təşkili ilə bağlı bələdiyyələrə tövsiyə məktubu göndərilıib.
Bu barədə Belediyye.info saytına ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzindən bildirilib. Mərkəz rəisi Mehdi Səlimzadənin imzasıyla göndərilən tövsiyyə məktubunda bildirilir:
“ Bələdiyyə aktlarının, yarımillik və illik maliyyə hesabatlarının ekspertizası zamanı bəzi bələdiyyələr tərəfindən maliyyə vəsaitlərinin təsdiq olunmuş yerli büdcədə göstərilən istiqamətlər üzrə xərclənməməsi və ya mövcud problemlərin həllinə deyil, onlara aid olmayan sahələrə xərclənməsi hallarına yol verilməsi müəyyən edilmişdir.
Qanunun 8-ci maddəsinə görə, yerli büdcə bələdiyyələrin müəyyən etdiyi xərc normativləri əsasında formalaşdırılır. Yerli büdcələrdə yerli sosial müdafiə, sosial və iqtisadi inkişaf, habelə ekoloji proqramların maliyyələşdirilməsi üçün xərclər nəzərdə tutula bilər. Bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədi ilə yerli büdcədə zəruri xərclər nəzərdə tutulur və təyinatı üzrə sərf edilir. Yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əməkhaqlarına ayırmalar ümumi büdcənin əlli faizindən çox ola bilməz. Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir. Xərclərin öz gəlirləri ilə təmin olunmayan hissəsi (yerli büdcənin kəsiri) dövlət büdcəsindən alınan dotasiya ilə örtülə bilər.
Bir çox bələdiyyələr tərəfindən yerli büdcədə nəzərdə tutulan qanunvericiliyə uyğun olaraq müdafiə olunan xərclər (əmək haqqı ilə bağlı ödənişlər) təxirə salınaraq ödənilməsi gecikdirildiyi halda, maliyyə vəsaitləri digər xərclərə istifadə olunur. Nəticədə işçilər və Dövlət Sosial Müdafiə Fondu qarşısında borclanan bələdiyyə maliyyə-təsərrüfat fəaliyyətində çətinliklərlə üzləşir.
“Büdcə sistemi haqqında” Qanunun 7.1-ci maddəsinə uyğun olaraq büdcəyə daxilolmaların vəziyyətindən asılı olmayaraq əmək haqqı və əmək haqqına üstəlik üzrə xərclər müdafiə olunan xərc maddələri hesab edilir və onlara sekvestr, yəni ixtisar tətbiq olunmur. Həmin Qanunun 38-ci maddəsinə əsasən yerli büdcələrin icrası prosesində mədaxil mənbələri üzrə daxil olan vəsait azalarsa və bu, büdcə kəsrinin son həddini aşmasına səbəb olarsa, müdafiə olunan xərc maddələri istisna olmaqla, digər xərclərə sekvestr tətbiq edilir.
Yarımillik və illik maliyyə hesabatlarının qanunvericiliyə uyğun tərtib olunması barədə metodik vəsaitlər hazırlanaraq Bələdiyyələrlə iş mərkəzi tərəfindən bütün bələdiyyələrə göndərilmiş, mövzuyla bağlı seminar və təlimlər təşkil olunmuşdur. Lakin bir çox bələdiyyələr tərəfindən bu hesabatların təqdim edilməməsi yerli büdcənin icrasında yol verilən qanun pozuntularının vaxtında aşkarlanmasına mane olur.
“Büdcə sistemi haqqında” Qanunun 37.7-ci maddəsinə görə bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim edir. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları isə növbəti ilin yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 (on beş) iş günü müddətində təsdiq edirlər. Yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, rəsmi internet saytı və s. vasitələrlə çatdırırlar.
Qanunun 39.1-ci maddəsinə uyğun olaraq yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir.
Göstərilənlərin bələdiyyə üzvləri və qulluqçuları tərəfindən öyrənilməsi, büdcə xərclərinin düzgün planlaşdırılması və təyinatı üzrə istifadəsi, maliyyə hesabatlarının qanunauyğun tərtib edilməsi və qanunla müəyyən edilmiş müddət ərzində inzibati nəzarəti həyata keçirən orqana göndərilməsi tövsiyə olunur.”
Belediyye.info