"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bu gün Memorial Soyqırım muzeyi ziyarət olundu

--2017-02-23 / 17:00

23 fevral 2017-ci il tarixdə YAP Nərimanov rayon təşkilatının rəhbərliyi və fəal gəncləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində olmuşlar.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev mərasim iştirakçılarını salamlayaraq bildirmişdir ki, bu gün biz Respublika Hərbi Prokurorluğunda Memorial Soyqırımı Muzeyinə toplaşmışıq. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni ekstremistlərinin Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir amansız nümunəsidir. T. Tağıyev qeyd edib ki, Ermənistanın azərbaycanlılara qarşı qəddarcasına həyata keçirdiyi qətliamlar sadəcə Xocalı soyqırımı ilə məhdudlaşmayıb: “Xocalı soyqırımı XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı Naxçıvanda, Gəncədə, Qubada, Bakıda, irəvan xanlığında mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsidir və bununla bağlı həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, bu cinayətlər beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır. Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapıb.
Sonra tədbir iştirakçıları Azərbaycanlılara qarşı törədilmiş vəhşəti əks etdirən filmi izləmiş və muzeylə tanış olmuşlar.
Muzey 4 bölmədən - tarix, deportasiya-repressiya, soyqırımı və terror bölməsindən ibarət olmaqla 320 kvadratmetr sahədə yerləşmişdir.
Muzeyin girişində asılmış rəsm əsərləri ürəkləri parçalayan şiddətli ağrıları təcəssüm etdirir. Bu rəsmlər həqiqəti gizlətməyin mümkün olmadığını göstərir. Rəsm əsərləri soyqırımı qurbanlarının matəm sükutunu özündə əks etdirir. “Xocalı fəryadı” adlı rəsm əsəri buna əyani sübutdur. Muzey xalqımıza qarşı törədilmiş soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin ədəbiyyat fondu ilə təchiz olunmuşdur. Bütün bölmələrdə məlumat mərkəzi quraşdırılmışdır. Həmçinin muzeyin girişində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar 2012-ci il fevralın 26-da Prezident ilham əliyevin rəhbərliyi altında 100 mindən artıq insanın Xətai rayonu ərazisində ucaldılmış “Ana fəryadı” abidəsinə keçirilmiş yürüşünün irihəcmli fotoşəkli yerləşdirilmişdir. 
Muzeyin tarix və deportasiya-repressiya bölmələrində XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif ərazilərinin dağıdılıb viranə qoyulmuş görüntüləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Muzeydə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı ölkəmizin müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada ümummilli lider Heydər əliyevin və Prezident ilham əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördükləri işlərin və imzaladıqları sərəncamların nümayiş etdirildiyi guşə də yaradılmışdır. Həmçinin muzeydə Quba, Cavad, Göyçay, şamaxı və Bakı qəzaları barədə və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar vardır. Bu guşələrdə həm də qəzaların əhalisi, müdafiəçiləri, müsəlman qırğınları üzrə Fövqəladə Təhqiqat Komissiyasının məlumatları, sənədləri, Rusiya imperiyası və iran dövləti arasında bağlanmış və Azərbaycanı ikiyə bölən Gülüstan və Türkmənçay müqavilələri, “Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırımı siyasətinin deportasiya və sürgün mərhələsi” kompozisiyası, 1930-cu illərdə repressiya qurbanı olmuş Azərbaycan ziyalıları və görkəmli şəxsiyyətləri haqqında cinayət işlərindən götürülmüş fraqmentlər, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından son deportasiyasını əks etdirən fotoşəkillər sərgilənir.
Ekskursiya zamanı bələdçi bildirmişdir ki, Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunədir. Müstəqilliyimizin bizə bəxş etdiyi töhfələrdən biri də tarixi həqiqətlərimizi, tariximizi obyektiv şəkildə araşdırmaq, bu faktları gələcək nəsillərə olduğu kimi çatdırmaq və əcnəbiləri məlumatlandırmaqdan ibarətdir.

Belediyye.info

ŞƏRHLƏR