N:09/9-135
26.07.19
Bütün bələdiyyələrə
Çoxmənzilli binaların idarə edilməsi
sahəsində bələdiyyələrin vəzifələri
Ölkəmizdə aparılan ardıcıl və məqsədyönlü islahatlar çərçivəsində iqtisadiyyatın bütün sahələri ilə birbaşa və dolayı əlaqəli olan mənzil-kommunal təsərrüfatı sahəsində yeni idarəetmə formasının tətbiqi, yaşayış fondunun idarəedilməsində rəqabətin inkişaf etdirilməsi, yaşayış fondunun inventarlaşdırılması və özəlləşdirilməsinin stimullaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qəbul edilməsi nəticəsində bütövlükdə mənzil-kommunal sahəsində islahatların başlanılmasına təkan verilmişdir.
Mənzil Məcəlləsi vasitəsilə dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılması, mənzil təhlükəsizliyi və toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanması və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi kimi məsələləri tənzimləyir. Məcəllədə mənzil münasibətləri, eləcə də çoxmənzilli binaların idarə edilməsi sahəsində yerli özünüidarə orqanlarının səlahiyyətləri də müəyyən edilmişdir.
Qeyd olunur ki, sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə bina sakinləri tərəfindən çoxmənzilli binanın idarə edilməsi üsulunun seçilməsi tələb olunur. Mənzil Məcəlləsinin 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur:
- binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə;
- mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə;
- idarəedici təşkilat tərəfindən idarə edilmə.
Yuxarıda qeyd olunan idarə üsullarından birincisi, çoxmənzilli binanın inzibati-struktur quruluşuna malik olan hər hansı bir konkret təşkilatın müdaxiləsi olmadan, bilavasitə sahə mülkiyyətçiləri tərəfindən idarə olunması üsuludur. Digər iki üsulu isə, binanın konkret təşkilat tərəfindən idarə olunması üsullarını bildirir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə yaradılan çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi olmaqla qeyri-kommersiya təşkilatıdır.
Məcəlləyə əsasən çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. idarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir.
Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulunun seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi halda həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Yığıncaqda bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulunun seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi halda bələdiyyə tərəfindən idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçiriləcəyi sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır.
Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi açıq müsabiqənin keçirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla qanunvericiliklə (Mənzil Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi) müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur.
Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır.
Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.
Qanunvericiliyin tələblərinə əsasən çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər.
Çoxmənzilli binaların idarə edilməsi üçün şərait yaradılması məqsədi ilə bələdiyyələr aşağıdakıları həyata keçirirlər:
- idarəedici təşkilatların fəaliyyəti üçün bərabər şəraiti təmin edir;
- çoxmənzilli binanın idarə edilməsini həyata keçirən şəxslərin ixtisasının artırılmasına, belə fəaliyyəti həyata keçirmək niyyəti olan şəxslərin təlimini təşkil etməyə köməklik göstərir.
Bələdiyyələr idarəedici təşkilatlara, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinə, mənzil-tikinti kooperativlərinə və ya digər ixtisaslaşmış istehlak kooperativlərinə çoxmənzilli binaların əsaslı təmiri üçün öz vəsaitləri hesabına yardım edə bilərlər.
Bələdiyyələr və idarəedici təşkilatlar vətəndaşların sorğusu əsasında onlara çoxmənzilli binaların və onların yaşayış sahələrinin saxlanması və təmiri üzrə xidmət və işlərin müəyyən edilmiş qiymət və tarifləri, bu qiymət və tariflərə müvafiq haqqın miqdarı, göstərilən xidmət və yerinə yetirilən işlərin siyahısı və keyfiyyəti, habelə göstərilən kommunal xidmətlərin qiymət və tarifləri və bu xidmətlərin haqqının miqdarı barədə məlumat verməyə borcludur.
Qeyd olunur ki, çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada tədbirlərin görülməməsinə görə inzibati Xətalar Məcəlləsində vəzifəli şəxslər üçün inzibati məsuliyyət (üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə) müəyyən edilmişdir.
Göstərilənlərin nəzərə alınması və çoxmənzilli binaların idarə edilməsi sahəsində qanunvericiliklə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi tövsiyə edilir.
Bələdiyyələrlə iş Mərkəzi