"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Dövlət Ekoloji Ekspertiza Agentliyində növbəti maarifləndirici tədbir keçirilib

--2022-10-14 / 17:56

Dövlət Ekoloji Ekspertiza Agentliyində Suraxanı rayon icra hakimiyyəti rəsmilərinin, Suraxanı rayon bələdiyyə rəsmilərinin, qeyri-hökumət təşkilatlarının, həmçinin media təmsilçilərinin iştirakı ilə növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirin məqsədi yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin yaşıllıqların monotorinqi, mühafizəsi və onların götürülməsi üçün mövcud prosedurların izahı, həmin qurumların bu sahədə üzərinə düşən öhdəliklərinin müzakirəsi olub.

Görüşdə yaşıllıqların götürülməsinə dair ekoloji rəyin alınması sahəsində şəffaflığın təmin edilməsi, bələdiyyələr və icra hakimiyyəti orqanlarına yaşıllığın götürülməsi üçün verilmiş rəylərin icra vəziyyətinin müzakirəsi, dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması, yaşıllıqların mülkiyyətçilərinin üzərinə düşən vəzifə və öhdəlikər müzakirə olunub. Eyni zamanda, müraciətlərin operativ cavablandırılması və praktikada ortaya çıxan problemlər barədə fikir mübadiləsi aparılıb, jurnalistləri maraqlandıran suallara cavab verilib.

Dövlət Ekoloji Ekspertiza Agentliyinin idarə Heyətinin sədri Mirsalam Qənbərov ərazilərdə mövcud yaşıllıqların mülkiyyətçiləri olan bələdiyyələr, icra hakimiyyəti orqanları tərəfindən ağac və kolların cari vəziyyəti ilə bağlı mütəmadi monitorinqlərin keçirilməsinin, xüsusən təhlükə yaradan, xəstə, qurumuş ağacların vaxtında aşkarlanaraq bununla bağlı müvafiq tədbirlər görülməsinin vacibliyindən söz açıb.

M.Qənbərov qeyd edib ki, Agentlik tərəfindən mütəmadi olaraq Bakı şəhərində və regionlarda bu cür maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Görüşdə “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri Vüqar Tofiqli qaldırılan məsələnin aktual olduğunu vurğulayaraq QHT sədri olaraq bu mövzuda əməkdaşlığa hazır olduqlarını bildirib.

Nəzərə alaq ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyi hazırda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “ətraf mühitin qorunmasında bələdiyyələrin rolunun artırılması” mövzusunda layihə həyata keçirir. Layihə çərçivəsində Tovuz və Gədəbəy bələdiyyələrinin, RiH-lərin, Ekologiya və Təbii sərvətlər nazirlıyinin və ədliyyə nazirliyinin təmsilçilərinin iştiakıyla geniş müstəvidə görüşlər keçirilib, problemlərin həlli yolları müzakirə edilib. QHT sədri bildirib ki, bu tipli görüşlər hər iki qurumun əməkdaşlıq əlaqələrinin genişlənməsinə və gələcək fəaliyyətlərinə daha böyük təkan verə bilər.

Görüş ciddi fikir mübadiləsi ilə davam etdirilib.

Belediyye.info

ŞƏRHLƏR