"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Dövlət Xidmətinin məmurları niyə xalqın xidmətçisi ola bilmir? əMDX-nin Ucar müşavirəsinə qısa bir nəzər

--2023-03-17 / 06:08

“Ucar şəhərinin mərkəzində 18 kvadratmetrlik ərazidə örüş sahəsi necə olar bilər?”- bu sual əmlak Məsələləri Dövlət Xidmətinin (əMDX) şirvandan sonra Ucar şəhərində təşkil etdiyi növbəti möhtəşəm zona müşavirəsində çıxışına imkan verilən iki bələdiyyə sədrindən biri tərəfindən səsləndirilib. Həqiqətən, çox maraqlı sualdır. Belə çıxır ki, bir gün paytaxt bələdiyyələri də nə vaxtsa torpaq mülkiyyətçisi olarsa və hansısa torpaq sahəsini sənədləşdirmək istədikdə Bakı şəhərinin mərkəzində də örüş sahəsi olacağını indidən ehtimal etmək olar.

Ancaq deməliyım ki, paytaxtdan başqa bu cür vəziyyətə demək olar ki, ölkəmizin bütün şəhər və rayonlarında rast gəlinir. Və ən faciəli məqam ondadır ki, bələdiyyənin müraciətinə bu cür başdansovdu cavab verməklə, həm də vətəndaşlarımız narazı salınır. Başqa bir faciəli məqam isə bütün bu müraciətlərin hansısa ortalıqda olmayan xəritəyə əsaslandırılaraq cavablandırılmasıdır.

Etiraf edim ki, əmlak Məsələləri Dövlət Xidməti ilə hər hansı düşmənçiliyim yoxdur və ola da bilməz. Bu qurumda Vətənini, dövlətini sevən onlarca tanıdığım insan çalışır. Biz əslində hər zaman əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyətiylə bağlı müsbət və obyektiv məqamlara söykənən yazı və araşdırma yazmaq istəsəkdə xidmət əməkdaşlarının “fədakar əməyi” sayəsində daim tənqidi fikirlərlə dolu yazı alınır. Çünki xidmətdə çalışan məmurlar xalqın xidmətçisi ola bilmirlər. Müşahidələr göstərir ki, əmlak Məsələləri Dövlət Xidmətinin məmurları əslində heç xalqının xidmətçi olmaq istəmirlər və heç arzulamırlar da.

Belə olmasaydı mart ayında, özü də Novruz bayramı ərəfəsində, keçirdikləri iki müşavirədən paylaşdıqları məlumatın heç olmasa mətnində dəyişiklik edərdilər. Hər iki məlumatda yalnız statistik rəqəmlər dəyişilib. “ərindiklərindən” tədbirə dəvət etdikləri digər rəsmilərin təmsil olunduqları qurumların adını yazmağı belə unudublar.

Etiraf edim ki, əmlak Məsələləri Dövlət Xidməti şirvandakı tədbirdən fərqli olaraq, bizim də irad bildirdiymiz kimi, bu müşavirədə iki bələdiyyə sədrinə çıxış üçün söz verilib. Çox yaxşı. Sevindirici haldır ki, iradlara diqqət göstərilib və daim problem yaratdıqları qurumun təmsilçilərinə söz verilib. Ancaq bələdiyyə sədrinin qaldırdığı məsələlərə münasibət bildirıldimi? Cavab verildimi ki, niyə iyimi ildir bələdiyyələrə mülkiyyətə torpaq və əmlak verilmir, xəritələr təqdim edilmir? Və ya heç olmasa vətəndaşların mülkiyyət sənədləri haqqında müvafiq qanunvericiliyə uyğun rusumu ödənilsədə bələdiyyələrə cavabların verilməsi günlərlə, aylarla uzadılır? Və ya torpaq satışını həyata keçirən bələdiyyələrin müraciətlərinə maksimum 15 gün ərzində cavab verilməli olduğu halda bu proses aylarla davam etdirilir. iyirmi ildir bələdiyyələrin inzibati binalarının mülkiyyətə verilməsi hələ də öz həllini tapmayıb. Nəhayət, ən əsası cənab Prezidentin də tələb etdiyi kimi, əmlak Məsələləri Dövlət Xidmətində çalışan məmurlar niyə xalqın xidmətçi olmaq istəmir? Bəlkə bir düşünəsiniz. Bu hal nə vaxtadək cavam edəcək?

şirvan şəhərində qeyd edildi ki, 776.642 hektar ərazinin hazırda 433.554 hektarında torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb. Ucar müşavirəsində isə bildirildi ki, Ucar, Göyçay, Zərdab və Kürdəmir rayonları üzrə ümumilikdə 404 748 hektar ərazinin hazırda 303 564 hektarında torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb.

Sual olunur, qalan yüz min hektarlarla ərazinin taleyi necə olacaq? Ümumiyyətlə, kadastr məlumat bazasının yaradılması bələdiyyələrə nə verəcək?

Gedişatdan belə başa düşmək olar ki, əmlak Məsələləri Dövlət Xidmətinin bu müşavirəsi sadəcə tədbir xatirinə keçirilən bir tədbirdi. Bu qədər insana əziyyət vermək, vaxtını almaq, işindən ayırmaq, bütün komanda ilə rayonlara səfər etməklə kimlərsə “yük” olmaqdansa bu müşavirəni

elə onlayn qaydada keçirmək olardı. Onsuzda tədbirin “fiksə” xatirinə keçirildiyi açıq aydın hiss olunur.

Ötən yazıda da qeyd etdiyimiz kimi, bizim fikrimiz aydın və konkretdir. Biz bu tədbrlərin çəkisini azaltmaq firkində deyilik. Sadəcə tövsiyə edirik ki, növbəti tədbirlərdə rəqəmləri elan etmək və ya hansısa cərimələrin tətbiqylə bağlı fikirləri səsləndirməklə yanaşı, bələdiyyələrlə bağlı keçirilən müşavirələrdə məhz bu qurumları narahat edən məsələlər öz həllini tapmış olsun, heç olmasa qaldırılan məsələlərə toxunulsun və münasibət bildirilsin.

Belə olan halda həm sakinlərin narazılıqları azalar, həm də problemlərin həlli sürətlənmiş olar. Təəssüf edirəm ki, 15 minlik bələdiyyə üzvünün və 6 minlik bələdiyyə qulluqçusunun qarşılaşdığı problemlərin həlli əmlak Məsələləri Dövlət Xidmətinin məmurları tərəfindən havadan asılı vəziyyətdə saxlanılır. Nə isə...

Vüqar Tofiqli

“Bələdiyyələri fəaliyyətinin təbliği” ictimai birliyinin sədri

ŞƏRHLƏR