"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ə.NURiYEV: "icra hakimiyyəti orqanları da məsuliyyətə cəlb olunmalidir"

--2017-08-17 / 19:56

əliməmməd Nuriyev: "Bələdiyyələr öz funksiyalarını dəqiq bilmir, səlahiyyətlərindən sui-istifadə edirlər. Bütün bunlar icra hakimiyyəti orqanlarının qanunsuz qərar qəbul etməsi nəticəsində baş verir "

 ***

 
"Sanitariya ilə bağlı monitorinqlər həyata keçirən qurumlar - Ekologiya və Təbii Sərvətlər və Daxili işlər Nazirlikləri bütün sahələrdə çalışan, respublika ərazisində qanun pozuntusuna yol verən vəzifəli şəxsləri məsuliyyətə cəlb edir".
 
Bunu "Sherg.az”a Konstitusiya Araşdırmaları Fondunun prezidenti əliməmməd Nuriyev deyib. 
 
O bildirib ki, bir müddət əvvəl icra başçılarına, onların müavinlərinə və digər strukturların nümayəndələrinə xəbərdarlıq edildi və hətta inzibati məsuliyyətə cəlb olunmalar müşahidə edildi:
 
"Doğrudan da bəzi hallarda istər yerli icra hakimiyyətləri, bələdiyyələr, istərsə də, fiziki şəxslər tərəfindən meşə sahələrinin, bağların qırılmasına, yerində ticarət obyektlərinin yaradılmasına yol verilir. Hesab edirəm ki, tutduğu vəzifədən asılı olmadan istənilən vəzifəli şəxs, qanun pozuntusuna yol verirsə, məsuliyyətə cəlb olunmalıdır. Son aylarda bu istiqamətdə mühüm addım atılır.
 
iki nəfər bələdiyyə sədrinin inzibati məsuliyyətə cəlb olunmasına gəlincə, deyim ki, onların fəaliyyətinə inzibati nəzarət ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Bu qurum hər il bələdiyyələrin fəaliyyəti ilə bağlı Milli Məclis qarşısında hesabat verir. Bu hesabatlarda konkret rəqəmlərlə qanunsuz aktların ləğvi, bələdiyyələrin səlahiyyətində olan torpaqların əhaliyə verilməsi və s. mövzularda məlumatlar səsləndirilir. Qanuna riayət etməyən bələdiyyə sədrləri məsuliyyətə cəlb edilib. Buna rəğmən, bələdiyyələr nəticə çıxarmır. Onlar hətta öz funksiyalarını dəqiq bilmir, verilmiş səlahiyyətdən sui-istifadə edir. Bütün bunlar isə, sözsüz ki, icra hakimiyyəti orqanlarının qanunsuz qərar qəbul etməsi nəticəsində baş verir. Lakin birbaşa məsuliyyətə bələdiyyələr cəlb olunurdu. Hesab edirəm ki, bələdiyyələrlə bu məsələdə ortaq olan icra hakimiyyəti orqanları da məsuliyyətə cəlb olunmalıdır.
 
Bütün bunları nəzərə aldıqda araşdırmaların daha dəqiqliklə aparılmasına ehtiyac yaranır. Düşünürəm ki, qanun pozuntusuna yol verən və buna zəmin yaradan bütün vəzifəli şəxslər məsuliyyətə cəlb olunacaq”.
 
Qeyd edək ki, Daxili işlər Nazirliyinin Baş ictimai Təhlükəsizlik idarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
 
Xatırladaq ki, cari ilin iyul və avqust ayları ərzində birgə keçirilən belə tədbirlər zamanı paytaxtın Yasamal, Xətai, Səbail, Binəqədi, Sabunçu, Qaradağ, Xəzər rayonları, eləcə də respublikanın Abşeron rayonu və Sumqayıt şəhəri ərazilərində inzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulması hallarına görə 30 protokol tərtib edilib, 10-dan artıq istirahət mərkəzinin rəhbərləri, iki bələdiyyə sədri və fiziki şəxslər inzibati məsuliyyətə cəlb ediliblər. Onlara tətbiq olunan cərimələrin məbləği 37.150 manat təşkil edib.
 
Aysel Aslan

http://www.sherg.az/site/id-35452/%3Cfont_color=red%3E%22...%C4%B0cra_ba%C5%9F%C3%A7%C4%B1lar%C4%B1_da_m%C9%99suliyy%C9%99t%C9%99_c%C9%99lb_olunmal%C4%B1d%C4%B1r%22_%3C/font%3E#.WZX02CDyjGg

ŞƏRHLƏR