"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ədliyyə Nazirliyi bələdiyyələrə daha bir tövsiyə göndərib-CiDDi

--2021-04-16 / 15:38

                                                                                                                      Bütün bələdiyyələrə

Bələdiyyələrdə gənclərlə iş və idman

komissiyaların yaradılması barədə

 Ümummilli lider Heydər əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, gənclərlə iş sahəsində də ciddi dönüş yaranmışdır. Cəmiyyətin ən fəal təbəqəsi olan gənclərə dəstək məqsədilə Gənclər və idman Nazirliyi yaradılmış, Gənclər Forumlarının keçirilməsinə başlanılmış, Gənclər Günü təsis olunmuş və bu sahədə mühüm qanunvericilik aktları qəbul edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu gənclər siyasəti nəticəsində ölkəmizdə layiqli gənclər yetişir. Ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilmişdir. Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artmış, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənmiş, könüllülük hərəkatı genişlənmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi, gənclərin hərtərəfli inkişafını stimullaşdırmışdır.

Son illərdə gənclərlə bağlı Dövlət Proqramlarının qəbul edilməsi, inkişaf Strategiyasının təsdiq olunması, Gənclər Fondunun yaradılması və digər tədbirlər onu göstərir ki, ölkə rəhbəri gənclərimizin öz bilik və bacarıqlarını üzə çıxarmalarına, potensiallarını effektli reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradıb. Azərbaycan bu gün gənclərlə iş sahəsində dünyanın qabaqcıl ölkələrindən birinə çevrilib.

Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakının təmin olunması məqsədilə dövlət tərəfindən daim onlara dəstək göstərilir və güzəştlər tətbiq olunur.

Gənclər siyasətinin həyata keçirilməsində yerli özünüidarə orqanlarının iştirakı da labüddür. Təsadüfi deyil ki, 2019-cu il bələdiyyə seçkilərindən sonra ölkə üzrə bələdiyyə üzvlərinin 40 faizi gənc nəslin nümayəndələridir. Həmçinin bələdiyyə sədrlərinin xeyli hissəsi gənclərdən ibarətdir.

Yerli özünüidarəetmə orqanları öz səlahiyyətləri daxilində gənclərin sosial-hüquqi müdafiəsinə yönəlmiş proqramlar hazırlayıb həyata keçirə bilərlər. Bu proqramlar əsasında qəbul olunan qərarlar gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərinə uyğun olmalıdır. Gənclər siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikası Gənclər və idman Nazirliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən yerli özünüidarəetmə orqanlarına təşkilati və metodiki kömək göstərilir.

“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində gənclərin və gənclər təşkilatlarının teatr, konsert və sərgi salonlarından, yaradıcılıq emalatxanalarından, studiyalardan, laboratoriyalardan istifadəsi üçün Gənclər və idman Nazirliyi, Mədəniyyət Nazirliyi, yerli icra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən güzəştlərin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Həmçinin Qanunun 6.4-cü maddəsinə əsasən istedadlı gənclərin həvəsləndirilməsi məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər xüsusi təqaüd, mükafat və müavinətlər təsis edə bilərlər.

Gənclərin bələdiyyə mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə qaydaları yerli özünüidarəetmə orqanları tərəfindən müəyyən edilir. əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları gənclərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə onların haqqı ödənilən ictimai işlərə cəlb olunmasını da təşkil edirlər.

Hərbi xidmətdən tərxis olunmuş, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, həmçinin özündən asılı olmayan səbəblərə görə iş yerini itirmiş gənclərin əlavə təhsil alması və məşğulluğu ilə bağlı əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və idman Nazirliyi, yerli icra hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən proqramlar hazırlanır və həyata keçirilir.

Bununla yanaşı, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində fiziki tərbiyə və idmanın inkişafına yardım göstərilməsini də nəzərdə tutan “Yerli sosial müdafiə və sosial inkişaf proqramları” adında norma müəyyən edilmişdir ki, həmin norma bələdiyyə tərəfindən müəyyən edilən vətəndaşlar kateqoriyasına dövlət sosial təminatından əlavə sosial təminatlar verilməsini tənzimləyir. Bu təminatlar mütəmadi və birdəfəlik ola bilər.

Qanunvericilik bədən tərbiyəsi və idman sahəsinin inkişaf etdirilməsi üçün bələdiyyələrə geniş səlahiyyətlər vermişdir. Belə ki, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində bədən tərbiyəsi və idman sahəsində bələdiyyələrin səlahiyyətləri müəyyən edilmişdir. Bunlara yerli şərait və imkanlar nəzərə alınmaqla, bədən tərbiyəsi və idmanın inkişafının istiqamətlərinin müəyyən edilməsi, bədən tərbiyəsi və idmanın inkişafı üzrə yerli proqramların hazırlanması və həyata keçirilməsi, bədən tərbiyəsi və idmanın kütləvi inkişafı, bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin keçirilməsinin təmin edilməsi ilə bağlı yerli əhəmiyyətli məsələlərin həllində bilavasitə iştirak edilməsi, əhalinin bütün qrupları arasında bədən tərbiyəsi və idmanın təbliğinin və maarifləndirmə işlərinin aparılması, bədən tərbiyəsi-sağlamlıq tədbirlərinin və idman yarışlarının, həmçinin vətəndaşların iş və yaşayış yeri üzrə kütləvi bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin təşkili, bələdiyyələrin bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin təqvim planlarının təsdiqi və icrası, bələdiyyələrin bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin tibbi təminatının təşkili, bələdiyyələrin bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin keçirilməsi zamanı ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasında iştirak edilməsi, bələdiyyələrin yığma idman komandalarının formalaşdırılması qaydalarının təsdiqi, onların maddi-texniki təminatı məsələlərinin həll edilməsi, bələdiyyə ərazisində keçirilən bələdiyyələrarası, rayon, şəhər, regional, respublika, beynəlxalq idman yarışlarının və milli yığma komandaların təlim-məşq toplanışlarının təşkili və keçirilməsində iştirak edilməsi, bədən tərbiyəsi və idmanın inkişafına müvafiq maddi dəstək verilməsi, bələdiyyə mülkiyyətində olan idman obyektlərinin, bədən tərbiyəsi-sağlamlıq obyektlərinin saxlanılmasının, təchizatının, təmirinin və səmərəli istifadəsinin təmin edilməsi, bələdiyyələrin nəzdində olan bədən tərbiyəsi-idman təşkilatlarının formalaşdırılması, yenidən təşkili və ləğvi, onların maliyyələşdirilməsi və tam miqyaslı fəaliyyəti üçün şəraitin yaradılması,əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar arasında bədən tərbiyəsi və idmanın inkişafı üzrə tədbirlərin həyata keçirilməsi, müvafiq normativ hüquqi aktlar və proqramlar əsasında əhalinin müxtəlif qruplarının əmək, tədris və istirahət rejiminə bədən tərbiyəsi və idmanın daxil edilməsi, bələdiyyə ərazisində bədən tərbiyəsi və idmanın inkişafı üzrə Dövlət proqramlarının icrasında iştirak edilməsi, bələdiyyə ərazisində yaşayan əhalinin fiziki hazırlıq səviyyəsinin monitorinqinin keçirilməsi, bələdiyyə ərazisində fəaliyyət göstərən bədən tərbiyəsi və idman subyektlərinə dəstək verilməsi kimi səlahiyyətlər daxildir.

Qanunun 12-ci maddəsi, həmçinin idman klublarının yaradılması ilə bağlı müddəani nəzərdə tutur. idman klubları dedikdə,  təlim-məşq, yarış, bədən tərbiyəsi-sağlamlıq fəaliyyətini həyata keçirən təşkilat başa düşülür. Təşkilati-hüquqi formasından asılı olmayaraq idman klubları qanunvericilikdə müəyyən edilmiş qaydada yaradılır və nizamnamələrinə (əsasnamələrinə) uyğun fəaliyyət göstərirlər. idman klubları hüquqi və fiziki şəxslər tərəfindən yaradıla bilərlər. idman klubları fəaliyyət istiqamətlərinə görə ayrı-ayrı idman növləri ilə məşğul olan kompleks idman klubları, həvəskar, peşəkar və digər istiqamətli idman klubları ola bilərlər. Belə idman klubları istehsalat, təhsil və tibb müəssisələri, həmkarlar ittifaqları, bələdiyyələr, eləcə də digər qurumlarla əlaqələr yarada bilərlər.

Dövlət orqanları və bələdiyyələr idman klublarının yaradılmasına, fəaliyyətlərinin təşkilinə və iş şəraitinin yaxşılaşdırılmasına aşağıdakıların həyata keçirilməsi yolu ilə kömək göstərirlər:

  • idman qurğularının və digər idman obyektlərinin tikintisi, bərpası, təmir edilməsi;
  • dövlət və bələdiyyə mülkiyyətində olan binaların, qurğuların əvəzsiz istifadəyə və ya güzəştli şərtlərlə uzunmüddətli icarəyə verilməsi;
  • idman ləvazimatı və avadanlığı ilə təmin edilməsi;
  • qanunvericilikdə müəyyən olunmuş qaydada digər dəstəklərin göstərilməsi.

idman klublarının səlahiyyətləri aşağıdakı kimidir:

1)           ölkədə tanınmış müxtəlif idman növləri üzrə idman məktəblərinin, idman bölmələrinin, həvəskar və peşəkar komandalarının yaradılması;

2)           vahid idman təsnifatının tələblərinə əsasən müəyyən edilmiş qaydada öz səlahiyyətləri çərçivəsində idman dərəcələrinin verilməsi;

3)           əhaliyə bədən tərbiyəsi-sağlamlıq və idman xidmətlərinin göstərilməsi;

4)           müəyyən edilmiş qaydada idmançıların bir idman təşkilatından digərinə keçməsində iştirak edilməsi;

5)           klubun nizamnaməsinə (əsasnaməsinə) və qanunvericiliyə əsasən digər fəaliyyətin həyata keçirilməsi.

Qanunun 13-cü maddəsinə əsasən Gənclər və idman Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və bələdiyyələr, bədən tərbiyəsi və idman yönümlü təşkilatlar əhalinin müxtəlif qruplarının yaş, peşə və sosial xüsusiyyətlərini nəzərə almaqla, bədən tərbiyəsi və idmanın təbliği forma və metodlarını müəyyən edirlər, kütləvi informasiya vasitələrində bədən tərbiyəsi və idmanın sosial əhəmiyyətinin, əhalinin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafında, sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun açıqlanmasını təmin etməlidirlər.

Bununla yanaşı, müvafiq Qanunun 18-ci maddəsinə görə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, bələdiyyələr və tibb müəssisələri öz səlahiyyətləri daxilində:

  • bədən tərbiyəsindən xəstəliklərin profilaktikası və müalicəsi vasitəsi kimi istifadə edirlər;
  • bədən tərbiyəsi və idmanla, o cümlədən idman-sağlamlıq turizmi ilə məşğul olan şəxslər üzərində tibbi nəzarəti həyata keçirirlər, ehtiyat idman qüvvələrinin və idman növləri üzrə müxtəlif səviyyəli milli yığma komandaların idman yarışlarına hazırlığının tibbi təminatında iştirak edirlər;
  • xəstəliklərin profilaktikası və müalicəsində bədən tərbiyəsinin və idmanın əsas komponentlərindən səmərəli istifadə məsələlərini, həmçinin idman təbabəti, həkim nəzarəti və müalicə bədən tərbiyəsi sahəsi üzrə mütəxəssislərin hazırlığını və əlavə təhsilini təşkil edir və həyata keçirirlər;
  • vətəndaşlarla bədən tərbiyəsi-sağlamlıq işini təmin edən sağlamlaşdırma və reabilitasiya mərkəzləri və məntəqələri, diaqnostika-məsləhət məntəqələri və kabinetləri, tibbi-bədən tərbiyəsi dispanserləri yaradır və onları xüsusi cihaz və tibbi avadanlıqlarla təmin edirlər;
  • vətəndaşların sağlamlığının möhkəmləndirilməsi və sağlam həyat tərzinin formalaşdırılmasında bədən tərbiyəsi və idmanın imkanlarını təbliğ edirlər.

 Yerli icra hakimiyyəti orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində vətəndaşların yaşayış və istirahət yerlərində (yaşayış massivlərində, məhəllələrdə, yataqxanalarda, həyətlərdə, parklarda, şəhərkənarı istirahət və turist bazalarında, digər istirahət yerlərində) bədən tərbiyəsi və idmanın inkişafı üçün şərait yaradır, bu sahədə maraqlı olan təşkilatların fəaliyyətlərini əlaqələndirir.  Yaşayış və kütləvi istirahət yerlərində əhalinin bədən tərbiyəsi və idmanla məşğul olması üçün tələb olunan şəraitin yaradılması, vətəndaşların asudə vaxtlarının səmərəli təşkili yerli icra hakimiyyəti orqanları  və bələdiyyələr tərəfindən maliyyələşdirilir.

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu həmçinin əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların adaptiv bədən tərbiyəsi, fiziki reabilitasiyası ilə bağlı onlara şərait yaradılması, təqaüd və ödənişlərin verilməsində bir sıra güzəştlərin müəyyən edilməsi ilə bağlı müddəaları da nəzərdə tutur. Belə ki, əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və idman Nazirliyi və bələdiyyələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların bədən tərbiyəsi və idmanla məşğul ola bilmələri üçün şərait yaradır, xüsusi avadanlıq və ləvazimatların alınmasında köməklik göstərir, onların bədən tərbiyəsi və idman sisteminə inteqrasiyasına dəstək olurlar. əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və idman Nazirliyi, bələdiyyələr, bədən tərbiyəsi-idman təşkilatları, o cümlədən əlilliyi olan şəxslərin bədən tərbiyəsi-idman birlikləri əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların iştirakı ilə bədən tərbiyəsi-idman və bədən tərbiyəsi-sağlamlıq tədbirlərinin keçirilməsini təşkil edir, uşaq-gənclər idman-adaptiv məktəbləri, uşaq-gənclər adaptiv fiziki hazırlıq klubları yarada bilərlər.

Qanunun 58-ci maddəsinə əsasən dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında aztəminatlı ailələrdən olan uşaqlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, məktəbəqədər yaşlı uşaqlara, əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara bədən tərbiyəsi-idman xidmətləri pulsuz göstərilir. Dövlət və bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarında təhsil alan şəxslərə, pensiyaçılara və Azərbaycan Respublikasının Nazirlər Kabineti (bələdiyyələr) tərəfindən müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə bədən tərbiyəsi və idman xidmətləri güzəştli şərtlərlə göstərilir. Güzəştlərin siyahısı və onların həcmi dövlət bədən tərbiyəsi-idman təşkilatlarına münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, bələdiyyə bədən tərbiyəsi-idman təşkilatlarına münasibətdə isə bələdiyyələr tərəfindən müəyyən olunur. Bələdiyyələr, Milli Olimpiya, Paralimpiya, Deflimpiya, Xüsusi Olimpiya komitələri, respublika bədən tərbiyəsi-idman təşkilatları və idman birlikləri, olimpiya oyunlarının, dünya və Avropa çempionatlarının qaliblərinə və mükafatçılarına, eləcə də yüksək idman adlarına malik idmançılara və mütəxəssislərə, milli yığma komandaların tərkibinə daxil olan idmançılara və onların məşqçilərinə aylıq pul müavinətləri təyin edə bilərlər.

Bələdiyyələr, həmçinin uşaq-gənclər idmanı sahəsində fəaliyyətin təşkili ilə də məşğul olurlar.

Qanunun 52.10-ci maddəsinə görə onlara məxsus olan idman obyektlərində keçirilən idman yarışlarına giriş tariflərini idman tədbirinin təşkilatçıları ilə birlikdə, vətəndaşların belə obyektlərdən istifadə etmələri üçün abonementlərin qiymətlərinin tənzimlənməsi mərkəzi və yerli icra hakimiyyəti orqanları  və bələdiyyələr tərəfindən həyata keçirilir. Olimpiya, paralimpiya, Avropa oyunlarının və dünya, Avropa və ölkə çempionatlarının keçirilməsi zamanı giriş biletlərinin tarifləri və satışı qaydası, daha çox tamaşaçının iştirakına imkan verməklə, idman tədbirinin təşkilatçısı (təşkilatçıları) tərəfindən müəyyən edilir. Bilet satışına nəzarət yolu ilə rəqib tamaşaçı qruplarının ayrı-ayrı zonalarda yerləşdirilməsi təmin edilir. idman tədbirlərinə giriş biletlərinin saxtalaşdırılması və idman tədbirinin təşkilatçısı (təşkilatçıları) tərəfindən müəyyən olunmuş tariflərdən yüksək qiymətə satılması Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə səbəb olur.

Bədən tərbiyəsi və idman sahəsində gənclərlə iş aparılmasına dair qanunvericiliklə yerli özünüidarə orqanlarına geniş səlahiyyətlərin verilməsinə baxmayaraq, bu sahədə bələdiyyələr tərəfindən passivlik müşahidə olunur. Belə ki, bu istiqamətdə işlərin aparılmasında və idman komissiyalarının yaradılmasında bələdiyyələrin təşəbbüskarlığı olduqca zəifdir. istedadlı gənclərin fəaliyyətindən istifadə edilmir, onların peşə bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı tədbirlər görülmür.

Yerli özünüidarəetmə sahəsində gənclərlə iş və idman komissiyalarının yaradılması aşağıda qeyd edilən məsələlərdə bələdiyyələr tərəfindən işin təşkilinə kömək edə bilər. Belə ki,

       - gənclərin yerli özünüidarəetmə sahəsində iştirakçılığının artırılması, bu məqsədlə gənc nəsil üçün  prioritet məsələlərin müəyyən edilməsində gənclər arası təşkil olunacaq sorğuların nəticələrindən istifadə edilməsi;

       - gənclərin  ictimai Birlikləri və gənclərlə iş sahəsində fəaliyyət göstərən qeyri - hökumət təşkilatları ilə əməkdaşlığın qurulması; 

-  gənclərin peşə təhsilinə dəstəyin verilməsi, işsiz gənclərin peşə bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə peşə kurslarının təşkili;                                              

-  şəhid ailələrinin, qazilərin və xüsusi qayğıya ehtiyacı olan, habelə valideyn himayəsindən məhrum olan gənclərin dayanaqlı inkişafının təmin edilməsi məqsədi ilə onlara peşə təhsillərinin aşılanmasında, məşğulluğun təmin edilməsində yardımın göstərilməsi;

-  gənclərin ekoloji sahədə maarifləndirmə layihələrinin icrasında şəhərin tələbələr ittifaqının, məktəbdənkənar tədris şəbəkəsinin imkanlarından  istifadə edilməsi;

-  gənclərin sağlam və vətənpərvərlik ruhunda tərbiyələndirilməsi tədbirlərinin həyata keçirilməsi;

-  gənclərlə narkomaniyaya və digər mənfi vərdişlərə qarşı maarifləndirmə işlərinin aparılması və idman sahəsinin inkişafının təmin edilməsi və daha da təkmilləşdirilməsi.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, cəmiyyətdə fəallığı ilə seçilən gənclərin yerli həyatda iştirakçılığının genişləndirilməsi istiqamətində işlərin görülməsi, bədən tərbiyəsi və idman sahəsində fəaliyyətlərindən geniş istifadə edilməsi, yerli özünüidarə sahəsində gənclərin daha geniş təmsil olunmasına şəraitin yaradılması, gənclər təşkilatları və ictimai qurumlar ilə əməkdaşlığa önəm verilməsi, bu istiqamətdə fəaliyyətin canlandırılması, yerlərdə bədən tərbiyəsi və idmanın daha da inkişafı istiqamətində tədbirlərin görülməsi, bu sahədə bələdiyyələrin fəaliyyətinin səmərəli qurulması məqsədilə gənclərlə iş və idman komissiyalarının yaradılması tövsiyə olunur.

 

 

                                                                                                                      Bələdiyyələrlə iş mərkəzi

ŞƏRHLƏR