"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ədliyyə Nazirliyi tərəfindən 2020-ci il ərzində bələdiyyələrin fəaliyyətinin qanunauyğun təşkilinə kömək və onlara metodoloji yardım göstərilməsi sahəsində görülmüş işlər barədə MəLUMAT

--2021-01-29 / 11:18

ədliyyə Nazirliyinin bələdiyyələrlə əlaqəli işi yalnız onların fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə məhdudlaşmır. Qanunvericiliklə ədliyyə Nazirliyinin üzərinə həm də bələdiyyələrin fəaliyyətlərinin qanunauyğun təşkilinə kömək və onlara metodoloji yardım göstərilməsi vəzifəsi də qoyulmuşdur. Bu məqsədlə il ərzində ardıcıl tədbirlər həyata keçirilmişdir.

Ölkə başçısının 2020-ci il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda yerli özünüidarəetmə sahəsində bələdiyyələrin işinin təkmilləşdirilməsi, idarəçilikdə rəqəmsal texnologiyaların tətbiqi, fəaliyyətlərində şəffaflığın təmin edilməsinə yönəlmiş nəzərdə tutulan tapşırıqların icrası diqqətdə saxlanılaraq ardıcıl tədbirlər görülmüşdür.

2020-ci ilin avqust ayından “Bələdiyyələrlə iş portalı”nın ilkin versiyası istifadəyə verilərək nazirliyin aidiyyəti qurumları və bələdiyyələr arasında elektron sənəd mübadiləsi, o cümlədən bələdiyyə aktlarının elektron qaydada göndərilməsi təşkil olunmuşdur. Eyni zamanda “Ölkə bələdiyyələri barədə məlumatın əldə edilməsinə dair” elektron xidmətin təşkili üzrə işlər yekunlaşdırılmış və vətəndaşların bütün bələdiyyələr və 15 mindən artıq bələdiyyə üzvü barədə məlumat əldə edə bilmələri üçün elektron baza formalaşdırılmışdır. Yerli özünüidarəetmə orqanlarında müasir texnologiyalar və internetdən istifadənin genişləndirilməsi üzrə davam etdirilən tədbirlər nəticəsində kompüter avadanlığı ilə təmin olunmuş bələdiyyələrin sayı 48%-dən 66%-dək, internetə çıxışı olanların sayı isə 39%-dən 62%-dək artmışdır.

Korrupsiya hallarına qarşı mübarizə tədbirləri çərçivəsində yerli özünüidarəetmə orqanlarında antikorrupsiya mədəniyyətinin gücləndirilməsi məqsədilə “Korrupsiyaya qarşı mübarizəyə dair hüquqi aktlar toplusu” və “Korrupsiyaya qarşı mübarizə üzrə Yaddaş kitabçası”, həmçinin “Bələdiyyə üzvlərinin Yaddaş kitabçası” metodik vəsaitləri hazırlanaraq çap etdirilmiş və bütün bələdiyyələrə göndərilmişdir.

Eyni zamanda bələdiyyələrin fəaliyyətində törədilən vəzifə cinayəti xarakterli əməllərin qarşısının alınması, onların vəzifəli şəxslərinin məsuliyyət hissinin artırılması məqsədilə müvafiq tövsiyə hazırlanmış, tövsiyədə bələdiyyənin vəzifəli şəxsləri tərəfindən yol verilən bir sıra qanun pozuntularının (saxta sənəd tərtib etməklə torpaq sahələrinin ayrılması, bələdiyyə iclasının səlahiyyətlərinin mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə, büdcə vəsaitinin talan edilməsi və mənimsənilməsi və s.), vəzifə cinayətlərinin tərkibini yaratması ətraflı izah edilmişdir.

Bələdiyyələrin fəaliyyətinin qanunauyğun təşkilinə kömək məqsədilə onlarla iş aparılarkən əsas hədəf bələdiyyələrin büdcə gəlirlərinin artırılması və bu vəsaitin yerli əhəmiyyətli məsələlərin həlli üçün səmərəli istifadəsinə nail olmaqdır. Yalnız bu halda bələdiyyələrin fəaliyyətinin səmərəliliyi artar, yerli əhali qarşısında onların nüfuzu güclənər, həm də dövlətin yerli əhəmiyyətli məsələlərin həllində yükü azalmış olar. Qanunvericiliklə müəyyənləşdirilmiş gəlir mənbələri üzrə vəsaitlərin hesablanıb büdcəyə ödənilməsi istiqamətində bələdiyyələr işlərini qanunauyğun, düzgün qurmaqla öz büdcə gəlirlərini xeyli artıra bilərlər.

Bu istiqamətdə bələdiyyələrlə aparılmış məqsədyönlü tədbirlərin nəticələri ötən ilin əvvəllərində öz müsbət nəticələrini göstərməyə başlamışdır. Belə ki, 2020-ci ilin birinci rübünün statistik göstəricilərinə əsasən bələdiyyələrin ümumi büdcə gəlirləri 23,9% artmışdır. Lakin pandemiyanın doğurduğu çətinliklərin təsiri ilə nəinki bu artım dinamikası dayanmış, hətta sonrakı dövrlərdə yerli büdcə gəlirləri 2019-cu ilin müvafiq dövrləri ilə müqayisədə xeyli azalmışdır.

Yerli büdcə prosesinin qanunauyğun icrasının, bu sahədə şəffaflığın təmin edilməsinin bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılmasında müstəsna əhəmiyyəti nəzərə alınaraq qeyd olunan məsələlər daim diqqətdə saxlanılmışdır. Bu sahədə qanunçuluğa əməl olunmasının təmini məqsədilə “Yerli büdcə layihəsi”nin və “Yerli büdcənin icrası haqqında (yarımillik və illik) hesabat”ın nümunəvi formaları tərtib edilmiş, Maliyyə Nazirliyi ilə razılaşdırılaraq müvafiq tövsiyələrlə birlikdə bələdiyyələrə göndərilmişdir.

Yerli vergi və ödəniş obyektlərinin uçotunun dəqiqləşdirilməsi, kənarda qalan vergi obyektlərinin vergiyə cəlb edilməsi yönündə pilot bələdiyyə kimi Nəsimi bələdiyyəsində nazirliyin metodik köməkliyi ilə tətbiq olunmuş tədbirlər nəticəsində uçota alınan obyektlərin sayı demək olar ki, 2 dəfəyə yaxın artmışdır. əldə olunmuş müsbət iş təcrübəsinin digər bələdiyyələrə təbliğ və təşviq olunması işinə başlanılmış, bu məqsədlə Bakı şəhərinin 20 bələdiyyəsinin aidiyyəti vəzifəli şəxsləri ilə seminar müşavirələr keçirilmişdir.

əvvəlki illərdə icarəyə verilmiş bələdiyyə torpaqlarının icarə haqları ilə bağlı mövcud vəziyyətin müəyyənləşdirilməsi məqsədilə məlumatlar toplanılaraq təhlil edilmişdir. Məlum olmuşdur ki,bir çox hallarda əvvəlki illərdə müəyyənləşdirilmiş icarə haqlarının mövcud bazar qiymətlərindən dəfələrlə aşağı olmasına baxmayaraq bələdiyyələr tərəfindən qiymətlərin uyğunlaşdırılması üçün qanunamüvafiq tədbirlər demək olar ki görülməmişdir. Bu sahədə uyğunsuzluqların aradan qaldırılması və qanunamüvafiq tədbirlərin görülməsi üçün “icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması barədə tövsiyə, məsələ ilə bağlı qəbul edilməli olan bələdiyyə qərarının, icarəçilərə göndərilməli təklifin, iddia ərizəsinin nümunəvi formaları hazırlanaraq bütün bələdiyyələrə göndərilmişdir. Hazırda tövsiyədə göstərilən tədbirlərin icrası üçün bələdiyyələrlə davamlı iş aparılır. Hesab olunur ki, qeyd edilən məsələnin tənzimlənməsi bir çox bələdiyyələrin büdcə gəlirlərini əhəmiyyətli dərəcədə artıra bilər.

Bələdiyyələrin debitor və kreditor borcları barədə sorğu əsasında toplanmış məlumatların təhlili göstərir ki, bələdiyyələrin böyük qisminin xeyli məbləğdə debitor və kreditor borcları (əsasən əmək haqqı, sosial sığorta ayırmaları üzrə) vardır. Bələdiyyələrin əksəriyyəti tərəfindən debitor borcların həlli istiqamətində ardıcıl təsirli tədbirlər görülmür, pul tələblərinə dair icrası məcburi aktların qəbul edilərək icraya yönəldilməsi səlahiyyətlərindən istifadə edilmir. Bütün bələdiyyələrə göndərilmiş “Bələdiyyələrin debitor və kreditor borclarının həlli barədə” tövsiyədə büdcə sistemi haqqında qanunvericiliyin tələbləri bələdiyyələrə izah olunmuş, həmçinin yerli vergi və ödənişlərin ödənilməsindən yayınma hallarının qarşısının alınması məqsədilə qanunauyğun tədbirlər görülməsi, bu hallar barədə məlumatların ictimailəşdirilməsi yolu ilə ictimai qınaq kimi təsirli vasitədən istifadə edilməsi zərurəti diqqətə çatdırılmışdır.

Bələdiyyələrin işinin qanunauyğun təşkili, gələcəkdə yarana biləcək mülki mübahisələrin vətəndaşların əmlak və s. mülki hüquqlarının qorunmasının təmin oluna bilməsi üçün kargüzarlığın düzgün təşkili, sənədlərin qorunub saxlanılması və arxivləşdirilməsinin mühüm əhəmiyyəti nəzərə alınaraq 2019-cu ildən bələdiyyələrdə bu sahədə işlərin təşkili vəziyyətinin öyrənilməsi və onlara zəruri köməklik göstərilməsinə başlanılmışdır. 2019-cu ildə 235 bələdiyyəyə yerində müvafiq köməklik göstərilməsi təmin edilsə də ötən il pandemiya ilə əlaqədar karantin rejimi qaydaları nəzərə alınaraq bu istiqamətdə tədbirlər müvəqqəti dayandırılmışdır. 2020-ci ilin birinci rübü ərzində 77 bələdiyyəyə qeyd olunan məsələ üzrə yerində köməklik göstərilmişdir.

Bələdiyyələrin fəaliyyətinin qanunauyğun təşkilinə kömək və onlara metodoloji yardım sahəsində ədliyyə Nazirliyi tərəfindən digər zəruri tədbirlər həyata keçirilmiş və bu istiqamətdə tədbirlər davam etdirilir.

ŞƏRHLƏR