"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

əmək məzuniyyəti nədir? Hansı müddətə və kimlərə verilir?

--2017-06-11 / 15:50

Redaksiyaya daxil olan sualları Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının hüquq müfəttişi Məhəmməd Kərimov cavablandırır.

 - Mülkiyyət formasından, təsərrüfatçılıq və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq, bütün idarələrdə, müəssisələrdə, təşkilatlarda  işəgötürənlərlə əmək münasibətlərində olan işçilər vəzifəsindən, iş rejimindən, əmək şəraitindən  asılı olmayaraq, qanunla müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.  

əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi istirahət vaxtıdır və əmək Məcəlləsində nəzərdə tutulan müddətdən az olmayaraq verilir.

Ümumiyyətlə məzuniyyətin fərqli növləri var. Bunlara sosial məzuniyyət, təhsil və yaradıcılıq məzuniyyəti, ödənişsiz məzuniyyət, əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti və s. aiddir. 

Azərbaycan  Respublikasının Konstitusiyanın 37-ci maddəsinə görə əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.

əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə, məsul vəzifələrdə olan dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə, kitabxanaçılara, laborantlara, dayələrə, elmi dərəcəsi olmayan elmi işçilərə, həkimlərə, orta tibb işçiləri və əczaçılara əsas məzuniyyət 30 təqvim günü müddətində verilir.

əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Bəzi kateqoriyadan olan işçilərin əmək məzuniyyəti isə 56 təqvim günü müddətində nəzərdə tutulur.

əmək stajından asılı olaraq işçilərə

 beş ildən on ilədək əmək stajı olduqda - 2 təqvim günü;

 on ildən on beş ilədək əmək stajı olduqda - 4 təqvim günü; 

on beş ildən çox əmək stajı olduqda - 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə hər il yanvar ayının sonunadək həmkarlar təşkilatının rəyini öyrənməklə əmək məzuniyyətinin verilməsi üçün növbəlilik cədvəli tərtib edilir. Qanunvericilik bəzi kateqoriyadan olan işçilərin əmək məzuniyyətini öz arzuları ilə istədiyi zaman götürmələrini istisna etmir. 

əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. iş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər.

əmək Məcəlləsinə görə, işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. işçi hər hansı səbəbdən öz məzuniyyət hüuqundan istifadə etmədiyi halda onun məzuniyyət hüququ işəgötürən tərəfindən kompensasiya şəklində pul əvəzində ödənilməlidir. Bu münasibətlər əmək Məcəlləsinin 135 və 140-cı maddəsilə tənzimlənir.

Belediyye.info

ŞƏRHLƏR