"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

əmlak Məsələləri Dövlət Xidməti bələdiyyələrə dəstək vermək əvəzinə niyə problem yaradır?

--2022-02-18 / 05:54

Bələdiyyələrin ötən iyirmi iki illik fəaliyyətinə diqqət yetirsək bu orqanların bir çox nailiyyətlərə və uğurlara imza atdıqlarının şahidi olarıq. Lakin bu istiqamətdə apardığımız müşahidələr göstərir ki, əgər bəzi mərkəzi və yerli icra strukturları bələdiyyələrin fəaliyyətinə əngəl və maneə yaratmasaydılar, düşünmək olar ki, həm bələdiyyələrin büdcə gəlirləri artardı, həm də bələdiyyələr seçicilərinin problemlərini daha sürətlə həll etmiş olardılar.

Təhlillər göstərir ki, bələdiyyələrə problem yaradan strukturlar sırasında bu gün birinci sırada bələdiyyələrin fəaliyyətinə dəstək verməli olan əmlak Məsələləri Dövlət Xidmətinin adı çəkilir. Məhz bu orqanın sıralamada birinci olması təəssüf doğurur.

Bu günədək bələdiyyələrə mülkiyyətə əmlak və torpağın verilməsini başa çatdırmayan, elektron xəritələri bu günədək təqdim etməyən, 22 il ərzində paytaxtın kadastr planını hazırlayıb başa çatdırmayan xidmətin fəaliyyəti sayəsində hərrac komissiyalarının üzvləri sırasında bələdiyyələrin təmsilçiliyindəki balansın gözlənilməməsi, bələdiyyələrə göstərilən xidmət tariflərinin son beş ildə səkkiz dəfəyədək artırılmasına nail olunması ilə yanaşı, bu gün bələdiyyələrin fəaliyyət göstərdiyi və dövlət mülkiyyətində olan binaların bələdiyyələrdən xəbərsiz hərracdankənar satışa çıxarılması və hətta icarə haqqlarının artırılması cəhdlərin edilməsi artıq əndazə aşmaq kimi qəbul edilə bilər. Mətləbə keçək.

Bununla bağlı hələlik iki məqamı oxucuların diqqətinə çatdırmaq istərdim.

***

Birinci məqama diqqət yetirək.

Nərimanov bələdiyyəsinə qarşı edilmiş haqsızlıq və ədalətsizlik haqqında artıq KiV-də dəfələrlə ard-arda məlumatlar yayılmaqdadır. Maraqlıdır ki, Nərimanov bələdiyyəsinin iyirmi il ərzində fəaliyyət göstərdiyi binanın ərazisi 2016-cı ildə pilot layihəyə düşməklə, 2021-ci ilin mayında bələdiyyə ilə müqavilə bağlanıldıqdan sonra ərazinin söküntüsü “inteks” şirkəti tərəfindən həyata keçiriləndən sonra əmlak məsələləri Dövlət Xidməti sökülmüş binaya hansı əsasda çıxarış verib. Ehtimal etmək olar ki, xidmətin müvafiq strukturu buna elə də “asanlıqla göz yummayıb”. Və ən maraqlısı odur ki, özlərini sığörtalyaraq çıxarışa əlavə olaraq texniki pasport verilməyib.

ilkin araşdırmamız göstərir ki, bu işdə yəqin ki, tikinti aparan şirkətin xüsusi xidməti və canfəşanlığı da olmamış deyil. “Müəmmalı çıxarış” əməliyyatını həyata keçirənlər, maneəyə rast gəlmədiklərindən ruhlanaraq dərhal bələdiyyəyə verilən kirayə haqqını da Nərimanov Məhkəməsinin hakimi Gültəkin əsədovanın əli ilə dayandırmağa nail ola bilmişlər.

Təəssüf edirəm ki, qaranlıq keçmişə malik olan Azərbaycan Beynəlxalq Universitetinin məzunu olmuş və uzun illər hakimlik təcrübəsinə sahib olan xanım G. əsədovanın tələm-tələsik və bələdiyyənin iştirakı olmadan qəbul etdiyi qərarın heç də “gözlənilmədən meydana” çıxmadığını ehtimal etmək olar. Xanım hakimin bir sıra “qaranlıq” qərarların müəllifi kimi mediada təqdim edilməsi təəssüf doğurur.

Nərimanov bələdiyyəsinin apelyasiya şikayəti yəqin ki, qanun çərçivəsində baxılacaq və ədalət zəfər çalacaq. Ancaq bütün hallarda ədalətin tam və qəti qələbəsi üçün əmlak məsələləri Dövlət Xidmətinin verdiyi çıxarışın taleyinə aydınlıq gətirilməlidir. inanıram ki, bu məsələyə son nöqtəni hüquq-mühafizə orqanları qoyacaq, hakimin fəaliyyətinə isə Məhkəmə-Hüquq şurası münasibət bildirəcəkdir.

***

indisə ikinci məqama keçək.

Bu günlərdə əmlak məsələləri Dövlət Xidmətinin əməkdaşı Xətai bələdiyyəsinə müraciət edərək xidmətlə bələdiyyə arasında bağlanmış müqavilənin yeniləməli olduqlarını və icarə haqqının səkkiz dəfəyədək artırılmalı olduqlarını bildirib. Xidmət əməkdaşı müqavilə imzalanmadığı halda bələdiyyəyə qarşı binanı boşaltmaqla bağlı məhkəmə iddiasının qaldırılacağını da bildirməyi unutmayıb.

əlavə edim ki, ötən ilin 25 fevral tarixində imzalanmış müqaviləyə əsasən bələdiyyə ay ərzində 167 manat olmaqla il ərzində xidmətə 2013 manat icarə haqqını ödəyib. Bu gün isə ay ərzində 1300 manat tələb olunur. Bu isə il ərzində 15.600 manat edir. Bələdiyyə bu vəsaitlə onlarla şəhid və qazi ailələrinə dəstək verə bilər.

Biz xidmətin bu addımını əslində tam qanunazidd və məntiqə sığmayan tələb kimi hesab edirik. Çünki bina bu günədək təmənnasız olaraq bələdiyyənin balansına verilməli idi. Məhz bununla bağlı təklifi də xidmət müvafiq orqanlar qarşısında qaldırmali idi.

Beləliklə, Bakıda formalaşan 53 bələdiyyənin bu gün 14 (on dördü) özünə məxsus inzibati bina inşa edib. 39 bələdiyyə isə uyğunlaşdırılmış binalarda fəaliyyət göstərməkdədir. Dövlət mülkiyyətinə aid olan, icra nümayəndəliklərində, “komxoz”un balansında olan binalarda fəaliyyət göstərən bələdiyyələr inzibati binalarını əsaslı şəkildə təmir etmələri də faktdır. Bu sırada Xətai, Nizami və Binqədi rayon bələdiyyəsinin də adını çəkmək olar. Lakin təəssüf doğuran başqa bir məqam da ondadır ki, özlərinə məxsus binalarda fəaliyyət göstərən 14 bələdiyyə hələ də bu binalara çıxarış ala bilməyib.

əmlak məsələləri Dövləti Xidmətinin əməkdaşlarının diqqətinə çatdırmaq istərdim ki, Ulu öndər Heydər əliyev 1999-cu ilin 7 dekabr tarixli Fərmanıyla təsdiq etdiyi “ Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikasinin Qanunun dördüncü maddəsinə konkret qeyd edilib. Maddəni tam şəkildə təqdim edirik:

“Maddə 4. Dövlət əmlakının bələdiyyələrə verilməsi

Bu Qanunda və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan və bələdiyyələrin səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri mənzil-kommunal, sosial və mədəniyyət obyektləri, əhalinin ümumi istifadəsində olan obyektlər və digər dövlət əmlakı onların mülkiyyətinə verilir.

ilk növbədə bələdiyyələrin mülkiyyətinə onların fəaliyyətini təmin etmək üçün lazımi inzibati binalar, otaqlar və avadanlıqlar verilir.

Qanunvericilikdə özəlləşdirilməsi qadağan edilən və ya müvafiq icra hakimiyyəti orqanının qərarı ilə özəlləşdirilən dövlət əmlakı istisna olmaqla bələdiyyələrin ərazilərində yerləşən digər dövlət əmlakı onların mülkiyyətinə verilə bilər.

Bələdiyyə mülkiyyətinə dövlət əmlakı bələdiyyələr tərəfindən bu əmlakdan istifadə etmək imkanı yarandıqda onların müraciəti Ó™sasında verilir.

Bu Qanuna uyğun olaraq bələdiyyənin mülkiyyətinə obyektlərin verilməsi qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”

Bu qanundan irəli gələn məqamlardan biri isə 11 iyun 2001-ci il imzalanan “Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmani” hesab edilməlidir. Dövlət əmlakının bələdiyyələrə verilməsi qaydası və müddətləri haqqında əsasnamədə yer alan bəzi məqamları bəzi xidmət əməkdaşlarının diqqətinə çatdırmaq istərdim.  

“2. əsasnamə dövlət mülkiyyətində olan və bələdiyyənin səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri mənzil-kommunal, sosial və mədəniyyət obyektlərinin, əhalinin ümumi istifadəsində olan obyektlərin və digər dövlət əmlakının bələdiyyələrin mülkiyyətinə verilməsi qaydasını müəyyən edir.

Qanunvericiliklə özəlləşdirilməsi qadağan edilən və Azərbaycan Respublikası Prezidentinin qərarı ilə özəlləşdirilən və ya müvafiq qərar qəbul edilənədək dövlət mülkiyyətində qalan dövlət əmlakı və onun yerləşdiyi torpaq sahələri, habelə fiziki və ya qeyri-dövlət hüquqi şəxslərinin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələri istisna olmaqla, bələdiyyələrin ərazilərində yerləşən digər dövlət əmlakı onların mülkiyyətinə verilə bilər.

3. Dövlət əmlakının bələdiyyə mülkiyyətinə verilməsi Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən əvəzsiz olaraq həyata keçirilir.

5. Bələdiyyə mülkiyyətinə verilə bilən müəssisə və obyektlərinin, binaların, tikililərin, qeyri-yaşayış sahələrin, qurğuların və avadanlıqların, habelə ümumi istifadə obyektlərinin siyahısı və bələdiyyələrə verilməsi müddətləri hər bir bələdiyyə ərazisi üzrə Azərbaycan Respublikası əmlak Məsələləri Dövlət Komitəsinin bələdiyyələr və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

6. Bələdiyyənin mülkiyyətinə ilk növbədə onların fəaliyyətinin təmin edilməsi üçün zəruri olan inzibati binalar, otaqlar və avadanlıqlar verilir.

7. Bələdiyyə mülkiyyətinə dövlət əmlakı bələdiyyələr tərəfindən bu əmlakdan istifadə etmək imkanı yarandıqda, onların müraciəti əsasında verilir.

8. Bələdiyyə mülkiyyətinə daşınmaz dövlət əmlakının verilməsi Azərbaycan Respublikasında dövlət əmlakının Registrində müvafiq qeydiyyatlar aparılmaqla və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə , Dövlət Statistika Komitəsinə və Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinə məlumat verməklə həyata keçirilir.

9. Bələdiyyələr onların mülkiyyətinə verilən dövlət əmlakı üzərində mülkiyyət hüququnu aşağıdakı qaydada əlavə edirlər:

Bələdiyyə mülkiyyətinə verilən əmlakın siyahısı (o cümlədən inzibati binalar, otaqlar və avadanlıqlar) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edildikdən sonra bələdiyyə qurumları Azərbaycan Respublikasının əmlak Məsələləri Dövlət Komitəsinə ərizə ilə müraciət edirlər; ərizəyə bələdiyyə qurumunun statusunu təsdiq edən sənədlər əlavə olunmalıdır.

Azərbaycan Respublikasının əmlak Məsələləri Dövlət Komitəsi daxil olmuş müraciətlərin əsaslığını yoxlayır.

Müraciətdə göstərilən dövlət əmlakının, o cümlədən ümumi istifadə obyektlərinin bələdiyyə mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdursa, Azərbaycan Respublikasının əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 10 gün ərzində müvafiq akt tərtib edilir.

Bu əsasnamə ilə nəzərdə tutulmuş qaydada bələdiyyə mülkiyyətinə verilən daşınmaz dövlət əmlakı üzərində bələdiyyənin mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.

Beləliklə, qısa və lakonik şəkildə yazılmış qanun və əsasnamənin icrasını təmin etmək və bələdiyyələri heç olmasa inzibati bina ilə təmin etmək əvəzinə onların əmlak məsələləri Dövlət Xidməti tərəfindən küncə dirənməsinə nə ad verək.  

Hər halda nəzərə alaq ki, xidmətin statusunun son iyirmi ildə Prezident sərəncamıyla dəfələrlə dəyişdirilməsinin, xüsusən də nazirlik statusunda olan qurumun bu gün xidmət səviyyəsinə endirilməsinin əsas səbəbini yəqin ki, xidmətdə çalışanlar yaxşı bilir və bilməlidir. Ehtimal etmək olar ki, əmlak məsələləri Dövlət Xidməti çıxışlarında bu strukrutun fəlsəfəsini açıqlayan Ulu Öndərin təşəbbüsü və dəstəyi ilə yaradılan bir orqanın fəaliyyətinə əngəl yox, əksinə dəstək verməklə bələdiyyələrin cəmiyyətdə hörmət və nüfuzunun artmasına şərait yaratmış olacaqlar.

Son olaraq əlavə edim ki, 15 min üzvü və 6 min nəfərə yaxın bələdiyyə qulluqçusu olan bir sistem daim Azərbaycanımızın inkişafına dəstək verməklə, bu qədər çətinlik və problemlərlə üz-üzə qalsalar da xalqın xidmətçisi kimi fəaliyyətlərindən məmnundurlar.

Gəlin bu məmnunluğu daha da artıraq...

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri

ŞƏRHLƏR