Bu günlərdə əmlak Məsələləri Dövlət Xidməti şirvan şəhərində zona müşavirəsi keçirib. şirvan, Saatlı, Sabirabad, Neftçala, Salyan və Hacıqabul rayonlarının icra hakimiyyəti başçıları və rayon bələdiyyə sədrləri müşavirədə iştirak ediblər. Müşavirədə qeyd edilib ki, altı rayon üzrə ümumilikdə 776 642 hektar ərazinin hazırda 433 554 hektarında torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb.
Tədbirdə o da vurğulanıb ki, 2020-2022-ci illər ərzində adıçəkilən rayonlarda əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq qanunvericiliyinin pozulması ilə bağlı 525 hal aşkar edilərək sənədləşdirilib. Bu dövrdə rayonlarda torpaq qanunvericiliyi sahəsində yol verdikləri pozuntu hallarına dair müvafiq torpaq istifadəçiləri ilə bağlı 487 inzibati protokol tərtib edilib, 210 min manat məbləğində cərimə tətbiq olunub. Bu fikirləri adıçəkilən qurumun mətbuat üçün yaydığı məlumatdan götürülüb.
Etiraf edim ki, əmlak Məsələləri Dövlət Xidmətinin problem yaratdıqları orqanlarla birbaşa canlı görüşə maraq göstərməsini müsbət dəyərləndirirəm. Ancaq təəssüf edirəm ki, müşavirədə heç bir bələdiyyə sədrinə çıxış üçün nə söz verilib, nə də imkan yaradılıb. Yaxşı onda sual olunur, tədbirin əsas qayəsi nədən ibarət olub? Zona müşavirəsini dövlət xidmət hansı məqsədlə keçirib?
Qeyd edilir ki, 776.642 hektar ərazinin hazırda 433.554 hektarında torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb. Hər halda ortada pis-yaxşı iş görülüb. Lakin sual olunur qalan 343.088 hektar ərazinin taleyi necə olacaq? Bu proses bələdiyyələrə xəritələrin verilməsi kimi illərlə vaxt aparmayacaqki? Ümumiyyətlə, kadastr məlumat bazasının yaradılması bələdiyyələrə nə verəcək?
Müşavirədə iştirakçıların hər hansı bir probleminin həlliylə bağlı addım atılmayıbsa, üstəlik bələdiyyələrə yaradılan problemin heç olmasa birinin həllinə toxunulmayıbsa, o cümlədən münasibət bildirilməyibsə, qəbul etdikləri sədrlərə isə “gəlin Bakıda aydınlıq gətirərik” deyilbsə, onda tədbirin “fiksə” xatirinə keçirildiyini ehtimal etmək olar.
Hər zaman söylədiyimiz kimi, bizim fikrimiz aydın və konkretdir. Yəni daim bələdiyyələri ciddi problemlərlə üz-üzə qoyan bir mərkəzi icra orqanı bu cür müşavirələrə ayırdığı vaxtı səmərəli şəkildə istifadə etməli idi. Yəni həm icra başçılarına, həm də bələdiyyə sədrlərinə xidmətin tərtib etdikləri hansısa prokollardan çox, əksinə bələdiyyələrə mülkyyətə əmlakın və torpağın verilməsi prosesinin nə vaxt başa çatdıracaqlarını söyləsəydilər, düşünürəm ki, məqsəduyğun olardı. Üstəlik, kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə verərkən bəzi icra hakimiyyəti rəsmilərinin bələdiyyələrin fəaliyyətinə haqsız müdaxilələrinə aydınlıq gətirilsəyidi daha yaxşı olardı. Bu gün məhz bəzi icra hakimiyyəti rəsmiləri bələdiyyələrdən icarəyə verdikləri kənd təsərrüfatı təyinatlı torpaqlara görə icra hakimiyyətinin əvvəlcədən rəsmi şəkildə məlumatlandırmaq tələbinin qanunsuz olması məhz belə məsul tədbirdə deyilməliydi. Bəzi icra hakimiyyəti orqanlarının bu cür yersiz müdaxilələri bələdiyyənin də fəaliyyətini iflic vəziyyətə gətirdiyini unutmamalıyıq. Məhz bu tədbirdə izah verilsəydi, icra hakimiyyətlərinin rəsmiləri də bilərdilər ki, Qanunvericilik qaydasında bələdiyyə kənd təsərrüfatı təyinatlı torpağı icarəyə verərkən ona yalnız əmlak Məsələləri Dövlət Xidmətinin rəyi tələb olunur. Ola bilsin ki, bu qanun 2001-ci ildə qəbul edildiyindən indiki məmurların bundan xəbərləri yoxdur. Fikrimcə, siyasi rəhbərlərin “qulağını belə qanunsuz və mənasız fikirlərlə” dolduran məmurlar arada qanunvericiliyin səhifələrini vərəqləsəydilər yaxşı olardı.
Bununla yanaşı belə bir məsuliyyətli tədbirdə bütün diqqətin torpaq sahələrinin satışı ilə bağlı bələdiyyə sədrlərinin dövlət xidmətinin yerlərdəki idarə və şöbələrini qapa-qapı gəzməklərinin əvəzinə prosesin bir pəncərə sisteminin tətbiqiylə bağlı yerlərdən bilavasitə təkliflərin alınmasına yönədliməsi, fikrimcə, daha səmərəli olardı.
Beləliklə, biz bu tədbrin çəkisini azaltmaq firkində deyilik. Sadəcə tövsiyə edirik ki, növbəti tədbirlərdə rəqəmləri elan etmək və ya hansısa cərimələrin tətbiqylə yanaşı, müşavirələrdə yuxarıda qaldırılan məsələlərə də toxunulsun. Belə olan halda həm sakinlərin narazılıqları azalar, həm də problemlərin həlli sürətlənmiş olar.
Vüqar Tofiqli
“Bələdiyyələri fəaliyyətinin təbliği” ictimai birliyinin sədri